İsrailli qonaqlar İsmayıllıda

Son zamanlar İsmayıllı rayonunun beynəlxalq əlaqələri gündən-günə genişlənir. Belə ki, Yaponiya, Fransa, Belarus və Latviyadan sonra daha bir ölkə ilə – İsrail dövləti ilə İsmayıllının qardaşlıq və dostluq əlaqələri yaranıb. Bu günlərdə İsrailin Kiriat Bialik şəhərinin nümayəndə heyəti İsmayıllıya gəlib. Nümayəndə heyətinə həmin şəhərin meri Eli Dukorski rəhbərlik edir.

Qonaqların İsmayıllıya səfərinin əsas məqsədi şəhər və rayonla, milli mənəvi dəyərlərlə, tarixi yerlərlə, yəhudilərin tarixən yaşadığı Mücühəftaran kəndi ilə tanışlıq, sonra isə qardaşlaşmış şəhərlərin əməkdaşlığı haqqında saziş imzalamaq olub.

Kiriat Bialik şəhərinin nümayəndə heyəti səfər müddətində İsmayıllı şəhəri, Lahıc qəsəbəsi, İvanovka və Mücühəftaran kəndləri ilə tanış olub, şəhərdəki tarix-diyarşünaslıq muzeyinə, Yapon bağına, özəl xalça emalatxanasına, Velosiped istehsalı zavoduna gedib, “Od çərşənbəsi” bayramında iştirak edib.

Dünən qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, sonra Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qonaqları salamlayaraq, rayonun tolerantlığı, tarixi, milli tərkibi, sürətli inkişafı, xüsusilə, kənd təsərrüfatı sahəsində qazanılan uğurlarından danışıb. Şəhərlərin qardaşlaşmasının böyük əhəmiyyəti olduğunu qeyd edib.

İsrail dövlətinin Azərbaycan Respublikasındakı səfiri Dan Stiv səmimi qəbul üçün təşəkkürünü bildirib, İsraillə Azərbaycanın strateji əməkdaşlığından danışıb və yeni qardaşlaşmanın əhəmiyyətli olacağını vurğulayıb.

Kiriat Bialik şəhərinin meri, nümayəndə heyətinin rəhbəri Eli Dukorski qonaqpərvərliyə, səmimi münasibətlərə görə təşəkkürünü bildirib və qeyd edib ki, şəhərlər arasında əməkdaşlıq sazişinin imzalanması hər iki şəhərin sakinlərinin xeyrinə olacaq, mədəniyyətlərin qovuşmasına şərait yaradacaq. Çox yaxşı haldır ki, bir neçə sabiq İsmayıllı sakini indi bizim şəhərin sakinidir. Şəhərimiz hamının üzünə açıqdır. Bundan sonra əlaqələrimiz daha səmərəli və intensiv olacaqdır.

Daha sonra Kiriat Bialik və İsmayıllı şəhərləri arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi RİH-nin başçısı Mirdaməd Sadıqov və Kiriat Bialik şəhərinin meri Eli Dukorski imzalayıblar.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında