Şriftin ölçüsü:
27.02.2011 05:00 | Oxunma sayı: 440
ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universitetində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunan anma mərasimi keçirilmişdir. Universitetin Türk Tələbə Assosiasiyası, Azərbaycan və Türkiyə icmaları təşkilatlarının birgə səyləri nəticəsində baş tutan tədbirdə Xocalı qırğınını əks etdirən fotosərgi və sənədli film nümayiş etdirilmişdir.
Mərasimdə ABŞ-ın Montana Universitetinin professoru, Xocalı faciəsini Azərbaycanda akkreditə olunmuş yeganə xarici jurnalist kimi işıqlandıran Tomas Qoltz, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin müşaviri Tofiq Musayev, Amerikanın Azərbaycan Cəmiyyətinin direktoru Cavid Hüseynov və Türk-Amerikan Assosiasiyaları Assambleyasının prezidenti Ergün Kırlıkovalı çıxış etmişlər. Natiqlər Xocalı qırğınının soyqırımı kimi qiymətləndirilməsinə əsas yaradan beynəlxalq hüquq bazasını nəzərdən keçirmiş, foto və video sənədlərə əsasən 1992-ci il fevralın 26-da Xocalıda baş verənləri təhlil etmiş, bəşəriyyətə qarşı cinayət olan ermənilərin etnik təmizləmə siyasətinin ifşasında Türkiyə və Azərbaycan icmalarının birgə səylərinin vacibliyindən danışmışlar.
Sonra Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev demişdir ki, son illər Xocalı faciəsi haqqında həqiqətlərin yerli və beynəlxalq səviyyədə yayılması istiqamətində Azərbaycan hakimiyyəti və diasporu çox işlər görmüşdür. Aparılan istintaq nəticəsində ölkəmizin Hərbi Prokurorluğu tərəfindən Xocalı hadisələrinə görə məsuliyyət daşıyan 287 nəfərə qarşı ittihamlar irəli sürülmüşdür. Onlardan 239 nəfəri bəşəriyyətə qarşı cinayətlərdə, 48 nəfər qətl, banditizm və digər cinayətlərdə təqsirkar bilinirlər. İstintaq Xocalı qırğını nəticəsində şəhərə və sakinlərə 170 milyon ABŞ dolları məbləğində ziyan vurulduğunu müəyyən etmişdir. Həmçinin keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının şəxsi heyətinin Xocalı cinayətlərində rolu təsdiqlənmişdir. Toplanan materialların hamısı Azərbaycan Hərbi Prokurorluğu tərəfindən İnterpola təqdim edilmişdir.
Beynəlxalq səviyyədə isə "Xocalıya ədalət" kampaniyası son üç il ərzində məlumatlandırma və maarifləndirmə istiqamətində səyləri xeyli gücləndirmiş və əlaqələndirmişdir. Səfir Yaşar Əliyev vurğulamışdır ki, erməni silahlı qüvvələrinin Xocalı faciəsi zamanı həyata keçirdikləri amansız cinayətlər haqqında ABŞ ictimaiyyətini məlumatlandırmaq həmişə əsas məqsədlərdən biri olmuşdur. Bu səylər çoxsaylı erməni diasporu yaşayan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsində xüsusi əhəmiyyət kəsb edir. Diplomat diqqətə çatdırmışdır ki, son həftə ABŞ Konqresinin dörd üzvü Xocalı qırğınını qətiyyətlə pisləyən və qurbanlarının xatirəsini anan bəyanatlarla çıxış etmişdir. Corc Vaşinqton Universitetində keçirilən anma mərasiminin elanının nüfuzlu "Röyters" agentliyinin saytında və "Los-Anceles Tayms" qəzetində işıqlandırılması isə Xocalıya Amerikada artan ictimai diqqətdən xəbər verir. Azərbaycan səfiri bəyan etmişdir ki, ədalət bərqərar olunana qədər Xocalı faciəsi haqqında məlumatlandırma və maarifləndirmə səyləri davam etdiriləcəkdir.
Vaşinqtonda yaşayan Azərbaycan icmasının bir qrup fəalı Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında fevralın 25-də etiraz aksiyası keçirmişdir. Şəhərin mərkəzi DüPont dairəsində toplaşan həmvətənlərimiz Azərbaycanın dövlət bayraqları və Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən şüarlar qaldıraraq, xarici səfirliklər yerləşən mərkəzi küçə ilə Ermənistan səfirliyi istiqamətində yürüş etmişlər. Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan icma təşkilatlarının fəalları isə Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsini BMT-nin baş qərargahı və Ermənistanın BMT yanında daimi nümayəndəliyi qarşısında təşkil etdikləri etiraz aksiyalarında anmışlar. Həmvətənlərimiz "Ermənistan soyqırımında günahkardır" və "Ermənistan Xocalı şəhərini məhv etmişdir" kimi şüarlar qaldırmış, Xocalı faciəsini törədənlərin məsuliyyətə cəlb edilməsi və qurbanlarının xatirəsi naminə ədalətin bərpa edilməsinə çağırmışlar.
{nl}
Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.