Azərbaycan və Argentina arasında gömrük sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdır

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Argentinaya rəsmi səfəri çərçivəsində bu ölkənin Federal Gəlirlər üzrə Dövlət Administrasiyasının (AFİP) rəhbəri Rikardo Eçeqarayla görüşmüşdür.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkənin gömrük xidmətlərinin fəaliyyəti barədə fikir mübadiləsi aparılmış və gömrük sahəsində əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Görüşdən sonra Argentinanın iqtisadi yönümlü dövlət qurumlarının, işgüzar dairələrinin, ticarət və sənaye palatalarının, iqtisadi, sənaye, istehsalçılar, həmkarlar ittifaqı birliklərinin və ölkənin aparıcı KİV-lərinin iştirakı ilə konfrans keçirilmişdir. Konfransda Aydın Əliyev, AFİP-in rəhbəri Rikardo Eçeqaray, Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə və AFİP-in Gömrük Baş Direktorluğunun rəhbəri Maria Siamora Ayeran çıxış etmişlər.
Sonra Aydın Əliyev və Rikardo Eçeqaray Azərbaycan Respublikası və Argentina Respublikası arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalamışlar.
Eyni zamanda, Buenos-Ayresdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin və Azərbaycanın Argentinadakı səfirliyinin birgə təşkilatçılığı ilə "Argentinada Azərbaycan gömrüyü günü" adlı tədbir keçirilmişdir. Tədbirdə Argentina hökumət və qanunvericilik orqanının, ölkədə akkreditə olunmuş diplomatik korpusun, təhsil, elmi tədqiqat mərkəzlərinin, universitetlərin, kitabxanaların, işgüzar dairələrin, mədəniyyət və incəsənət aləminin, KİV-lərin və Argentinadakı Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər.
Səfir M.Əhmədzadə ölkəmizin reallıqları və Argentina ilə əməkdaşlıq istiqamətləri barədə məlumat vermişdir. Sonra Aydın Əliyev Azərbaycan gömrük xidmətinin keçdiyi yol və Dövlət Gömrük Komitəsi tərəfindən müxtəlif ölkələrdə təşkil olunmuş tədbirlər barədə təqdimat xarakterli nitq söyləmişdir.
Çıxışlardan sonra Azərbaycan milli və klassik musiqisindən ibarət konsert olmuşdur.
Tədbir "Azərbaycan gömrüyü bəşəri dəyərlər prizmasından" adlı sərgi ilə davam etdirilmişdir. Aydın Əliyev və Rikardo Eçeqaray sərginin açılışını bildirən qırmızı lenti kəsmişlər. Qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhd göstərilmiş, lakin Dövlət Gömrük Komitəsi tərəfindən müsadirə olunmuş ən qiymətli tarixi əşyalar və müxtəlif dinlərə məxsus eksponatlar, Azərbaycan gömrük xidmətinin fəaliyyət tarixinə həsr olunmuş rəsm və incəsənət əsərləri, indiyə qədər müxtəlif ölkələrdə keçirilmiş müvafiq sərgilər barədə stendlər və filmlər sərgi iştirakçılarının marağına səbəb olmuşdur.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən nəşr edilmiş "Azərbaycan gömrüyü mədəni irsin keşiyində", "Azərbaycan gömrüyü tarixi təsviri sənətdə", "Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik", "Azərbaycan gömrük muzeyləri" adlı kitabların təqdimatı da keçirilmişdir.
Aydın Əliyev Argentinanın nüfuzlu "El Guardian", "La Revista Diplomatica" və "Agenda Diplomatica" jurnallarına müsahibələr vermiş, tədbir Argentina KİV-ləri tərəfindən geniş işıqlandırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında