"Bir qış gününün xatirəsi"nə sığındı könlüm...

{nl}

Vətən, torpaq, yurd sevgisi doğma ocaqdan, eldən başlayır. Sən öz böyük Vətənini də kiçik kəndinin bir ovuc torpağından, bir çiçəyin ətrindən sevməyə başlayırsan. Arı güllərin şirəsini çəkdiyi kimi, sən də bu sevgini içinə çəkib güc alırsan yaşamağa, yaratmağa. Bir günsə o torpaq, o doğma el-oba çağırır səni öz borcundan çıxmağa...
Bu qış həm isti keçdi, həm mülayim, həm də gecikdi. ...Birdən-birə düşən soyuqsa təkcə canımı yox, ruhumu, qəlbimi də üşütdü. Gecikmiş qışın qəfil sazağından, soyuq küləyindən, bomboz rəngə bürünmüş günlərindən usanıb pənah gətirdi ruhum "Bir qış gününün xatirəsi"nə. Könül evimdə baş qaldırdı soyuq günlərin isti xatirəsi. O qış gününün istisini hələ payızda duymuşdum - Novruz Nəcəfoğlunun "Bir qış gününün xatirəsi" kitabını əlimə alarkən. Niyə istisini? Çünki bu kitabın hər sətri, hər kəlməsi istiydi yay kimi, gözəl idi yaz kimi, pərişan idi payız xəzəli kimi... Mənsə qəlbimi ovudacaq, ruhumu oxşayacaq o sözü gəzirdim. Qışın cansıxıcı əhval-ruhiyyəsindən qurtulub isinmək istəyirdim bir qış gününün xatirəsində. Gəzdiyim o isti kəlmə, o həlim söz, o həssas ruh süzülüb gəlirdi misralardan:
Gedib çata bilmədiyim,
O dağ məni bağışlasın.
Meyvəsini dadmadığım,
O bağ məni bağışlasın.
Məni də o kənd bağışlasın. O ev, o həyət, o yol, o yamac, o cığır bağışlasın. İndi küskün-küskün yuxularıma girən o yerlər bağışlasın. Şəhərdə böyüsəm də yay tətillərimiz baba yurdumda - Astaranın Pensər kəndində keçirdi. Və mən o kəndi çox sevmişdim, ora isti ocağım, qayğıkeş, bəxtəvər uşaqlığımın yeganə məkanı idi.
Nəcəfoğlu poeziyasında yurduna bağlılıq, daşına, çınqılına, uçan quşlara, saralan yarpaqlara, hər qarış torpağına məhəbbət onun bütövlükdə Azərbaycana məhəbbətidir. Vətənə məhəbbət doğma ocaqdan, ana laylasından, nənələrin şirin nağıllarından, səs-küylü uşaqlıqdan, şirin ləhcədən, ən əsası isə bir tikə çörəkdən başlayır mənimçun. O çörək halaldırsa harada olsan belə çağıracaq səni, o ocaq da qucaq açacaq sənə. Elə bu ehtiyacdan, bu istəkdən, bu böyük, həm də mümkünsüz arzudan doğdu "Bükün məni qundağıma" şeiri:
Büküb məni bələyimə,
Apar, o dünyama qaytar.
Qoy nənniyə, as ağacdan,
Ruhum orda qərar tutar.
Vərəqlər çevrildikcə, bir şeirin üzərində ilişib qalıram. Bir ana qəlbindən qopub şair diliylə deyilən kəlmələr məni öz ağuşuna alıb aparır. Yana-yana oxuyuram o ananın bir şeirə sığan həyat dastanını. Nədənsə, qulaqlarıma Rübabə Muradovanın yanıqlı səsi gəlir - "Qaragilə" mahnısı. Sanki bu nəğmənin sədaları altında bir ana ağı deyir özünə, nalə çəkir taleyinə:
Keçdiyim yol qar oldu,
Döngələri dar oldu.
Qismətim nəhs gətirdi,
Günüm ahu-zar oldu.
"Anam eyvandan baxırdı" şeiri ömrü zəhmətlə əzab-əziyyətdə keçən ananın oğlunun ən xoşbəxt günündə toyuna kənardan - eyvandan baxması adamı kövrəldir. Kiçik bir şeirdə həm böyük məna, həm də kövrək notlar öz əksini tapıb:
Tanrının bu işlərinə karıxmışdım,
Sevincinin ilk payına,
İlk oğlunun ilk toyuna
Anam, eyvandan baxırdı.
Böyüyə hörmət, kiçiyə mərhəmət, kimsəsizə şəfqət, dosta sədaqət, elinə-obasına məhəbbət hissi Novruz Nəcəfoğlunun iç dünyasının, mənəvi zənginliyinin təzahürüdür. Və bu amillər onun poeziyasında öz əksini tapmışdır.
"Gətirəydin" adlı şeir Novruz müəllimin ömrünün müdrik çağında ahıl qocanın gəlişindən doğan oğul sevincini, məsum fərəhini ifadə edir:
Doğma eldən gələn, ixtiyar qoca,
Bu payız ömrümə yaz gətirmisən.
Kövrək xatirələr, həzin nəğmələr,
Ruhumu oxşayan saz gətirmisən.
Birdən-birə elə bil şair qəlbi yorulur əzablardan, yorğun cismi də köklənir ovqatına. Üzünü dünyaya tutub gileylənir - taleyindən, qismətindən, çıxa bilmədiyi dar qəfəsdən. Ömrünün sürüşkən yollarında yıxılıb durmaqdan, ilişib qaldığı dar döngələrdən yorulub deyir:
Güzar quzeyədir, güneylər çəndi,
Atım qaranaldı, yol sürüşkəndi.
Aşinam ələmdi, həmdəmim qəmdi,
Bəlkə tuş gəlmişəm qarğışa, dünya?!
Bəzən isə "bir qucaq küləyəm, bir əlçim bulud" deyən şair qoşulub getmək istəyir əsən rüzgara. Yağışa qovuşa bilmədiyindən gileylənir. Axı, bu, necə dünyadı?
Yaxamdan əlin çək, qoy çıxıb gedim,
Dirəmə yolumu yoxuşa, dünya.
Bu dünyayla savaşmı, yoxsa öz-özüylə? Bəzən çaşqınlıq içində o, özünü gəzdi, özündən uzaq düşən özünü:
Öz borcumu anlamışam,
Bilirəm ki, düz əyrini kəsəcəkdir.
Mərd namərdi əzəcəkdir.
Dünya hələ dözəcəkdir,
Mən Tanrıya tapınmışam.
Mən Novruz Nəcəfoğlunu dağ vüqarlı, qürurlu insan kimi tanımışam həyatda. Uca boyu, əzəmətli yerişiylə qoynunda boya-başa çatdığı başı ənginliklərə söykənən dağları xatırladır. "Dəfn elə" şeirində o, dağ vüqarıyla ilk və son mənzilini də elə dağlar qoynunda görür. Halallıq istəyir elindən-obasından, tikan olub yurdunda bitməyə hazırdır, nəinki qürbətlərdə qalmağa:
O yerdə ki, iməklədim, yeridim,
O yerdə ki, ayaq tutdum, yürüdüm.
O yerdə ki, əzizləndim, böyüdüm,
Uşaqlığım itən yerdə dəfn elə.
Novruz Nəcəfoğlu yaşantılarında öz sözünü tapdı, ona söykəndi ömür payında, son mənzil yerini də doğma elində arzuladı. Söz və yurd. Bu iki əsas amil onun həyat kredosudur. Və o, əlinə qələm aldığı gündən sözə sadiq qaldı.
"Bircə sətir yaz" şeirində sözün onun üçün necə müqəddəs olduğunu anlayırsan. O, sözü ilahi bir duyğu sanir və ehtiyacı var bu sözə. Söz onu həm öldürə bilər, həm də yaşada. Nə var-dövlət, nə uca saraylar istəmədi Tanrıdan. Yalnız ürəyini ovuda biləcək, ruhuna sarılıb onu yaşada biləcək sözü gəzdi:
Duyğunsa söz mümkündür,
Havasında üzürsən.
Üzdüyün o havadan,
Bir udum ver, udum mən.
Bircə kəlmə söz olsun,
Dolum, qürrələnim mən.
Daha bir xahişim var,
Ölümümə bir sətir,
Bircə bənd yaz, sən Allah!
Qoy ədəbi yaşayım,
Daha heç ölməyim mən!
...Nə vaxtdır mən də gəzirdim o sözü. İçimi söküb-tikən, məni tənhalığın soyuq əlindən alıb öz isti ocağında isidə biləcək sözü. Etiraf edim ki, Nəcəfoğlu poeziyasında məhz o sözü tapdım. İnsanın özündən qaçmaq istərkən onu özünə qaytara biləcək sözü.
Könlüm zirvələrlə görüşmək istər,
Yol tapa bilmirəm duman əlindən.
Hansısa şairin şeirindəndir. Mən də yol tapa bilmirdim söz mülkünə. Şairin söz yolu mənim də bələdçim oldu, apardı məni özüylə. Çoxdandır məni tərk etmiş ruhum da qayıtdı sanki, isindim bir qış gününün xatirələrində.

{nl}


Aida ŞÜKÜRLÜ, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında