Milli Məclis Mərkəzi Seçki Komissiyasının üzvlərini və əvəzedici üzvlərini təsdiq etmişdir

Fevralın 22-də Milli Məclisin növbəti iclası keçirilmişdir. Gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlamazdan əvvəl deputatlar bəzi məsələlərlə bağlı fikirlərini bildirmişlər. Deputatlar bir sıra ölkələrin öz vətəndaşlarına Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarına getməmələri barədə xəbərdarlıq etmələrini dövlətimizin xarici siyasətinin uğuru kimi dəyərləndirmişlər.
Ölkəmizdə həyata keçirilən antikorrupsiya tədbirlərinin bəhrəsini verməkdə olduğu da diqqətə çatdırılmışdır. Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlanmışdır. Əvvəlcə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında məsələyə baxılmışdır. Milli Məclisin sədri Oqtay Əsədov bildirmişdir ki, MSK-nın 18 nəfərlik tərkibi 6 nəfər Milli Məclisdə çoxluq təşkil edən partiyanın, 6 nəfər azlıqda olan partiyaların, 6 nəfər isə bitərəf deputatların nümayəndələrindən formalaşdırılmalıdır.
Müzakirələr zamanı çıxış edən deputatlar MSK-nın indiki formatda formalaşdırılmasını məqbul saymışlar. Sonra səsvermə yolu ilə MSK üzvləri və əvəzedici üzvlər təsdiqlənmişlər. İclasda Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsi birinci oxunuşda müzakirə olunmuşdur. Çıxış edən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirmişdir ki, gömrük sistemi hər bir ölkədə büdcənin formalaşmasında mühüm rol oynayan maliyyə mənbələrindən biridir. Eyni zamanda, gömrük sistemi hər bir ölkənin milli, siyasi və iqtisadi təhlükəsizliyi üçün son dərəcə vacib amillərdən sayılır. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra əsas diqqət yetirdiyi məsələlərdən biri ölkəmizdə təkmil gömrük sisteminin formalaşdırılması olmuşdur. Bu gün Azərbaycanın gömrük sistemi ən müasir maddi-texniki bazaya malikdir. Son illərdə ölkəmizin inkişafı və xarici əlaqələrin genişlənməsi nəticəsində gömrük rüsumları hesabına büdcəyə daxilomalar əhəmiyyətli dərəcədə artmışdır.
Azərbaycanda Gömrük Məcəlləsi ilk dəfə 1997-ci ildə qəbul olunmuşdur. Ötən dövrdə ölkəmiz bir sıra konvensiyalara qoşulmuşdur. Bu gün isə Prezident İlham Əliyevin uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycanın iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyması və eləcə də qloballaşan müasir dünya iqtisadi qanunvericiliyin, o cümlədən gömrük qanunvericiliyinin təkmilləşdirilməsini tələb edir.
Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim etdiyi yeni Gömrük Məcəlləsinin layihəsi də ən müasir standartları özündə əks etdirir. Yeni Məcəllənin qəbulu həm də ölkəmizin Dünya Ticarət Təşkilatına (DTT) üzv olması istiqamətində mühüm addım olacaqdır.
Sonra Ziyad Səmədzadə layihə barədə ətraflı məlumat verdi. Bildirildi ki, layihədə Azərbaycanda gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsasları, o cümlədən ölkəmizin gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzit keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydalar və prosedurlar, gömrük işi sahəsində hüquq və öhdəliklər müəyyən edilir. Deputatların layihə barədə konseptual baxımdan fikirləri dinlənildikdən sonra müzakirələrin yekununda Gömrük Məcəlləsinin layihəsi birinci oxunuşda təsdiq edilmişdir.
Axşam iclasında "İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi haqqında", həmçinin "Aviasiya haqqında" Qanuna əlavələr edilməsi barədə məsələlər müzakirə olunmuşdur. Bildirilmişdir ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik avtomobil nəqliyyatı sahəsində mövcud olan bir sıra pozuntuların, inzibati xətalar kimi ehtiva olunmasına və sanksiyaların müəyyən edilməsinə yönəlmişdir. Təklif olunan əlavədə isə dəniz və çay limanlarında (körpülərdə), dəmir yolu stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), aeroportlarda və digər sərhəd məntəqələrində vətəndaşlardan (hüquqi şəxslərdən) qanunsuz olaraq əşyaların götürülməsinə görə vəzifəli şəxslər üçün cərimələr nəzərdə tutulmuşdur.
"Aviasiya haqqında" Qanuna təklif olunan əlavədə isə deyilir ki, hava limanlarında sərnişinlərin gediş-gəliş yerlərində, baqajların və yüklərin yoxlanılma məntəqələrində aparılması və gətirilməsi qadağan edilən və ya məhdudlaşdırılan əşyaların siyahısı lövhələrdə yerləşdirilməlidir. Qanunvericiliyə təklif olunan əlavə və dəyişikliklər müzakirə olunduqdan sonra səsə qoyularaq təsdiq edildi. Bununla da Milli Məclisin iclası başa çatdı.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında