Məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyasında böyük sevinclə iştirak edirlər

Xətai rayonundakı Heydər Parkı sübh çağından 2018-ci ilin bahar libasını “geyinmişdi”. Dünəndən yağan yağış kəsmiş, üfüqdən boylanan Günəş də sanki yazın gəlişindən müjdə verirdi. Qara zurnanın “Yallı” və “Cəngi” sədaları ətrafdakıları meydana səsləməyə başladı. Əllərində Novruz xonçası, səməni tutmuş milli geyimli qızlar sanki baharın bütün gözəlliyini, təravətini bura çəkib gətirməyə tələsirdilər. Saat yeddini yenicə adlasa da parka əsl bayram ovqatı yaşayan çoxlu insan toplaşmışdı.

Bu gün Xətai rayon məktəblərinin əlaçı və nümunəvi şagirdlərindən bir qrupu tətil günlərində “Ölkəmizi tanıyaq” növbəti maarifləndirici tur-aksiyası çərçivəsində ulularımızın qədim yurd yerlərindən biri olan Naxçıvana yola düşürdü. Bir azdan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, icra hakimiyyəti aparatının kollektivi də meydana toplaşanlara qoşuldular.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsini ehtiramla ziyarət edib, qarşısına gül dəstələri qoydular. Səfər öncəsi məktəblilərə uğurlar arzulayan icra başçısı Razim Məmmədov bildirdi ki, bu, Bakı məktəblilərinin “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində həyata keçirilən 13-cü tədbirdir. Məktəblilərimiz bu səfərdə, yaşı əsrlərlə ölçülən, ümummilli liderimiz Heydər Əliyevin doğma diyarı qədim Naxçıvanda olacaq, Vətənimizin bu gözəl guşəsinin maddi-mədəniyyət nümunələri, tarixi keçmişimizdən soraq verən abidələri, adət -ənənələri ilə, bu bölgədəki sosial –iqtisadi uğurlarımızla tanış olacaqlar.

R.Məmmədov qeyd etdi ki, bilavasitə dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən bu aksiya bütün ölkə məktəblilərinə doğma Azərbaycanın hər bir guşəsini gəzmək, yaxından görmək və tanımaq üçün çox böyük imkanlar yaradır. Vətəni tanımadan, onun tarixi keçmişini, mədəniyyətini, adət-ənənələrini bilmədən onu sevmək olmaz. Sizin hər biriniz müstəqil Azərbaycanın gələcək qurucularısınız. Ona görə də bu ölkəni bütün dəyərləri ilə dərindən öyrənməli, görməli və sevməlisiniz ki, onun sosial-iqtisadi, elmi inkişafına, mədəniyyətinin, tarixinin qorunmasına töhfələr verə biləsiniz. Ən əsası isə, Vətən dediyimiz bu müqəddəs varlığımızı göz bəbəyi kimi qoruyasınız.

Milli Məclisin deputatı Hüseynbala Mirələmov də məktəbli gənclərə öz tövsiyələrini verərək qeyd etdi ki, Azərbaycan dövlətinin gənclərə və yeniyetmələrə yaratdığı bu şəraitdən yetərincə faydalanın, Vətən haqqında bilgilərinizi artırın və unutmayın ki, gəzdiyiniz hər qarış torpaq babalarımızın bizə müqəddəs əmanətidir. Zaman gələcək siz bu günü ən xoş xatirə kimi yada salacaqsınız. Çünki siz bu gün bəşər tarixinin yetişdirdiyi çox nadir dühalardan biri, əsrimizin fenomen siyasətçisi, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ayaq tutub yeridiyi torpağa qədəm basacaq, onun yaşadığı və böyüdüyü evi, təhsil aldığı məktəbi, onun həyat və fəaliyyətinin izi hopmuş dəyərli eksponatların toplandığı muzeyi ziyarət edəcəksiniz.

Sonra məlumat verildi ki, məktəblilər Naxçıvan şəhərinə üç günlük səfər çərçivəsində xalqımızın qədim yurd yerinin tarixi – memarlıq abidələri olan Gəmiqaya, Fərhad evi, Əshabi-Kəhf, Yusif ibn Küseyr, Möminə xatun, Gülüstan, Xanəgah türbələri, Qazançı körpüsü, Naxçıvan Cümə məscidi, Qeysəriyyə, Şərq hamamı, Naxçıvan buzxanası, ulu öndər Heydər Əliyevin ev muzeyi, müstəqillik illərindən başlayaraq, bu günə qədər Muxtar respublikada aparılan quruculuq işləri ilə yaxından tanış olacaqlar.

Novruzun əbədi rəmzi olan tonqal yandırılandan sonra rayonun incəsənət ustalarının hazırladıqları qısa konsert proqramının nümayişi ilə məktəbliləri səfərə yola saldılar. Milli geyimdə olan rəqqaslar həmrəylik və birlik nümayiş etdirən “Yallı” getdilər və Naxçıvana yola düşməyə hazırlaşan məktəbliləri də meydana çəkdilər.

Yolasalma mərasiminin təntənəsi Heydər Əliyev aeroportunda daha da böyüdü. Xətai rayonundan səfərə çıxan 27 məktəbli hava limanındaca Bakının Səbail, Nəsimi, Qaradağ, Binəqədi və Yasamal rayonundan olan məktəblilərə qoşuldular. Çal-çağıra, məktəblilərin milli rəqslərinə Bakıda səfərdə olan turistlər və qonaqlar da böyük maraqla tamaşa edirdilər.

Günün ikinci yarısında isə eyni tur-aksiya çərçivəsində 120-dən yuxarı məktəbli üçgünlük paytaxt Bakıya qonaq gəlirdilər. Məktəbliləri qarşılamağa müvafiq rayonların ümumtəhsil məktəblərinin nümayəndələri və şagirdləri də gəlmişdilər. Naxçıvandan gələn təyyarənin bir neçə dəqiqədən sonra hava limanına enəcəyini elan etdilər. Qonaqların qarşılanma təntənəsi də eyni coşqu ilə start götürdü.

Milli geyimdə olan məktəbli qızlar Naxçıvandan gələn yaşıdlarını bayram xonçaları ilə qarşıladılar. Novruzun “qəhrəmanları” – Bahar qızı, Keçəl və Kosa meydana çıxdılar. Ruhu coşduran “Cəngi” meydanı qızışdırandan sonra qonaqlar da qol-qola girib “Yallı”nın havasında doğmalaşdılar. Beləcə, eyni bir gündə Azərbaycanın böyük bir məktəbli qrupu Naxçıvanı görüb sevməyə, başqa məktəbli qrupu isə Bakının cazibəsinə düşüb onun sevgisini yaşamağa tələsdi.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında