Şamaxı: Yenilik istəyi inkişafa zəmin yaradır

2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə  həsr olunmuş ümumrayon toplantısında geniş hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Ağayev ötən il sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlar,  aparılan tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, işdə yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Diqqətə çatdırılıb ki, Azərbaycan dövlətinin  müəyyənləşdirdiyi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində 2017-ci il Şamaxı rayonu üçün də uğurlu olub. 2016-cı illə müqayisədə 2017-ci ildə ümumdaxili məhsulun həcmi 21 faiz artaraq 181,7 milyon manat olub. Sənaye müəssisələrində məhsul istehsalı 28,8 faiz artaraq 6,7 milyon manat təşkil edib.

Vurğulanıb ki, əsas kapitala investisiya qoyuluşu tikinti-quruculuq işlərinin genişləndirilməsinə, rayonun aqrar sektorunun inkişafına mühüm təsir göstərib. Bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 38,8 milyon manat vəsait yönəldilib. 2017-ci ildə tikinti-quraşdırma işlərinin həcmi 92,1 faiz artaraq 38,8 milyon manat olub.

Natiq qeyd etdi ki,  Şamaxı şəhəri uzun illər su təchizatı problemini yaşayıb. Ona görə də şəhərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 2010-cu idən başlanılıb və 2017-ci ildə tikilən 4 anbardan əhali cədvələ uyğun olaraq, içməli su ilə təmin olunub. Bundan əlavə, hesabat ili ərzində rayonun Qaravəlli, Qızmeydan, Göylər, Quşçu, Çarhan kəndlərində və Şəhriyar qəsəbəsində subartezian quyuları qazılıb. 2018-ci ildə  əlavə su anbarlarının tikilməsi və şəhərin yeni salınmış yaşayış massivlərində su-kanalizasiya xətlərinin çəkilməsi istiqamətində işlər davam etdiriləcək.

Yeri gəlmişkən, 2018-ci il Şamaxıda “Asan xidmət” mərkəzinin tikilməsi ilə də yadda qalacaq. Artıq mərkəzin yerləşəcəyi sahə müəyyənləşdirilib və tikintinin aparılması üçün 3 hektar torpaq ayrılıb.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının dördüncü ilinin icrası ilə əlaqədar verilmiş  tövsiyyələr Şamaxı rayonunda da dərin razılıq hissi ilə qarşılanıb. Həmin proqrama uyğun olaraq, ölkəmizin 2 magistral avtomobil yolu – M-2 Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi və M-4 – Bakı–Şamaxı–Yevlax avtomobil yolları arasında yeni bir bağlantı yaratmaq, respublikadakı turizm potensialından daha uğurlu istifadə etmək məqsədilə 2011-ci ildə 35,8 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən 53 kilometrlik Şamaxı–Çöl Göylər–Padar avtomobil yolunun açılışında iştirak edən dövlət başçısı bu yolun həm sosial, həm də iqtisadi baxımdan çox böyük əhəmiyyətə malik olduğunu, Aran iqtisadi rayonu ilə Dağlıq Şirvan iqtisadi rayonu arasındakı əlaqələrin daha da möhkəmləndiyini və bu yolun üstündə böyük kənd təsərrüfatı müəssisələrinin yaradıldığını qeyd etmişdi. Bu yolun tikintisi zamanı rayonun Adnalı və Çarhan kəndlərinin giriş yollarında da təmir işləri aparılıb.

Zəngin potensialı olan paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində turizm obyektlərinin yaradılması kompleks xarakter daşıyır. Bu komplekslərdən biri də Şamaxının  Dəmirçi kəndində yaradılıb. Belə ki, kənddə görülən işlər bir neçə istiqamətdə həyata keçirilib. İlk növbədə, dövlət başçısının  göstərişi ilə ölkəmizin ən qədim dini ocaqlarından olan 755-ci ildə inşa edilmiş Dəmirçi məscidi bərpa olunub. Ailə biznesinin qurulmasını və bu biznesdən alınan məhsulların satışını nəzərdə tutan, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyəti üçün şərait yaradılıb.

Kənddə Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgi açılıb və xalçanın toxunub turistlərə satılması üçün “Azərxalça” ASC-yə də yer ayrılıb. Kənddə dəmirçilik sənətinin dirçəldilməsi və bu sahəyə marağın artırılması məqsədilə dəmirçi dükanı və emalatxanası tikilərək kənd misgərlərinin istifadəsinə verilib.

Natiq xüsusilə vurğuladı ki,  keçən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından biri idi. Hazırda bu sahənin inkişafına xüsusi diqqət göstərilir. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın qarşıya qoyduğu mühüm vəzifələr uğurla icra olunur. Rayonda üzümçülük yeni inkişaf dövrünü yaşayır.

Tikinti-quruculuq və abadlıq işlərindən danışan rayon rəhbəri qeyd etdi ki,  şəhərin mərkəzindəki 20 Yanvar parkının yenidən qurulması və əsaslı təmir işləri yarım il ərzində başa çatıb. Bundan əlavə 4 saylı 100 yerlik körpələr evi-uşaq bağçası və Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası artıq istifadəyə hazırdır. Şəhərin H.Əliyev, S.Ə.Şirvanı, Gənclər, N.Nərimanov və Şirvan küçələrində yerləşən 43 çoxmənzilli yaşayış binalarının dam örtükləri dəyişdirilib, fasad hissələri təmir edilib və hazırda bu işlər davam etdirilir. 

Şəhərin Ağsu istiqamətinə çıxışında abadlıq və tikinti işləri davam etdirilir. Həmin ərazidə 1200 metr məsafədə piyada səkisi və 10 min kvadratmetrdən artıq asfalt-beton örtüyü salınıb. Əngəxaran, Çuxuryurd və Nağaraxana kəndlərinin mərkəzi küçələrində 2016-cı ildən başlanmış tikinti və abadlıq işləri davam etdirilib. Küçə boyu barılar üzlənib, dəmir barmaqlıqlar quraşdırılıb, piyadalar üçün yeni səkilər salınıb,  evlərin və inzibati binaların fasad hissələri rənglənib və dam örtükləri yenisi ilə əvəz edilib.

Qeyd edildi ki, “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə hesabat ilində “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində həyata keçirilmiş ağacəkmə və yaşıllaşdırma kampaniyasında müxtəlif növdə 2300 ədəddən çox ağac və gül kolları əkilib.

Rayon rəhbəri qeyd etdi ki, 2017-ci ildə qazanılmış uğurlar şamaxılıların 2018-ci ildə daha böyük nailiyyətlərə imza atacağından xəbər verir.

Tədbirdə Prezident Administrasiyasının məsul əməkdaşı Rüfət Məmmədov iştirak etmişdir.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında