Şriftin ölçüsü:
22.02.2011 06:03 | Oxunma sayı: 495
Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı İslam Konfransı Gənclər Forumu (İKGF) "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində genişmiqyaslı aksiyalar keçirəcəkdir.
Bu barədə İKGF-nin baş katibi Elşad İsgəndərov fevralın 21-də keçirdiyi mətbuat konfransında bildirmişdir.
E.İsgəndərov qeyd etmişdir ki, fevralın 24-dən martın 1-dək dünyanın 30-dək ölkəsində keçiriləcək tədbirlərin əsas məqsədi beynəlxalq ictimaiyyətin diqqətini dünya liderlərinə yönələcək petisiya kampaniyasına cəlb etməkdir. Kampaniyanın saytında (www.justiceforkhojaly.org) xüsusi petisiya hazırlanmışdır. Bu saytdan əlaqələndiriləcək imzatoplama aksiyası ABŞ Prezidenti və Konqresinə, Avropa İttifaqına və Avropa Parlamentinə, Avropa Şurasının baş katibi və Parlament Assambleyasına yönələcəkdir. Dünyanın istənilən dövlətinin vətəndaşı ölkəsinin daxil olduğu beynəlxalq quruma və ölkə rəhbərliyinə ərizə ilə müraciət edərək onları Xocalıda baş vermiş kütləvi qırğını insanlığa qarşı cinayət kimi tanımağa və bu faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə dəstək verməyə çağıra bilər. İmzatoplama kampaniyası bir il ərzində davam etdiriləcək və ilin sonunda fəallar tərəfindən sözügedən qurumların rəhbərlərinə təqdim ediləcəkdir. Eyni zamanda, internet vasitəsilə atılan hər bir imza online rejimdə ünvanına çatdırılacaqdır.
Vurğulanmışdır ki, İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın irəli sürdüyü "Xocalıya ədalət" beynəlxalq kampaniyasının əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.
E.İsgəndərov bildirmişdir ki, fevralın 25-də Moskvada Xocalı faciəsi qurbanlarının xatirəsinə anma mərasimi və Robert Arakelovun "Erməni ziyalısnın etirafları" kitabının təqdimatı keçiriləcək, "Xocalıya ədalət" kampaniyasının saytının yeni versiyası təqdim ediləcəkdir.
Fevralın 24-də Böyük Britaniya Parlamentinin Lordlar palatasında konfrans keçiriləcəkdir. Konfransda Xocalı faciəsini araşdırmış Scott Taylor və Lord Laird çıxış edəcəklər.
Fevralın 26-da isə Berlində Bundestaqın sabiq üzvü E.Lintnerin rəhbərlik etdiyi Alman-Azərbaycan Əlaqələrinin İnkişafı Cəmiyyətinin təşkilatçılığı ilə Almaniya parlamentinin binasında Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı konfrans keçiriləcəkdir. Berlin Filarmoniyasında "Berlin Classic Players" orkestrinin konserti olacaqdır.
Bundan əlavə, fevralın 26-da "Xocalıya ədalət" kampaniyasının Litvadakı təmsilçisi Eva Lukasın və Seymin üzvü Mantas Adomentasın birgə təşkilatçılığı ilə Litva parlamentinin Konstitusiya zalında konfrans keçiriləcəkdir. Konfransda Litva Seyminin deputatları, jurnalistlər və ictimai xadimlər iştirak edəcəklər.
Haaqada Sülh sarayının qarşısında isə fevralın 26-da "Xocalıya ədalət" kampaniyasının fəalları tərəfindən çadırlar qurulacaq və gün ərzində Xocalı haqqında ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
İlk dəfə olaraq cari ildə dünyanın 30 aparıcı ali təhsil ocağında, o cümlədən Mançester, Hyuston, Florida, Linkopinq, Berlin, Potsdam və digər universitetlərdə "Soyqırımı cinayətinin qarşısının alınmasına və cəzalandırılmasına dair beynəlxalq konvensiyanın qüvvəyə minməsinin 60-cı ildönümünə" və Xocalı qətliamının 19-cu ildönümünə həsr edilmiş FM tipli (flashmob) dinc tələbə aksiyaları təşkil ediləcəkdir. Aksiyalarda petisiyalar üçün imzalar toplanacaqdır.
Vurğulanmışdır ki, "Xocalıya ədalət" kampaniyasının əsas məqsədlərindən biri Xocalı faciəsinin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Yanvarın 18-də İKGF-nin təşəbbüsü ilə İKT-yə üzv dövlətlərin Parlament İttifaqı (İKT Pİ) Şurası üzv dövlətləri Xocalı faciəsini insanlığa qarşı törədilmiş kütləvi cinayət kimi tanımağa çağıran Əbu Dabi Bəyannaməsini qəbul etmişdir. Bəyannamə İKGF-nin təşəbbüsü ilə irəli sürülmüş "İKGF və İKT Pİ arasında əməkdaşlıq" haqqında qətnamənin İKT Pİ Şurası tərəfindən təsdiqlənməsi nəticəsində qəbul edilmişdir. Sənəddə vurğulanır ki, İKT Pİ-yə üzv parlamentlər erməni silahlı qüvvələri tərəfindən Xocalının dinc sakinlərinə qarşı törədilmiş kütləvi qırğını insanlığa qarşı cinayət kimi qiymətləndirmişlər.
Qeyd edilmişdir ki, builki tədbirlər çərçivəsində Xocalı hadisələrini əks etdirən əyani vəsaitlər hazırlanmış və diaspor təşkilatlarına göndərilmişdir.
Sonda Xocalı hadisələrini əks etdirən və erməni təbliğatını ifşa edən fotolar, videoçarx göstərilmişdir.{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.