"Xocalı simfoniyası" poeması əsasında çəkilmiş televiziya filmi təqdim olunmuşdur

Fevralın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin ("İsmailiyyə") binasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində tanınmış şair, Prezident təqaüdçüsü Nurəngiz Günün "Xocalı simfoniyası" poeması əsasında çəkilmiş televiziya filminin təqdimatı olmuşdur.
Ağamusa Nağıyev adına "Milli Dəyərlərin Qorunması" və "Qafqaz Media" ictimai birliklərinin birgə təşkilati dəstəyi ilə keçirilən tədbirin əvvəlində "Xocalı simfoniyası" filmi nümayiş etdirilmişdir.
"Milli Dəyərlərin Qorunması" İctimai Birliyinin sədri Dilarə Nağıyeva demişdir ki, filmin məhz keçmiş "İsmailiyyə" binasında göstərilməsi rəmzi məna daşıyır. Çünki bu bina da 1918-ci ildə ermənilər tərəfindən dağıdılmışdır.
Qeyd olunmuşdur ki, N.Gün ədəbiyyat aləmində 1981-ci ildə yazdığı "Tanrı povesti" əsəri ilə tanınmışdır. O, 30 ildən artıqdır ki, yüzlərlə şeir, povest və hekayələri, publisist yazıları ilə geniş oxucu auditoriyasının diqqətini cəlb etmişdir. Sənətkarın ədəbi nümunələri Türkiyə, Estoniya, Özbəkistan, İran və İraq oxucularına da yaxşı tanışdır.
Müəllifin "Xocalı simfoniyası" poemasını oxuyan, bu poema əsasında çəkilmiş filmə baxan hər kəs həyəcanını boğa bilmir, erməni vandalizminin təkcə azərbaycanlılara deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş barbarlıq aktı olduğu qənaətinə gəlir.
Mərasimdə deyilmişdir ki, müəllifin "Xocalı simfoniyası" poemasının ekran üzü görməsi, 3 dildə - Azərbaycan, rus və ingilis dillərində səslənməsi bütün dünya ictimaiyyətinin diqqətini Xocalı qətliamının gerçək mahiyyətini anlamağa və onun üzərində düşünərək nəticə çıxarmağa cəlb etmək baxımından olduqca əhəmiyyətlidir.
Poema əvvəldən axıradək müəllifin öz səsi ilə, Xocalı müsibətindən bəhs edən süjetlərin fonunda səsləndirilir. N.Gün vaxtilə Azərbaycan televiziyası və radiosunun aparıcı diktorlarından olmuşdur. Səsi, avazı, intonasiyası bu gün də həsəd aparılacaq yüksək səviyyədədir.
N.Gün əsər boyu tamaşaçını inandıra bilir ki, insanlığa qarşı yönəlmiş heç bir cinayət cəzasız qalmamalıdır.
Tədbirdə Milli Məclisin deputatları Musa Qasımlı, Gülər Əhmədova, Çingiz Qənizadə, Etibar Hüseynov, Flora Qasımova, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Arif Həşimov və başqaları çıxış edərək filmin yüksək bədii-siyasi səciyyəsini, sənətkarlıq dəyərini yüksək qiymətləndirmişlər.
Mərasimdə Nurəngiz Gün çıxış edərək "Xocalı simfoniyası"nı ürəyinin hökmü ilə yazdığını demişdir. O, yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında