Bu gün SU ÇƏRŞƏNBƏSİDİR

Şərqdə, o cümlədən Azərbaycanda yazın gəlişi--Novruzun bayram edilməsinin dərin kökləri vardır və 3500 ildən çoxdur ki, bu milli bayram bütün atributları ilə və elliklə qeyd edilir. Təbiətin və könüllərin bayramı olan Novruza qədər təşkil edilən rituallar xalqımızın milli mənəvi dəyərlər sistemində önəmli yer tutmaqla, dünyanın yaranışında iştirak edən dörd ünsürlə--Su, Od, Hava və Torpaq ilə əlaqələndirilir.

Heç də təsadüfi deyil ki, müqəddəs sayılan bayrama qədər keçirilən çərşənbələrin birincisi su ilə bağlıdır. Çünki su həyatın başlanğıcı, canlılığın, yaşamağın əsas mənbəyidir. Su mifik təfəkkürlərdə olduğu kimi, gerçəklikdə də təbiətin oyanmasına təkan verən başlıca qüvvədir. Su hər şeyin başlanğıc nöqtəsidir.

SU ÇƏRŞƏNBƏSİNİN özünəməxsus özəllikləri var. Bu çərşənbəyə qədər evdə olan əşyalar su ilə yuyulub təmizlənir. Bu çərşənbədə ocaq çatılmaz, şam yandırılmaz, gün dönəndən sonra qohum-qonşuya evdən nə isə verilməz. Çərşənbəyəcən evdəki avadanlıq, yorğan-döşək havaya verilər, təmizlənər.(Amma buna imkan, şərait də olmalıdır, Kənd yerlərində bu adət hələ qalıb). Evdəki cu qabları mütləq təzə su ilə doldurulmalı, stolun üstünə qrafində su qoyulmalıdır. Su çərşənbəsi mərasimində əvvələr dan yeri söküləndə camaat axar suyun üstə gedir, əl-üzlərini soyuq su ilə yuyardılar. İnsanlar su üstündən atlanar, bir-birilərinin üstlərinə su atardılar. Əski adətlərə görə günəşin şəfəqdə göründüyü vaxtda onun şüalarının sığal çəkdiyi su daha təmiz, daha müqəddəs sayılardı. Bu suda yuyunan adam mütləq diləyinə çatardı. Belə hesab edirlər ki, Xızır peyğəmbərin dirilik çeşməsindən su içdiyi və Koroğlunun Qoşabulaqdan köpüklü su götürdüyü gün məhz ƏZƏL--SU ÇƏRŞƏNBƏSİ günü olmuşdur.

Xalqımız bayramaqədərki çərşənbələri adəti üzrə bütün ailə üzvləri ilə birlikdə qeyd edir. Həmin gün hamı bir-birilə--qohum,qonşu, dost, tanış--çərşənbələşirlər(çərşənbən mübarək deyirlər). Onlar arzularını bildirir, alqış edir, xoş sözlər deyirlər: su qədər ömrün olsun, aydınlığa çıxasan, həyatın su kimi təmiz olsun, su qədər pak olasan və.s. Uşaqlar isə günboyu sevinir, döyüşdürdükləri yumurtaların hesabını aparır, bir-birilərinə tapmacalar deyirlər.

Baharla əlaqədar gözəl adət-ənənələrimiz çoxdur. Biz bunları yaşatmalı, gələcək nəsillərə ötürməliyik. Onsuz şəhər mühitində, bina evlərində bunların çoxusunu həyata keçirmək mümkün olmur. Heç olmasa, təfəkkürdə, yaddaşlarda yaşadaq. 

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında