Milli Kitabxanada Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş "Xocalı - şəhid şəhər" adlı kitab sərgisinin açılışı, Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlamış "Xocalı" adlı elektron məlumat bazasının, habelə hüquqi sənədlərdən ibarət "Soyqırım cinayəti" və S.Məmmədovun "Xocalı soyqırımı" kitablarının təqdimat mərasimi keçirilmişdir.
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, Xocalı soyqırımının bəşər tarixində misli görünməmiş qanlı aksiya və erməni vəhşiliyini sübut edən bir cinayət hadisəsi olduğunu bildirdi. O qeyd etdi ki, artıq neçə vaxtdır həm respublikamızda, həm də dünyanın əksər ölkələrində Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım mərasimləri keçirilir. Bu mərasimlərdə Azərbaycanın görkəmli ziyalılarının, alimlərinin, millət vəkillərinin, Xocalı hadisələrinin şahidlərinin iştirak etdiklərini də diqqətə çatdırdı. K.Tahirov bu tədbirin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə keçirildiyini də bildirdi.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Xocalı müsibətlərini, o ağrılı günləri bir daha yada saldı və bu soyqırımın heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini vurğuladı. Bu soyqırım hadisəsinin ilk əvvəl o zamankı Azərbaycan rəhbərliyi tərəfindən xalqdan gizlədildiyini, hətta, belə bir vəhşiliyin törədilmədiyini car çəkdiklərini diqqətə çatdırdı. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı hadisələri araşdırılmağa başlandı və bu hadisələrə hüquqi və siyasi qiymət verilməsi istiqamətində tədbirlər həyata keçirildi. Nəhayət, 1994-ci ildə Azərbaycan Prezidentinin bu barədə ilk fərmanı oldu, sonra isə ulu öndər Xocalı soyqırımı ilə əlaqədar bir dəqiqəlik sükut elan olunması barədə 1997-ci ildə sərəncam verdi. V.Əliyev qeyd etdi ki, bu gün ölkəmizin Prezidenti cənab İlham Əliyev də bu siyasəti davam etdirir, Xocalı soyqırımının ildönümlərində xalqa müraciət edərək, bu hadisə qurbanlarının qanının yerdə qalmayacağını və tezliklə Xocalının azad ediləcəyini bildirir. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın iki ildən bəri bütün dünyada həyata keçirdiyi "Xocalıya ədalət" kampaniyası seriyasından tədbirlər nəticəsində artıq dünyanın əksər ölkələrində Xocalı hadisələrinin bir soyqırım cinayəti olduğu diqqətə çatdırılır. Sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış "Xocalı" adlı elektron məlumat bazasının təqdimatı keçirildi. Təqdimatı keçirən kitabxananın direktoru tədbir iştirakçılarına bildirdi ki, artıq 6 ildir ki, hər ilin bu günü Milli Kitabxana öz saytında "Xocalı soyqırımı" mövzusunda şəkillər və materiallar yerləşdirərək bütün dünyaya yayımlayır. Bu il isə bütöv bir elektron məlumat bazası yaradaraq bütün dünya oxucularına çatdırmağı qərara aldıq və iştirakçılara təqdim olunan məlumat bazasına "Soyqırım", "Xocalı rayonu", "Ermənilər tərəfindən dağıdılmış abidələr", "Hadisələrin şahidlərinin söylədikləri", "Kitablar", "Məqalələr", "Ermənilərdən etiraflar", "Xocalı qətliamı" bölmələri yerləşdirilmişdir ki, artıq neçə gündür ki, dünya oxucuları bu bazadan istifadə edirlər.
Sonra söz Xocalı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyevə verildi. O, öz çıxışında son zamanlar Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində məqsədyönlü və ardıcıl iş apardıqlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevaya, tez-tez belə tədbirləri keçirdiklərinə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə və nazir Əbülfəs Qarayevə, Milli Kitabxananın rəhbərliyinə bütün Xocalı ictimaiyyəti adından öz təşəkkürünü bildirdi. Xocalı faciəsinə dair Azərbaycan, rus və ingilis dillərində kitabları dünya milli kitabxanalarına göndərən Milli Kitabxananın bu fəaliyyətini təqdirəlayiq hal kimi qiymətləndirdi.
Daha sonra çıxış edən Bakı Slavyan Universitetinin müəllimi, tarix elmləri namizədi Əsgər Əhməd, Şuşa rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zahid Abbasov, AMEA-nın Tarix İnstitutunun əməkdaşı, tarix elmləri namizədi Habil Həmidov, milli qəhrəman Ehtiram Əliyev 1992-ci ilin 25-26 fevral tarixində Ermənistan təcavüzkar ordusu tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı hərbi təcavüz edilməsi, yüzlərlə günahsız insanın qətlə yetirilməsindən ürək ağrısı ilə danışaraq Xocalı faciəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını vurğuladılar.
Tədbirdə təqdimatı keçirilən "Xocalı soyqırımı" kitabının müəllifi, Bakı Slavyan Universitetinin müəllimi, istefada olan polis polkovniki Sadir Məmmədov və "Soyqırım cinayəti" (Beynəlxalq aktlar, normativ sənədlər, müraciətlər və şərhlər toplusu) kitabının tərtibçisi Natiq Abdullayev də çıxış etdilər.
Sonda bütün iştirakçılar Milli Kitabxananın hazırladığı 200-dən artıq kitab, jurnal və qəzet materiallarını əks etdirən "Xocalı - şəhid şəhər" mövzusunda geniş kitab sərgisi ilə tanış oldular. Sərgidə nümayiş olunan yeni kitablar tədbir iştirakçılarının böyük marağına səbəb oldu.
{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.