Şriftin ölçüsü:
24.02.2011 05:47 | Oxunma sayı: 546
Respublika Baş Prokurorluğunun rəsmi saytına istinadla xəbər verirlir ki, Beyləqan rayonunun Mil qəsəbə sakini İsmayılov Natiq İsmayıl oğlunun rayon icra hakimiyyəti başçısının Mil qəsəbəsi üzrə nümayəndəsi Quliyev Ceyhun Mehman oğlunun vəzifəsindən sui-istifadə etməklə saxtakarlığa yol verməsi barədə müraciəti Beyləqan Rayon Prokurorluğunda araşdırılmışdır.
Müəyyən edilmişdir ki, Ceyhun Quliyev vəzifə səlahiyyətlərini aşaraq özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 2008-2009-cu illərdə atası Mehman Quliyev və anası Tovuz Quliyevanın, həmçinin Hacıyev Süleyman Səməd oğlu və qeyrilərinin adına olan torpaq sahələrində buğda əkilmədiyi halda, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmişdir. Həmin torpaq sahələrində, guya, buğda əkilməsinə dair saxta aktlar tərtib edərək, dövlət büdcəsindən kənd təsərrüfatının inkişafı məqsədilə fermerlərə ayrılmış 2 min manatdan artıq pul vəsaitini qeyd edilən şəxslərin adına verilmiş bank kartlarından istifadə edərək mənimsəmişdir.
Bundan başqa, o, həmkəndlisi Məmmədova Rübabə Maqsud qızı və onun ailə üzvlərinin məcburi köçkün olması barədə rayon paylayıcı elektrik şəbəkəsinə təqdim etdiyi rəsmi arayışa bilə-bilə yalan məlumatlar daxil etmiş, 2007-2010-cu illərdə elektrik enerjisindən istifadəyə görə hər birinin ayda 150 kv/saat üçün pul ödəməkdən azad edilmələrinə şərait yaratmışdır.
Faktla bağlı Ceyhun Quliyevin barəsində 21 fevral 2011-ci il tarixdə Beyləqan Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4 (mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.
"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətin Zərdab filialının rəisi Abdullayev Nağı Saday oğlunun həmin filialın sabiq baş mühasibi və iqtisadçısı Mehrəliyeva Gülxar Şirin qızının qanunsuz hərəkətləri barədə müraciəti üzrə Zərdab Rayon Prokurorluğunda araşdırma aparılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" Fərmanının tələblərinə uyğun olaraq müraciətdə göstərilən halların mütəxəssislər tərəfindən yoxlanılması, haqqında qərar qəbul edilərək icra olunması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilmişdir.
Müəyyən edilmişdir ki, "Azərpoçt" MMC-nin Zərdab filialının sabiq rəisi Abdulxalıqov Məmmədağa Sadiq oğlu və baş mühasibi Mehrəliyeva Gülxar Şirin qızı tərəfindən işlədikləri dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə edib işçilərə əməkhaqqının artıq hesablanması, xəzinədən əsassız olaraq artıq pul silinməsi və digər sui-istifadə hallarına yol verməklə dövlətin qanunla qorunan mənafelərinə ciddi ziyan vurmuşlar.
Fakt üzrə 11 fevral 2011-ci il tarixdə Zərdab Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.
Bundan başqa, Bərdə Rayon Baytarlıq İdarəsinin rəisi Zeynalov Alim Yusif oğlunun həmin idarənin sabiq rəisi Mehman İsmayılov tərəfindən 2007-2008-ci illərdə idarənin inzibati binasının təmiri zamanı görülən işlərin həcminin artırılması, hesabatlarda təhriflərə yol verilməsi barədə müraciəti Bərdə Rayon Prokurorluğunda araşdırılmışdır.
Müraciətdə göstərilən halların mütəxəssislər cəlb edilməklə yoxlanılması haqqında qərar qəbul edilmiş, icra olunması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə göndərilmişdir.
Mehman İsmayılovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, 2007-2008-ci illərdə idarənin inzibati binasının təmiri zamanı görülən işlərin həcminin 5.155 manat artırılmaqla büdcədən təmir üçün alınmış həmin məbləğin ayrı-ayrı şəxslər tərəfindən talanması hesabına dövlətin qanunla qorunan mənafeyinə ciddi zərər vurması faktı üzrə 14 fevral 2011-ci il tarixdə Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işləri üzrə qeyd edilən rayon prokurorluqlarında istintaq tədbirləri davam etdirilir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.