Strasburq
Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyindən bildirmişlər ki, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Avropa Şurası (AŞ) yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə fevralın 25-də Strasburqdakı Avropa Parlamentlər Assosiasiyasının binasında ölkəmizin və türk diaspor təşkilatlarının, tələbələrimizin, yerli və xarici qurumların nümayəndələrinin iştirakı ilə XX əsrin ən dəhşətli faciələrindən biri - Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Tədbirdə, həmçinin bu məqsədlə Strasburqda səfərdə olan Azərbaycan nümayəndə heyəti - Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektor müdiri Qafar Əliyev, Milli Məclisin deputatı Fuad Muradov, Azərbaycanlılar və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov və "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi idarə heyətinin üzvü, Xocalı faciəsinin şahidi Cavid Əliyev, Avropa Azərbaycan Türkləri Federasiyasının baş katibi Abbas Bozyel iştirak etmişlər.
Mərasim iştirakçıları erməni vəhşiliyinin qurbanı olmuş xocalılıların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Mərasimə toplaşanlara Xocalı soyqırımının, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə dair Heydər Əliyev Fondu tərəfindən müxtəlif dillərdə nəşr edilmiş əyani və videomateriallar təqdim olunmuş, ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər haqqında ətraflı məlumat verilmişdir.
Tədbir boyu Xocalı soyqırımına dair fotostend və "Trend" informasiya agentliyi tərəfindən çəkilmiş "Sözün bitdiyi zaman" filmi nümayiş etdirilmişdir.
Bundan əlavə, mərasim iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən irəli sürülmüş "Xocalıya ədalət" beynəlxalq kampaniya haqqında məlumat verilmişdir.
Mərasimdə daimi nümayəndəliyin rəhbəri səfir Arif Məmmədov ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı, bəşər tarixinin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsinin əsl mahiyyəti barədə danışmış, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətləri, o cümlədən Xocalı faciəsi haqqında dünya ictimaiyyətinə ətraflı və düzgün məlumat vermək sahəsində apardığı işləri diqqətə çatdırmışdır. Eyni zamanda, bu sahədə Azərbaycan diasporunun xüsusi rolunu qeyd edən səfir, bundan sonra da təbliğat prosesində həmrəylik göstərməyin vacibliyini vurğulamışdır. A.Məmmədov Xocalı soyqırımı ilə bağlı geniş məlumatların yerli və elektron KİV-lərdə yerləşdirilməsinin təcavüzkar ermənilərin əsl simaları barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, Xocalı faciəsinin dünya ölkələri tərəfindən soyqırımı kimi tanınması istiqamətində işlərin görülməsinin vacibliyini vurğulamışdır. Sonda səfir Xocalı faciəsini törədənlərin tezlikə layiqli cəzalarını alacaqlarına və haqq-ədalətin öz yerini tutacağına ümidvar olduğunu bəyan etmişdir.
Tədbirdə Milli Məclisin deputatı Fuad Muradov və Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev Azərbaycan hökumətinin bu məsələni daim gündəmdə saxladığını, beynəlxalq ictimaiyyətin bu hadisələrə düzgün və obyektiv qiymət verməsi istiqamətində ciddi iş apardığını bildirmişlər. Onlar bu işdə xaricdə təhsil alan azərbaycanlı tələbələrin də əhəmiyyətli rol oynaya biləcəklərini diqqətə çəkərək qeyd etmişlər ki, bu gün Azərbaycanın qarşısında duran əsas məsələ torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpasıdır.
Strasburqdakı "Azərbaycan evi"nin sədri Mustafa Alınca Xocalı soyqırımında əli qana batanların indiyədək cəzasız qaldıqlarına toxunmuş və faciəni törədənlərin beynəlxalq məhkəmə tərəfindən məsuliyyətə cəlb edilməsi istiqamətində konkret addımların atılması vaxtının çatdığını bildirmişdir.
Qanlı faciə ilə bağlı nümayəndəliyin hazırladığı mətbuat açıqlamaları Avropa Şurası Katibliyi, üzv ölkələrin nümayəndəlikləri və Strasburqda fəaliyyət göstərən konsulluqlar arasında paylanmışdır.
Məlumatda bildirilir ki, Xocalı faciəsinə dair həqiqətləri Fransa ictimaiyyətinə çatdırmaq məqsədi ilə daimi nümayəndəlik tərəfindən "Elzasın son xəbərləri" qəzetində Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş məqalə çap edilmişdir.
Mərasimin sonunda ehsan verilmişdir.
{nl}
Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris
{nl}
Berlin
Fevralın 26-da Berlinin mərkəzi meydanlarından biri olan Braytşaydplatzda yerləşən Sınıq Kilsənin qarşısında Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar nümayiş keçirilmişdir.
Berlində fəaliyyət göstərən Azərbaycan Evi, Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi tərəfindən təşkil olunmuş nümayişdə Xocalı faciəsi ilə bağlı fotomateriallardan, "Xocalıya ədalət" kampaniyasının şüarlarından istifadə olunmuşdur, faciə ilə bağlı məlumatlar paylanmış, soyqırıma dünya birliyi tərəfindən siyasi-hüquqi qiymət verilməsinə dair bəyanat oxunmuşdur.
Nümayişdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, Almaniyada yaşayan Azərbaycan, türk və yəhudi diaspor təşkilatlarının nümayəndələri iştirak etmişlər.
{nl}
Ankara
Azərbaycanın Türkiyədəki səfirliyinin Xocalı soyqırımının 19-cu ildönümü münasibətilə təşkil etdiyi silsilə xatirə tədbirləri çərçivəsində səfirlik, Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi və Türkiyənin nüfuzlu beyin mərkəzlərindən biri olan Beynəlxalq Strateji Araşdırmalar Qurumu (USAK) geniş tərkibli elmi konfrans keçirmişlər. Konfransda professor Cəmil Həsənli, Milli Məclisin deputatları Qənirə Paşayeva və Elman Məmmədov, Türkiyə Xarici İşlər Nazirliyi Orta Asiya və Qafqaz Baş Departamentinin rəisi Əhməd Dəmirər, Qafqaz departamentinin rəisi Nurdan Bayraktar və nazirliyin digər yüksək vəzifəli rəsmiləri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, TÜRKSOY-un, Türkiyənin müxtəlif beyin mərkəzlərinin nümayəndələri, elm adamları, tələbələr və KİV nümayəndələri iştirak etmişlər.
İki sessiyadan ibarət konfransda əcnəbi iştirakçıların olması nəzərə alınaraq səfirlik tərəfindən ingilis dilinə sinxron tərcümə xidmətinin fəaliyyəti təmin olunmuşdur.
Birinci sessiyanı USAK-ın Cənubi Qafqaz və Xəzər üzrə mütəxəssisi Güner Özkan aparmışdır. Açılış nitqini səfir Faiq Bağırov etdikdən sonra professor Cəmil Həsənli Azərbaycanın xarici siyasət tarixindən, Qənirə Paşayeva Azərbaycanın təhlükəsizlik problemi və Ermənistan ilə əlaqələrinin tarixindən, Elman Məmmədov canlı şahid kimi Dağlıq Qarabağ problemi və Xocalı soyqırımından bəhs etmişlər.
Heydər Əliyev Fondunun Türkiyədəki nümayəndəsi Samir Cəfərov Xocalı soyqırımını geosiyasi nöqteyi-nəzərdən əsaslandırmışdır.
Birinci sessiyanın sonunda sual-cavab mərhələsində maraqlı və səmərəli müzakirələr aparılmışdır.
İkinci sessiyanı USAK-ın Orta Asiya departamentinin sədri Mustafa Turqut Dəmirtəpə aparmışdır. Bu sessiyada ilk söz USAK sədrinin müavini, professor Kamer Kasıma verilmişdir. O, öz çıxışında Azərbaycan-Türkiyə əlaqələri və Ermənistan ilə imzalanmış protokollardan ətraflı söz açmışdır.
Sonra çıxış edən Uludağ Universitetinin professoru Tayyar Arı Azərbaycan-Türkiyə əlaqələrinin strateji əhəmiyyətindən və regional sülhün bərpası üçün bu iki ölkənin müştərək fəaliyyətinin zəruriliyindən bəhs etmişdir.
Uludağ Universitetinin dosenti Barış Özdal Dağlıq Qarabağ problemi və Azərbaycanın işğal altındakı rayonlarından, eləcə də sözügedən problemin həlli prosesindən geniş şəkildə danışmışdır.
Konfrans çərçivəsində Xocalı soyqırımını əks etdirən rəsmlərdən ibarət sərgi təşkil olunmuşdur. Bundan başqa, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müəllifi olduğu "Azərbaycan-qloballaşmanın tələbləri", Qənirə Paşayevanın və Həvva Məmmədovanın türk dilində nəşr olunmuş "Xocalı soyqırımı: şahidlərin dili ilə", professor Aygün Attarın "Qarabağ problemi çərçivəsində ermənilər və erməni siyasəti" kitabları, Xocalı soyqırımı ilə bağlı DVD və broşürlər tədbir iştirakçılarına paylanmışdır.
{nl}
Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
{nl}
Ankara
Sankt-Peterburq
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən bildirmişlər ki, fevralın 25-də Sankt-Peterburqun M.Qorki adına Mədəniyyət Evində Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi və baş konsulluğun birgə təşkilatçılığı ilə XX əsrin ən qanlı faciəsi olan Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş "Xocalıya ədalət" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
600-dən çox soydaşımızın qatıldığı konfransda Sankt-Peterburq ictimaiyyətinin nümayəndələri, bir sıra ali təhsil ocaqlarının müəllimləri, nüfuzlu iş adamları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə tanınmış yazıçı, professor Yuri Pompeyevin şəxsi xatirələri əsasında yazılmış "Qarabağ gündəliyi" və Robert Arakelovun "Erməni ziyalısının etirafı" kitablarının təqdimatı keçirilmişdir. Xocalıda törədilmiş vəhşilikləri əks etdirən fotosərgi nümayiş olunmuş, tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Qarabağ həqiqətləri" məlumat toplusu təqdim edilmişdir.
Konfransı giriş sözü ilə açan baş konsul Qüdsi Osmanov Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın irəli sürdüyü "Xocalıya ədalət" beynəlxalq kampaniyası barədə ətraflı məlumat vermiş və hazırda kampaniyanın geniş vüsət aldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Baş konsul nüfuzlu İslam Konfransı Təşkilatının Parlament İttifaqı tərəfindən qəbul olunmuş qətnamə barədə məlumat verdikdən sonra gəncləri "Xocalıya ədalət" kampaniyasında fəal iştirak etməyə çağırmışdır.
Tədbirin təşkilatçılarından biri olan, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyini təmsil edən Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin aspirantı Natiq Əliyev çıxışında fondun nümayəndəliyi tərəfindən "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülən işlər barədə geniş məlumat vermişdir.
MDB Parlamentlərarası Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndəsi Aydın Cəfərov Xocalıda törədilmiş cinayət barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bütün imkanlardan istifadə olunacağını, soydaşlarımızın, xüsusilə də tələbələrimizin və gənclərimizin Azərbaycan tarixindəki bu qanlı səhifəni heç zaman unutmayacağına əmin olduğunu bildirmişdir. Tədbirdə iştirak edən nüfuzlu iş adamları çıxışlarında Xocalı faciəsinin mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bütün vasitələrdən istifadə olunmasının vacibliyini vurğulamışlar.
Konfransda yenilənmiş justiceforkhojaly.org saytının təqdimatı keçirilmişdir. İştirakçılara saytdan istifadə qaydaları barədə geniş məlumat verilmişdir.
Tədbirdə Xocalıda törədilmiş cinayətə hüquqi qiymət verilməsi məqsədi ilə nüfuzlu beynəlxalq qurumlara ünvanlanmış Bəyannamə qəbul olunmuşdur.
{nl}
London
Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmişdir.
Fevralın 23-də York Universitetində səfirliyin və York-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Cənubi Qafqazda münaqişələr" mövzusunda ictimai mühazirə təşkil olunmuşdur. Universitetdə təhsil alan azərbaycanlı və xarici tələbələrin iştirak etdiyi tədbirdə cəmiyyətin sədri Ramin Həkimov Xocalı faciəsinin tarixi, silahsız insanlara qarşı erməni hərbi birləşmələri tərəfindən törədilmiş zorakılıq, eləcə də faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası haqqında ətraflı məlumat vermişdir.
Fevralın 24-də isə Böyük Britaniya Parlamentinin Lordlar Palatasında səfirliyin və Avropa-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Parlamentin üzvlərinin, səfirliyin əməkdaşlarının, Qafqaz regionu üzrə tədqiqatçıların, Azərbaycan və türk icmalarının nümayəndələrinin, Birləşmiş Krallıqda təhsil alan azərbaycanlı tələbələrin qatıldığı tədbirdə Lord Layard Xocalı faciəsi haqqında ətraflı məlumat vermişdir.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov da çıxışında faciəni ötən əsrdə baş vermiş ən qanlı hadisələrdən biri kimi qiymətləndirmişdir. Diplomat bildirmişdir ki, erməni hərbi birləşmələri tərəfindən törədilmiş qətliam nəticəsində 613 mülki vətəndaş qətlə yetirilmiş, minlərlə insan öz yurdundan didərgin salınmışdır.
Kanadalı tədqiqatçı, hərbi jurnalist, "Barışmaz ziddiyyətlər: Türkiyə, Ermənistan, Azərbaycan" kitabının müəllifi Skot Teylor Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionuna səfərlərini xatırlatmış, Xocalıda baş verənləri insanlığa qarşı cinayət adlandırmışdır. S.Teylor münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsinin yolverilməz olduğunu demişdir. O, faciə ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülmüş işləri yüksək qiymətləndirmişdir.
Avropa-Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov isə Xocalı faciəsinə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsinin zəruriliyini vurğulamışdır. Cəmiyyətin sədri "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülmüş işlər nəticəsində artıq dünyanın müxtəlif yerlərindən 124 min nəfərin bu aksiyaya qoşulduğunu demişdir.
Səfirliyin dəstəyi ilə, həmçinin Böyük Britaniyanın Kardif, Mançester və Danimarkanın Odense universitetlərində təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı ilə Xocalı faciəsi ilə bağlı müxtəlif aksiyalar keçirilmişdir.
Fevralın 25-də Londonun mərkəzi Trafalqar meydanında Böyük Britaniyanın müxtəlif şəhərlərində təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə dinc aksiya təşkil olunmuşdur. Üzərində Xocalı faciəsi və "Xocalıya ədalət" kampaniyası ilə bağlı şüarları əks etdirən köynəklər geyinən aksiya iştirakçıları tərəfindən faciə ilə bağlı broşür və kitabçalar şəhər ictimaiyyətinə paylanmışdır.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.