Mingəçevir: Tərəqqi yeni mərhələyə qədəm qoyur

2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumşəhər toplantısında geniş hesabat məruzəsi ilə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov ötən il şəhər iqtisadiyyatında qeydə alınmış artımdan, tikinti-quruculuq işlərinin davam etdirilməsindən, xidmət sahələrinin fəaliyyətinin müasirləşdirilməsi məqsədilə görülən işlərdən, təhsil, səhiyyə, mədəniyyət sektorlarının uğur və problemlərindən, eləcə də gənclərlə iş və idman sahəsində reallaşdırılan layihələrdən geniş söz açdı.

Şəhər rəhbəri qeyd etdi ki, ötən il ümumi məhsul buraxılışı 58,2 faiz artaraq 567,1 milyon manat təşkil edib. O cümlədən sənaye məhsulu istehsalı 76,4 faiz artaraq 378,1 milyon manat olub. Şəhər iqtisadiyyatına 95,6 milyon manat investisiya qoyulub, aparılan tikinti-quraşdırma işlərinə 71,6 milyon manat vəsait xərclənib, kənd təsərrüfatı məhsulları istehsalı 18,6 faiz, nəqliyyat xid-mətləri 2,5 dəfə, rabitə xidmətləri 5,4 faiz, ticarət dövriyyəsi 16,1 faiz artıb.

 Natiq qeyd etdi ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Mingəçevirə aid bəndlərinin icrası uğurla davam etdirilib. Dövlət proqramının icrası ilə bağlı görülmüş işlər nəticəsində ötən il 1441 iş yeri açılıb ki, onların da hamısı daimi iş yerləridir.

Dövlət proqramına uyğun olaraq Mingəçevir Sənaye Parkında il boyu işlər sürətlə aparılıb, İplik fabriklərinin hər ikisində aparılan işlər yekunlaşmaq üzrədir. “Asan xidmət” mərkəzində sonuncu tamamlama işləri aparılır. Yeni inşa edilmiş sutəmizləyici qurğuda və su anbarında işlər yekunlaşdırılıb. Orada artıq abadlıq işləri aparılır. “Mingəçevir SES silsiləsində” aparılan yenidənqurma işləri başa çatdırılıb və stansiyanın “idarəetmə mərkəzi”nin yeni binası istifadəyə verilib.

Ötən il “Sahil” parkının təmir-bərpa aparılmamış hissəsində yenidənqurma işləri başa çatdırılıb, Nəriman Nərimanov küçəsində səkilərə tamet tava döşənib, Cəmil Əliyev, Fidail Abdullayev küçələrində, 20 Yanvar küçəsinin isə bir hissəsində, 60, 61 və 106 saylı məhəllələrdə daxili yollar və səkilər asfaltlanıb. İl boyu su və kanalizasiya sistemlərinin yenilənməsi istiqamətində işlər davam etdirilib.

Şəhərdə istehsal olunmuş sənaye məhsulunun 95 faizi və ya 360 milyon manatı elektrik enerjisi istehsal edən “Azərbaycan İstilik Elektrik Stansiyası” və “SES silsiləsi” MMC-lərin payına düşür. Ümumilikdə isə, il ərzində bu iki müəssisədə 8,8 milyard kilovat/saat elektrik enerjisi istehsal olunub. Fəaliyyət göstərən “Azneftemaş”, “Mingəçevir İzolit” və “Akkord Mingəçevir maşınqayırma zavodu” ASC-lərdə il boyu sabit iş rejimi təmin edilib. Maraqlı faktdır ki, qeyri-dövlət sektorunun müəssisələrində 11,3 milyon manatlıq sənaye məhsulu istehsal olunub.

Şəhərdə sahibkarlığın inkişafı iqtisadi siyasətin əsas istiqaməti olaraq qalmaqdadır. Sadələşmiş qeydiyyat prosedurları ilə ayrılan dövlət kreditlərindən şəhərin sakinləri də bəhrələnir və bu sahədə fəaliyyət göstərmək istəyənlərin sayı durmadan artır. İl ərzində sahibkarların sırasına 1099 fiziki, 30 hüquqi şəxs qoşulub. Ötən il şəhərdə iki supermarketin filialı açılıb, 30-a yaxın ticarət və xidmət obyekti fəaliyyətə başlayıb.

Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin məskunlaşdığı “Azəraqrartikinti” ASC-nin Mingəçevir DBM filialının inzibati binasında və 5 nömrəli Dəmir Beton Zavodunun ərazisindəki tikililərdə dam örtükləri əsaslı təmir edilib.

Bildirildi ki, şəhər elektrik təsərrüfatına daxil olan “Karxana-601” yarımstansiyası yenidən qurulub, müasir avadanlıqlarla təchiz olunmuş və hər biri 16 MVA olan 2 ədəd güc transformatoru quraşdırılıb. Şəhərin elektrik təchizatının yaxşılaşdırılması məqsədi ilə F.Abdullayev küçəsində “Yeni Mingəçevir” yarımstansiyası tikilib, 2 ədəd güc transformatoru quraşdırılıb.

Qaz İstismar Xidməti tərəfindən hesabat dövründə müxtəlif diametrli 376 metr yeraltı, 2795 metr yerüstü, ümumilikdə isə 3171 metr qaz xətti çəkilib, 20 ədəd yeni şkaf tipli qaztənzimləyici məntəqə quraşdırılıb, köhnə siyirtmələr yenisi ilə əvəz olunub, istismar müddəti bitmiş 1152 qaz sayğacı yenilənib, 2232 çağırışa əsasən abonentlərə xidmət göstərilib.

İstilik Sistemlərinin İstismar Sahəsi tərəfindən 6 qazanxana vasitəsilə təhsil, səhiyyə və digər sosial obyektlərə və yaşayış binalarına qrafikə uyğun istilik enerjisi verilib, o cümlədən məcburi köçkün şəhərciyində 1098 mənzilin və digər sosial obyektlərin istiliklə təchizatı təmin edilib.

Şəhər təhsil şöbəsinin fəaliyyəti də də daim diqqət mərkəzindədir. Ötən il 11-ci sinifi bitirərək attestat alanların 585 nəfəri ali məktəblərə sənəd verib, onlardan 426 nəfəri qəbul imtahanlarını müvəffəqiyyətlə verərək, tələbə adına layiq görülüblər.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda dövlət başçımızın bu ilin sonunadək görüləcək işlərlə bağlı mühüm tapşırıqlar verdiyini xatırladan şəhər rəhbəri qeyd etdi ki, verilmiş tapşırıqların icrası ilə əlaqədar hər bir sahə üzrə ciddi təhlillər aparılmalıdır. Şəhərimizin inkişafına yönəldilmiş infrastruktur layihələri, eləcə də yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilməli, şəhərimizə özəl sərmayənin cəlb edilməsi üçün yerli və xarici iş adamları ilə təşviq işləri gücləndirilməlidir. Bundan başqa dövlət proqramına uyğun olaraq, şəhərdə aparılan içməli su və kanalizasiya xətlərinin çəkilişlərinin tamamlanması üçün zəruri kömək göstərilməli və şəhərdə turizmin inkişafı ilə bağlı obyektlərin tikintisi üçün sahibkarlarla qarşılıqlı işlər gücləndirilməlidir. Bunun üçün bütün qurumlar, vəzifəli şəxslər öz məsuliyyətini dərk etməli və daha da səmərəli işləməliyik.

Qeyd edildi ki, sosial-iqtisadi inkişafın sürətləndirilməsi və mövcud olan problemlərin həlli Mingəçevir Şəhər İcra Hakimiyyətinin 2018-ci ildə nəzərdə tutduğu əsas istiqamətlərdir. Natiq əminliklə bildirdi ki, qarşıdakı illər Azərbaycanın bütün bölgələri kimi, Mingəçevirin də hərtərəfli inkişafı ilə əlamətdar olacaq.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında