Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən bu ölkədə təşkil edilən tədbirlər çərçivəsində Ukrayna XİN yanında Ukrayna Diplomatik Akademiyasında (UDA) "Regional münaqişələrin tənzimlənməsinin beynəlxalq-hüquqi mexanizmləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Forumun təşkilatçıları qismində UDA, Ukrayna Milli Elmlər Akademiyasının V.M.Koretski adına Dövlət və Hüquq İnstitutu, habelə Yaxın Şərq Araşdırmaları Mərkəzi (AMES) çıxış etmişlər.
Konfransa Ukraynanın səfiri, UDA-nın fəxri doktoru, məşhur şərqşünas Yuri Koçubey sədrlik etmişdir.
Tədbirdə Kiyevdə akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, Azərbaycan Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, tanınmış alimlər və politoloqlar, Ukrayna Azərbaycanlıları Konqresinin rəhbərləri, Azərbaycan, Ukrayna və xarici ölkələrin KİV nümayəndələri iştirak etmişlər.
UDA-nın rektoru, Ukraynanın səfiri, professor Boris Qumenyuk, Azərbaycanın Kiyevdəki səfiri Eynulla Mədətli, Ukraynanın sabiq xarici işlər naziri, Ukraynanın səfiri, UDA-nın fəxri doktoru Gennadi Udovenko konfrans iştirakçılarını salamlamışlar.
Səfir Eynulla Mədətli, Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə öz çıxışlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tam mənzərəsini təsvir etmiş, Azərbaycanın əzəli torpaqlarının ermənilər tərəfindən işğal edilməsi və erməni faşistlərin törətdiyi vəhşiliklər barədə söhbət açmış, bu münaqişənin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımı üzərində ətraflı dayanmışlar.
Natiqlər bu problemin həll edilməsi, erməni təcavüzkarların və terrorçuların cilovlanması üçün göstərilən diplomatik səylər barədə danışmış, bununla əlaqədar BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı, NATO və GUAM tərəfindən qəbul edilmiş qətnamə və qərarları xatırlatmışlar. Onların çıxışlarında Ermənistanın hərbi təcavüzü və erməni işğalçıları tərəfindən Azərbaycan ərazilərinin tutulması ilə əlaqədar dəhşətli statistik rəqəmlər də səslənmiş, bildirilmişdir ki, bu təcavüz nəticəsində ölkəmizin ərazisinin təqribən beşdəbir hissəsi işğal edilmiş, soydaşlarımızdan 20 min nəfər həlak olmuş, 50 min nəfər yaralanmış və ya şikəst edilmiş, təqribən 5 min nəfər itkin düşmüşdür. Minlərlə Azərbaycan vətəndaşı girov götürülmüş, etnik təmizləmələrin qurbanları olmuş 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Musa Qasımlı ermənilərin törətdiyi vəhşiliklər və qəddarlıqlar barəsində çıxışında Ermənistanın indiki Prezidenti Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində dediyi sözləri sitat gətirmişdir: "...Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, ermənilər ... mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi aradan qaldıra bildik". Erməni müəllif Markar Melkonyan isə yazır ki, Xocalı sakinləri 6 mil məsafəni qət edərək təhlükəsiz yerə çatmağa lap az qalanda "(erməni) əsgərlər onları qovub çatmış, sonra bıçaqlarını çıxararaq bu insanları doğramağa başlamışlar".
Türkiyə Cümhuriyyətinin Ukraynadakı səfiri Əhməd Bülənt Meriçin çıxışı da Xocalı soyqırımını törətmiş erməni işğalçıların və cəlladların ünvanına çox kəskin ittiham kimi səslənmişdir.
Onu da qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsip və normaları, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, onun suverenliyinə hörmət, erməni hərbi bölmələrinin və quldur dəstələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tezliklə çıxarılması əsasında həll edilməsinin zəruriliyi fikri forum iştirakçılarının çıxışlarının ana xətti olmuşdur.
Tarix elmləri doktoru, Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru Vladimir Sergiyçuk "Qara dəniz - Xəzər arealının regional təhlükəsizliyinin formalaşmasının tarixi aspektləri" mövzusunda məruzə ilə çıxış etmişdir. Sergey Taranın çıxışı etnik münasibətlər və beynəlxalq təhlükəsizlik məsələlərinə, polietnik cəmiyyətlərdə regional münaqişələrdən yaxa qurtarmaq üsullarına həsr olunmuşdu. Moldovanın Ukraynadakı səfiri İon Stevile Dnestryanı münaqişənin tənzimlənməsi perspektivlərindən söhbət açmış, tarix elmləri namizədi, "Kiyev-Mogilyan Akademiyası" Milli Universitetinin dosenti Fərhad Turanlı isə "Mövcud regional münaqişələrin həlli yolu ilə enerji təhlükəsizliyinin təmin edilməsi problemi" mövzusunda çıxış etmişdir.
GUAM-ın Baş katibi, səfir Valeri Çeçelaşvili "Regionda enerji təhlükəsizliyinin güclənməsinə GUAM-ın töhfəsi" mövzusunda maraqlı məruzə ilə çıxış etmişdir. O, iqtisadiyyatın və siyasətin bütün sahələrində Azərbaycanın tərəqqisini, ölkəmizdə ÜDM-in sabit artımını, iqtisadiyyatın şaxələndirilməsində qazanılmış uğurları və digər müsbət məqamları yüksək qiymətləndirmişdir. GUAM-ın Baş katibi Azərbaycanın bütün dünyada neft-qaz sahəsində əsas söz sahiblərindən biri olmasını da vurğulamışdır.
Konfrans iştirakçılarına Dağlıq Qarabağ və Xocalı soyqırımı haqqında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış nəşrlər, akademik Ramiz Mehdiyevin "Azərbaycanlıların soyqırımının reallıqları" (Ukrayna dilində), "Gorus - 2010: absurd teatrı mövsümü" (ingilis dilində) kitabları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT-nin sənədləri məcmuəsi, təcavüzün nəticələrini əks etdirən xəritə və digər materiallar təqdim edilmişdir.
Konfransın yekunlarına əsasən bəyanat qəbul edilmişdir. Bu sənəd Azərbaycan Prezidenti İlham Əliyevə, Ukrayna Prezidenti Viktor Yanukoviçə, habelə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara göndəriləcəkdir.
{nl}
Zeynal AĞAZADƏ AzərTAc-ın xüsusi müxbiri
Kiyev
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.