Yasamal rayonunda möhtəşəm Novruz şənliyi

Novruz xalqımızın uzaq keçmişi ilə bağlı bayramlardan biridir. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpaqla insana məhəbbət bayramıdır. Bu gözəl el bayramının özünəməxsus adətləri, etiqad və mərasimləri var. Dünən Yasamal rayonunda böyük təntənə illə qeyd edilən Novruz el şənliyində bir daha bunun şahidi olduq.

Yasamal parkında keçirilən Novruz şənliyində rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov  idarə və müəssisə rəhbərləri ilə birlikdə şənlik iştirakçılarına qoşulur. Respublikamızın tanınmış mədəniyyət və incəsənət xadimlərinin  ifa etdkləri şən mahnılar ətrafı bürüyür. Parkın bir tərəfində Novruz bayramının nemətləri hazırlanır və isti-isti iştirakçılara paylanılır.

 Bir azdan Dədə Qorqud meydana daxil olur və bayrama toplaşanları salamlayır, onlara xoş ovqat, bir-birindən xoş əhval-ruhiyyəli günlər arzulayır. Dədə Qorqud  xalqımızın adət-ənənələrindən söhbət açır, Novruz bayramının ən əziz milli bayramlarımızdan biri olduğunu deyir. Novruz – dostluq, ünsiyyət və yenilik bayramıdır. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə təcəssüm etdirən bu bayram insanlar arasında birliyin və mehribançılığın möhkəmləndirilməsi, onların bir-birinə qayğı və diqqət göstərməsi üçün daim gözəl zəmin yaratmışdır.  Novruz həmişə barışıq, ülfət və səmimiyyət bayramı olmuşdur .

Meydanda uca səslə bildirilir ki, Novruz bayramının özünəməxsus adət və ənənələri birlik, bərabərlik, keçmişə ehtiram və gələcəyə inam hissləri aşılayır. Azərbaycan xalqı tarixən bəşəriyyətin yaranışı, təbiətin oyanışı barədə zəngin dəyərlər sistemi yaradaraq onu Novruz mərasimlərində ümumiləşdirmişdir.

 Bu gün ölkəmizin hər yerində olduğu kimi, Yasamal rayonunda da  baharın gəlişi, Novruz bayramı  xoş arzularla qarşılanır. Novruz bayramı böyük el şənlikləri ilə qeyd olunur, xalq yaradıcılığı günləri, folklor nümunələri, milli adət-ənələrimiz nümayiş etdirilir. Yasamal parkında olduğu kimi.

Rayon ərazisindəki 23 orta ümumtəhsil, 2 yaradıcılıq, 4 orta ixtisas məktəblərinin şagirdlərinin,  1 və 2 nömrəli tibb kolleclərinin tələbələrinin milli adət-ənələrimizi əks etdirən ifaları böyük rəğbətlə qarşılanır. 20 nömrəli məktəbin şagirdlərinin hazırladığı “Novruz ədəbi kompozisiyası” alqışlarla qarşılanır.

Parkda rayon məktəblilərinin  iştirakı ilə təşkil olunmuş sərgi və tamaşalar böyük rəğbətlə qarşılanır. Rayon icra hakimiyətinin başçısı, həmçinin idarə və müəssisə rəhbərləri məktəblilərin təşkil etdikləri sərgilərin hər biri ilə ayrı-ayrılıqda tanış olur, onların ifalarını dinləyir,  idmançıların akrobatik hərəkərlərinə, məharətlərinə tamaşa edir, şagirdləri bu qabiliyyətlərinə görə təbrik edir, onlara daha yüksək nailiyyətlər arzulayırlar.

Rayon idmançıları, həmçinin kəndirbazlar da öz məharətlərini nümayiş etdirirlər. Bayram iştirakçıları da etiraf edirlər ki, rayonda indiyə qədər belə bir möhtəşəm Novruz bayramı görməyiblər. Bayram iştirakçıları arasında ziyalılar, zəhmət adamları, ahıllar, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri də var. Onlardan biri də rayon ziyalılar cəmiyyətinin sədri, professor Rasim Nəbiyevdir. O, bu vaxta qədər Novruz bayramının belə təmtəraqlı keçirildiyinin şahidi olmadığını deyir:

– Builki Novruz şənlikləri əvvəlki illərdə keçirilənlərdən çox fərqlənir. Bu  gün keçirilən bayram möhtəşəmliyinə görə uzun müddət xatirələrdə qalacaq. Sovet hakimiyyəti dövründə biz milli bayramımızı istədiyimiz səviyyədə keçirə bilmirdik. Buna imkan vermirdilər. Artıq Azərbaycan müstəqil dövlətdir. Bu müstəqillik bizə öz bayramlarımızı, adət-ənənələrimizi istədiyimiz səviyyədə keçirməyə imkan verir. Müstəqilliyimizin ən böyük neməti bax, budur. Bu gün xalq öz milli bayramını böyük təntənə ilə qeyd edir. Bu imkanı bizə ulu öndər  Heydər Əliyev bəxş edib. Ümummilli liderin siyasi kursunun layiqincə davam etdirilməsi adət-ənələrimizin qorunub saxlanılması milli bayramlarımızın istədiyimiz səviyyədə keçirilməsinə əlverişli şərait yaradıb. Bu gün Yasamal parkında keçirilən Novruz şənliyi bunun bariz nümunəsidir. Bayram şənliyinə qatılanlara Novruz sovqatı paylanılır, onlara isti xörəklər verilir, tanınmış incənət xadimlərinin ifasında şən mahnılar səsləndirilir, milli paltar geyinmiş oğlan və qızlar rəqs edirlər. Bunların hamısı təmənnasızdır. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş qüdrətli dövlətdir.

Şənlik davam edir, bayram əhval-ruhiyyəsi getdikcə, daha da coşur. Musiqi sədaları, ifaçının səsi ətrafa yayılır.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında