İsmayıllı: Uğurlar hər sahədə var

“ Ötən il Yenikənd və Tağlabiyan kəndlərində modul tipli məktəb binalarının tikintisi başa çatdırılıb, “Saat meydanı”nın ətrafında şəhərin Baş planına uyğun olaraq, abadlıq işləri davam etdirilib. Əbülhəsən Ələkbərzadə küçəsində piyada səkilərinin və yolun əks tərəfində velosiped yolunun tikintisinin bir hissəsi başa çatdırılıb. Mirzə Fətəli Axundov və Nizami küçələri işıqlandırılıb. İsmayıllı şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında abadlıq işləri aparılıb, parka döşəmə daşları düzülüb, ətrafında qazon və gül kolları əkilib.

İsmayıllı şəhərindəki 31 ictimai yaşayış binasında təmir aparılıb. Şəhərin Şirvani küçəsində 170 nəfər toxucu işləyə biləcək xalça müəssisəsinin tikintisi başa çatdırılıb. Kürdmaşı kəndində yaradılacaq aqroparkın birinci mərhələsi çərçivəsində tikintisi 2017-ci ildə başa çatdırılıb, ümumi tutumu 2200 ton olan meyvə-tərəvəz saxlanılması üçün soyuducu anbar binası istismara verilib. Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə 2-ci layihə çərçivəsində təmizləyici qurğu istismara verilib. “Bədo” əlillərin reabilitasiya və bərpa istirahət-sanatoriya mərkəzinin tikintisi isə davam etdirilir”.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tikinti-quruculuq işləri ilə bağlı olan bu fikirləri 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş ümumrayon toplantısında səsləndirdi. Natiq əlavə etdi ki, şəhərin Heydər Əliyev prospektində 5 mərtəbəli, 3 ulduzlu yeni otel binasının tikintisi davam etdirilir. Həmin prospektdə təmir işləri, Manaf Süleymanov, Mübariz İbrahimov, Vahab Osmanov, Mikayıl Müşfiq, Salatın Əsgərova küçələrində isə asfalt döşənməsi aparılıb.

 Ötən ilin iqtisadi göstəricilərinə gəlincə isə rayon rəhbəri qeyd etdi ki, məhsul buraxılışı faktiki qiymətlərlə 239 milyon 264 min manat olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 63 milyon 946 min manat çoxdur. Kənd təsərrüfatında 15,5 faiz, sənayedə 49 faiz, tikinti-quraşdırma işlərində 2,1 dəfə, nəqliyyatda 3,5 faiz, informasiya və rabitədə 10 faiz, ticarətdə 20,6 faiz artım əldə olunub. Əsas kapitala investisiya qoyuluşu 85 milyon 960 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 2,3 dəfə çoxdur. 23 milyon 897 min manat dəyərində əsas fondlar istifadəyə verilib.

Bildirildi ki, ötən il rayonda 1071 daimi iş yeri açılıb. Bunlardan 34-ü yeni yaradılmış müəssisə və təşkilatlarda, 349-u mövcud müəssisə və təşkilatlarda, 688-i isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yanındadır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 20 layihə üzrə 1 milyon 625 min manat məbləğində güzəştli şərtlərlə kredit verilib və həmin kreditlər hesabına 131 iş yeri açılıb.

Məlumat verildi ki, 2017-ci ildə İsmayıllı Elektrik Şəbəkəsinə 64 milyon 330 min kilovat-saat enerji daxil olub, istehlakçılara 56 milyon 672 min kilovat-saat faydalı enerji ötürülüb. Elektrik enerjisinin haqqının illik yığımı 87 faiz yerinə yetirilib. “İsmayıllı-1” və “İsmayıllı-2” su-elektrik stansiyaları il ərzində 3 milyon 664 min kilovat-saat elektrik enerjisi istehsal edərək şəbəkəyə ötürüb.

İsmayıllı Qaz Xidmət Sahəsi 15 min 954 abonentə xidmət göstərir ki, bunun da 15 min 778-i əhali, 176-sı qeyri-əhali abonentləridir. Hesabat dövründə abonentlərə 27,6 milyon kubmetr qaz yanacağı verilib, satılan qazın dəyəri 113,5 faiz ödənilib.

 Su-kanal idarəsi 6512 əhali, 222 büdcə və kommersiya obyektinə xidmət göstərir. İsmayıllı şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin infrastrukturunun bərpası və tikintisinin başa çatdırılması nəticəsində hazırda şəhərdə əhali fasiləsiz olaraq içməli su ilə təmin olunur. Prezidentin müvafiq sərəncamlarına əsasən Xəlilli, Eyyubbəyli, Gideyli, Çayqovuşan, Çərmədil və Quşencə kəndlərinin içməli su təminatı tədbirlərinə
başlanılıb.

Rayonda əhaliyə göstərilən nəqliyyat xidmətinin keyfiyyəti getdikcə yaxşılaşır. Sərnişin avtobuslarının işində yaranmış müsbət dəyişiklikləri əhali razılıqla qarşılayır. Yeni avtovağzal kompleksi istifadəyə verilib.

Aqrar sektordakı uğurlardan danışan natiq qeyd etdi ki, ötən il taxılçı fermerlər 29954 hektar sahədən 106 min 643 ton məhsul əldə edib, hər hektardan 35,6 sentner məhsuldarlığa nail olublar. Taxıl istehsalı əvvəlki illə müqayisədə 4398 ton artıb. Bu, respublika üzrə məhsul istehsalına görə dəmyə şəraitdə taxıl yetişdirən rayonlar arasında rekord göstəricidir. Rayonda 15 hektar sahədə tütün əkini aparılıb, 27 min 100 kiloqram qurudulmuş tütün məhsulu Şəkidə fəaliyyət göstərən “İlham M” MMC-yə təhvil verilib. Bu da əvvəlki illə müqayisədə 23 min 702 kiloqram və ya 8 dəfə çoxdur. May ayında “Şəki İpək” ASC-dən 120 qutu barama gətirilərək kümçülərə paylanılıb və bu sahə ilə məşğul olan 50 ailə 2849 kiloqram barama təhvil verərək 1 ay müddətinə 24 min 438 manat gəlir əldə edib.

Bildirildi ki, hesabat ilində Basqal qəsəbə, şəhər 1 nömrəli, Lahıc qəsəbə, İvanovka, Qoşakənd, Mollaisaqlı kənd tam orta, Zərgəran kənd ibtidai məktəblərində cari təmir işləri aparılıb, Uşaq Gənclər İnkişaf Mərkəzində kürsü divarları aqlay plitələrlə üzlənib. Hacıhətəmli və Qubaxəlilli kənd tam orta məktəblərinin qazanxanalarına qaz xətti çəkilib.

Rayon məktəblərini bitirmiş məzunların ali məktəblərə qəbul imtahanlarında qazandığı göstəricilər də uğurludur. Belə ki, ötən il məzunların 354 nəfəri ali məktəblərə qəbul olunub. Bir nəfər – Lahıc qəsəbə tam orta məktəbinin məzunu Vahab Cəbrayılov 700 bal toplayaraq ən yüksək göstəriciyə nail olub. 26 nəfər 600-dən, 86 nəfər isə 500-dən yüksək bal toplayıb. Vahab Cəbrayılov və şəhər 6 nömrəli tam orta məktəbin məzunu Murad Ağazadə Prezident təqaüdünə layiq görülüblər.

Natiq sonda vurğuladı ki, ötən il qazanılmış nailiyyətlər bu il də davam etdiriləcək: “2018-ci il də xalqımız üçün yüksəliş, inkişaf, qələbələr ili olacaqdır”.

Toplantıda Prezident Administrasiyasının məsul əməkdaşı Rüfət Məmmədov, Milli Məclisin deputatları Novruzəli Aslanov və Tahir Kərimli iştirak ediblər.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında