1OO il əvvəl Cümhuriyyətimizin yerləşdiyi binada Novruz mühazirəsi

Gəncədə, vaxtilə  Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi, indi isə Azərbaycan Dövlət Aqrar Universitetinin yerləşdiyi binada Təhsil Nazirliyinin təşkilatçılığı, şəhər icra hakimiyyətinin dəstəyi ilə “Azərbaycan Xalq Cümhuriyyəti və milli kimlik” mövzusunda “Novruz mühazirəsi” keçirilib.      

Şəhər ictimaiyyəti nümayəndələrinin, respublikamızın ali məktəblərində təhsil alan Türkiyə, Rusiya, İran, Çexiya, Çin, Banqladeş, Yunanıstan və digər ölkələrdən olan əcnəbi tələbələrin iştirakı ilə keçirilən tədbir iştirakçıları əvvəlcə      Ümummilli lider Heydər Əliyevin şəhərin baş meydanındakı abidəsi önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.         Sonra qonaqlar Azərbaycan Xalq Cümhuriyyəti guşəsi ilə tanış olublar.

Tədbirin aparıcısı, Xalq artisti Nurəddin Mehdixanlı Cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm və təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verildiyini qeyd etmiş, «Azərbaycan Xalq Cümhuriyyəti və milli kimlik» mövzusunda təşkil olunan tədbirin məhz bu tarixi binada keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Şəhər icra hakimiyyəti başçısının müavini Elnur Rzayev ölkə başçısı İlham Əliyevin  2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini tarixi hadisə kimi qiymətləndirib, bu qərarın Azərbaycan xalqının dövlətçilik tarixinə, dövlətçilik ənənələrinin qədimliyinə, zənginliyinə verilən yüksək dəyər olduğunu bildirib.

Təhsil nazirinin müavini Firudin Qurbanov AXC dövründə baş verən proseslərdən, elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən islahat və quruculuq işlərindən danışıb. Bildirib ki, AXC-nin tarixinə münasibət heç də hər zaman birmənalı olmayıb. Belə ki, keçmiş sovet hakimiyyəti illərində cümhuriyyətin tarixi təhrif edilib, vacib məqamlar gizlədilib, tarix saxtalaşdırılıb. 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra cümhuriyyət tarixi ilə bağlı faktlar açıqlanıb, arxiv materialları aşkarlanıb və həqiqətlər ictimaiyyətə çatdırılıb. 1998-ci ilin yanvarında ulu öndər Heydər Əliyevin AXC-nin yaranmasının 80-ci ildönümü ilə əlaqədar imzaladığı Sərəncam bu işlərə güclü təkan və doğru istiqamət verib. Mühazirəçi qeyd edib ki, AXC yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir.

Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tovhidi  «Azərbaycan Xalq Cümhuriyyəti və milli kimlik» mövzusunda çıxış edib. Cümhuriyyət qurucularının həyatı, ictimai-siyasi fəaliyyətləri haqqında ətraflı məlumat verən professor gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və bir çox sahələrdə həyata keçirdiyi işləri Azərbaycan tarixinin parlaq səhifəsi adlandırıb.

Mühazirədən sonra ölkəmizdə təhsil alan əcnəbi tələbələr Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olan qədim Gəncədə Cavad xan türbəsi, Şah Abbas məscidi, Çökək hamam və Gəncə Dövlət Filarmoniyası ilə tanış olublar. Həmçinin böyük Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi ziyarət edilib, tələbələrə dahi şairin həyatı, yaradıcılığı və məqbərə haqqında məlumat verilib.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında