“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi şəhid qadınlarını andı

İçərişəhərdə – “Art-Garden” salonunda “Regional Hüquqi və İqtisadi Maarifləndirmə ” İctimai Birliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə özünün ilk təqdimat tədbirini şəhid anaları, xanımları, onların qız övladları ilə birlikdə keçirdi. Tədbirdə dövlət rəsmiləri, Ombudsman, Milli Məclisin deputatları, ölkənin ictimai-siyasi xadimləri, ziyalılar, sənətçilər və KİV nümayəndələri iştirak edirdilər.

 İctimai birliyin sədri Arzu Bağırova xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, “şəhidlərimiz kimi, onların anaları, xanımları, övladları da bizim üçün çox dəyərlidirlər”, – dedi.

 Arzu Bağırova ölkəmizdə qadınlara yaradılan şəraitdən söz açdı: “Bu gün ölkəmizin bütün sahələrində qadınlarımızın fəallığının daha da artması düzgün qurulmuş dövlət siyasəti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qadınlara hər zaman verdiyi böyük dəstəklə birbaşa bağlıdır. Mehriban xanım ölkəmiz və millətimiz üçün gördüyü böyük işlərlə bütün qadınlarımıza ən gözəl örnəkdir.

 Ümummilli lider Heydər Əliyevin qadınların cəmiyyətdə rolunun genişləndirilməsi ilə bağlı siyasətinin bu gün də ölkəmizdə yüksək səviyyədə davam etdirilməsini qadınlarımız yüksək qiymətləndirirlər. Biz qadınlar qarşıdan gələn prezident seçkilərində layiqli namizədimizin ətrafında sıx birləşərək ölkəmizin gələcəyi naminə daha böyük inamla çalışacağıq”.

 Rəhbərlik etdiyi təşkilatın məqsəd və məramı ilə də bağlı geniş məlumat verən A.Bağırova “ hər zaman bizə ehtiyacı olan qadınlarımızın yanında olacağıq, bölgələrdə qadınların hüquqi və iqtisadi maarifləndirilməsində dövlət qurumlarımız və ictimai təşkilatlarımızla birlikdə fəal çalışacağıq”, – dedi.

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Sədaqət Qəhrəmanova qadınların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində həyata keçirilən işlərdən söz açdı. Ombudsman Elmira Süleymanova şəhid anaları, xanımları və onların qız övladlarının tədbirdə iştirak etməsini təqdir etdiyini bildirərək, “onlar bütün məclislərdə bu gün burada olduğu kimi xüsusi diqqətimizdə olmalıdırlar,” – deyib şəhidlərimizin və onların ailələrinin qəhrəmanlığından danışdı.

 Milli Məclisin deputatları Qənirə Paşayeva, Elmira Axundova, Rafael Hüseynov çıxış edərək qadınlarımızın hüquqi və iqtisadi maarifləndirilməsinin daha da genişlənməsində ictimai təşkilatların fəallığına böyük ehtiyac olduğunu bildirdilər. “Regional Hüquqi və İqtisadi Maariflədirmə ” İB-nin bu istiqamətdə fəal olacağına inandıqlarını qeyd edərək, ona uğurlar dilədilər. Çıxışlarda “qızlarımızın savadlı, təhsilli və ictimai həyatda fəal olmaları üçün hamımız dövlətimizin siyasətinə daha çox dəstək verməliyik”, – fikri xüsusi vurğulandı.

 Q.Paşayeva çıxışında “qadınlarımız torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. O gün uzaqda deyil. İnşallah, torpaqlarımızı işğaldan azad edəcəyik,” – deyərək bütün şəhidlərimizə Allahdan rəhmət dilədi. Növbəti ildə bayramlarımızın birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndidə və digər gözəl guşələrimizdə qeyd edəcəyimizə inandığını bildirdi.

 Respublika Şəhid Anaları Cəmiyyətinin sədri, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova , şair Nəriman Həsənzadə, professorlar İradə Hüseynova və Rəna Mirzəzadə də çıxış edərək təşkilata uğurlar dilədilər. Tədbir tanınmış incəsənət xadimlərinin çıxışları ilə davam etdi.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında