Ermənistan XXI əsrdə özünü məhvə aparan ölkələr sırasındadır

{nl}

Ölkənin Sosiologiya Assosiasiyasının rəhbəri Gevorq Poqosyan bu qənaətdədir
Ermənistanda siyasi vəziyyət gündən-günə pisləşir. Yerli politoloqların bildirdiyinə görə, ölkə artıq sosial partlayış ərəfəsindədir. Azərbaycana qarşı işğalçılıq siyasətini hələ də davam etdirən Ermənistanda sosial-iqtisadi vəziyyət getdikcə ağırlaşır. Ekspertlərin fikrincə, əhali hakimiyyətin fəaliyyətindən ciddi narazıdır. Ölkədə işsizliyin səviyyəsi kifayət qədər yüksəkdir və bu göstərici durmadan artır. Ermənistanda iş tapmayan əhali xarici ölkələrə üz tutub. Rəsmi məlumatlara görə, Ermənistanda qeydiyyatda olan işsizlərin sayı 70 min nəfərdir. Ancaq yerli ictimai-siyasi xadimlər bu göstəricilərin reallığı əks etdirmədiyini və işsizlərin sayının daha çox olduğunu bildirirlər.
2010-cu ildə Ermənistanı tərk edənlərin ümumi sayı 12 min 13 nəfər olub. Bu göstərici rəsmi dairələrin açıqlamalarında öz əksini tapıb. Ancaq erməni milli konqresinin koordinatoru Levon Zurabyanın fikrincə, ölkəni tərk edən əhalinin sayı daha çoxdur. Artıq Ermənistanı tərk edənlərin qarşısını almaq mümkün deyil. Ölkədə yaranmış özbaşınalıq və anarxiya getdikcə daha genişlənir. İnsanlar aclıq və yoxsulluq içərisində yaşayırlar. Tanınmış erməni alimləri etiraf edirlər ki, artıq Ermənistan məhv olmaq həddinə çatıb. Ermənistan Sosiologiya Assosiasiyasının rəhbəri, professor Gevorq Poqosyan ölkənin hazırkı durumunu xarakterizə edərkən deyib: "Ermənistanda vəziyyət 70-ci illər Latın Amerikasını xatırladır. Hərbi xuntaların idarə etdiyi Argentina, Çili, Braziliya, Uruqvay, Boliviya, Peru kimi ölkələrin çoxu azaddır. Digər hissəsi isə qismən azad olsa da, həm iqtisadi, həm də insan hüquq və azadlıqlarının qorunmasına görə göstəriciləri Ermənistandan daha yaxşıdır. Bizim ciddi problemlərimiz var. Hazırkı ağır vəziyyət və iqtisadi tənəzzül mövcud sistemin nəticəsidir".
Erməni professorun fikrincə, ölkənin hazırki siyasi vəziyyəti gərginliyin daha da artacağından xəbər verir. Tunis, Misir və digər ərəb ölkələrində baş verən hadisələrin Ermənistanda da olacağını ehtimal edən professor deyib: "Ermənistan XXI əsrdə öz-özünü məhvə aparan ölkələr sırasındadır. XXI əsrdə siyasi və iqtisadi cəhətdən müstəqil yaşaya bilməyən ölkələr vardır ki, onlar ya məhv olur, ya da beyqəlxalq təşkilatlara söykənmək məcburiyyətində qalırlar. Təəssüf ki, Ermənistanın daxilində gedən hadisələr onun da bu ölkələrin sırasında olduğunu göstərir. Ermənistanın daxilindəki siyasi gərginlik gələcək seçkilərin nəticələrinə təsir göstərəcəkdir".
Artıq inkişaf etmiş dövlətlər Ermənistanla əməkdaşlığı tədricən zəiflədir. Bunun əsas səbəblərindən biri Ermənistanın işğalçılıq siyasətini davam etdirməsidirsə, digər səbəbi ermənilərdən ibarət mütəşəkkil cinayətkar dəstə üzvlərinin həyata keçirdikləri soyğunçuluqla məşğul olmalarıdır. Bir qədər əvvəl Amerikada belə bir dəstə ifşa olunmuş və zərərsizləşdirilmişdir. Bu yaxınlarda ABŞ-da daha bir erməni mütəşəkkil cinayətkar dəstə tutulmuşdur.
ABŞ Prokurorluğunun nümayəndəsi Tom Mrojekin verdiyi məlumatda bildirilir ki, Kaliforniya ştatında hüquq-mühafizə orqanları ermənilərdən ibarət "Erməni gücü" mütəşəkkil cinayətkar dəstəsinin üzvlərini həbs ediblər. Onlar reket, qətl, qarət və digər cinayətlərdə ittiham olunurlar. Ümumilikdə 102 nəfər barəsində ittiham irəli sürülüb. Məlumatda bildirilir ki, geniş əlaqələrə malik cinayətkar dəstənin 200-ə yaxın üzvü olub. Ermənilərin ABŞ-da fırıldaqçılıq sxemi üzrə həyata keçirdiyi cinayət əməlləri və bununla da sadə, imkansız vətəndaşlardan milyonlarla dollar vəsait oğurlamaları yerli hakimiyyət orqanlarında ciddi narazılıqlar yaradıb. Erməni Milli Konqresinin iqtisadi komitəsinin üzvü Vahan Xaçaturyan qeyd edib ki, ABŞ-da həbs olunmuş ermənilərdən ibarət cinayətkar dəstə Ermənistan hakimiyyəti ilə birbaşa əlaqəlidir. Bir neçə ay bundan əvvəl ifşa olunmuş daha bir mütəşəkkil cinayətkar dəstənin Prezident Serj Sarkisyanın qardaşının tapşırıqlarını yerinə yetirməsi faktı da bunu təsdiqləyir. Həmin cinayətkar dəstə "medisar" sistemi üzrə ixtisaslaşmış və kimsəsiz vətəndaşlardan fırıldaqçılıq yolu ilə milyonlarla dollar əldə etmişdir.
Komitə sədrinin fikrincə, hazırda Ermənistanda mövcud olan siyasi durum əhalinin güzəranını daha da ağırlaşdırmış və bunun da nəticəsində oğurluq, soyğunçuluq halları xeyli çoxalmışdır. Ermənistana gələn xarici vətəndaşlar daha çox hücuma məruz qalırlar. Qıtlıq və yoxsulluq, aclıq və səfalət yoluxucu xəstəliklərin də sürətlə yayılmasına səbəb olub. Bəzi xarici dövlətlərin rəhbərləri öz vətəndaşlarına Ermənistana gedərkən ehtiyatlı olmaları barədə xəbərdarlıq edib. Bir faktı diqqətə çatdırmaq yerinə düşərdi. Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyinin rəsmi saytında bu ölkə vətəndaşlarının Ermənistana səfər ərəfəsində çox ehtiyatlı olmasına çağıran sənəd yerləşdirib. Almanlara məsləhət görülür ki, Ermənistana səfər etməzdən əvvəl quduzluğa qarşı peyvənd olunsunlar. AFR Xarici İşlər Nazirliyi almanların diqqətini Ermənistanda yol hərəkəti qaydalarına riayət olunmamasına, bir çox yerlərdə yol nişanlarının qoyulmamasına, yollarda kanalizasiya qurğularının qapaqlarının olmamasına, işıqforların işləməməsinə, polislərin kobudluğuna cəlb edib. Sənəddə qeyd edilir ki, son illər yoldan keçənlərə, xüsusilə xarici ölkə vətəndaşlarına hücumların sayı artıb. Yoluxucu xəstəliklərin, antisanitariyanın baş alıb getməsi qorxulu xəstəliklərin yayılmasına səbəb olub. Ona görə də bu ölkəyə səfər edən zaman quduzluğa qarşı peyvənd olunması vacibdir. Çünki Ermənistanda difteriya, hepatit A, B və yatalaq xəstəliyinə tutulanların sayı durmadan artır. Almanların Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ regionuna özbaşına səfər etdiyi hallarda, AFR səfirliyi tərəfindən konsul dəstəyi göstərilməyəcəyi xəbəri də ermənilər üçün ciddi zərbə olub. Çünki ermənilər almanların ciddi xarakterə malik olduqlarını çox yaxşı bilirlər. Alman xarakterini nəzərə alsaq, Xarici İşlər Nazirliyinin ciddi xəbərdarlığından sonra çox çətin ki, hər hansı bir alman macəra həvəsi ilə işğal olunmuş zonaya səfər edəcək.
Artıq Ermənistan beynəlxalq aləmdə küncə sıxışdırılır. Buna ölkənin işğalçılıq siyasətindən əl çəkməməsi ilə yanaşı, xarici dövlətlərdəki erməni mütəşəkkil cinayətkar bandasının çoxsaylı fırıldaqları, qətl, qarət və oğurluqları da səbəb olub. Ölkənin beynəlxalq aləmdə gözdən düşməsi, baş verən hadisələrin əsas səbəbkarının Prezident Serj Sarkisyan və komandasının yarıtmaz siyasəti xalqı artıq təngə gətirib. Bu barədə Ermənistan hakimiyyətinə ciddi xəbərdarlıqlar edilib. Fevralın 18-də keçmiş prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Ermənistan Ümummilli hərəkatının Yerevanda keçirdiyi izdihamlı mitinq də bu xəbərdarlıqlardan idi. Mitinqdə çıxış edən Ter-Petrosyan, keçmiş baş nazir Qrant Baqratyan və digərləri ölkədə sosial-iqtisadi durumun çox ağır olduğunu bildiriblər. Ermənistanda ümumi qiymətlərin 24 faiz, ərzaq məhsullarının qiymətlərinin 44 faiz, xarici borcların səviyyəsinin 2,5 dəfə artması ciddi təşviş yaradıb. Mitinq iştirakçıları Serj Sarksiyanı və onun komandasını təcili istefa verməyə çağırıb. Əks təqdirdə Qırğızıstanda, Tunisdə, Misirdə baş verən hadisələrdən daha dəhşətlisi Ermənistanda olacağını bildiriblər. Mitinqdə həmçinin səslənib ki, Ermənistan hakimiyyətində olanlar xalqa qarşı çox amansız davranırlar. Çıxış edənlər 2008-ci il martın 1-də nümayişçilərə tutulan divanı xatırladıb və bu dəfə həmin hadisə baş verərsə, hakimiyyətin layiqli cavab alacağı bəyan edilib.
Erməni millət vəkili Vahan Xaçaturyan Ermənistanda sosial qiyam üçün bütün şəraitin yetişdiyini bildirib. O deyib ki, yalnız qiyamla müsbət nəticələrə nail olmaq mümkündür.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında