Cəlilabad yaz ovqatında, yenilik həvəsindədir

Gözəl növrağı, bərəkətli torpağı olan bölgələrimizdən biri də Cəlilabaddır. İllik hesabat yığıncağından əvvəl rayondakı  Heydər Əliyev Mərkəzində təşkil olunmuş kənd təsərrüfаtı və sənаyе məhsullаrı sərgisi bu qənaəti bir daha təsdiqləyib. Sərgiyə baxan hər kəs böyük həvəslə cəlilabadlıların hünər və zəfər dastanını vərəqləyib, nailiyyətlərlə fəxr edib. 

Elə bir qədər sonra başlanan yığıncağa da iştirakçıların yaz ovqatı, yenilik həvəsi hakim kəsilmişdi. Rayona yenicə icra başçısı təyin edilmiş Namiq Zeynalov giriş nitqində bildirdi ki, 2017-ci il bütövlükdə ölkəmizdə olduğu kimi, Cəlilabad rayonunda da uğurlar ili sayılır.   Dövlətimizin başçısının sentyabrın 2-də rayona tarixi səfəri isə ilin ən mühüm hadisəsi olub. Səfər çərçivəsində şəhərin içməli su təchizatı sistemi və kanalizasiya şəbəkəsinin, telekommunikasiya qovşağının əsaslı şəkildə yenidən qurulan inzibati və texnoloji binasının, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun, “Avanqard” MMC-yə məxsus müəssisənin, “Günəşli-Aqro” MMC-nin aqroparkının açılış mərasimlərində iştirak etmiş və rayonda həyata keçirilən tədbirləri yüksək qiymətləndirilmişdir.    

Cəlilabadda abadlıq və tikinti-quruculuq işləri ötən il də geniş vüsət almış, əsas kapitala 32 milyon 569 min manat investisiya yönəldilmiş, sosial və istehsal təyinatlı bir sıra obyekt istifadəyə verilmişdir. Belə ki, Göytəpə şəhərində leysan yağışları nəticəsində uçmuş 15 mənzilli yaşayış binasının sakinləri üçün fərdi yaşayış evləri tikilmişdir. Bundan başqa, 5,7 kilometrlik Göytəpə-Komanlı və 9 kilometrlik Cəlilabad-Uzuntəpə yoluna asfalt vurulmuş, Ələt-Astara avtomobil  yolunun Cəlilabad  rayonu  ərazisindən keçən hissəsi təmir edilmiş, şəhərdəki 30 çoxmərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilmiş və digər bu kimi işlər görülmüşdür.

Ölkədə icra edilən “40 yol layihəsi” çərçivəsində yenidən qurulmuş Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolu ölkədə sosial layihələrin icrasının davamlı xarakter aldığını aydın göstərir. 20 min nəfər əhalinin yaşadığı 23 kəndi birləşdirən 21,2 kilometrlik bu yol yük və sərnişin daşınmasının əsaslı şəkildə yaxşılaşmasına müsbət təsir etmişdir. Ölkə başçısının 2017-ci il 4 sentyabr tarixli sərəncamı ilə ayrılmış vəsaitlə Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisi davam etdirilir. Beləliklə 59 kənddə yaşayan 60 min nəfər əhalini narahat edən bir problem tam aradan qalxacaq. Həmçinin “İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi” çərçivəsində on kəndin daxili yolları təmir edilmiş və 89,8 kilometr yola çınqıl döşənmişdir.

Cəlilabadda “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” də həyata keçirilir. Layihədə şəhərin 2030-cu il üçün proqnozlaşdırılan 77 min nəfər əhalisini ekoloji təmiz içməli su ilə təmin etmək üçün 11035 evin  su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması nəzərdə tutulmuşdur. Tikinti bu ilin yazında tam başa çatdırılmalıdır. 

Keçən il rayonda sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı daha da artmışdır. Ümumi daxili məhsulun həcmi 2003-cü ilə nisbətən 4,8 dəfə,  2016-cı ilə nisbətən isə 62,6 faiz artmışdır. Rayon üzrə 7 milyon 244 min manatlıq sənaye məhsulu hazırlanmış, bitkiçilik və heyvandarlıq sahələrində uğurlu nəticələr əldə edilmişdir. Ölkə başçısının tapşırığına əsasən rayonda pambıqçılığın inkişaf etdirilməsi üçün ardıcıl iş aparılmış, 500 hektar sahədə pambıq əkilmiş və 1000 ton məhsul istehsal edilmişdir. Baramaçılığın inkişafına diqqət artırılmış, bu məqsədlə ilkin olaraq 10 min ədəd tut ağacı əkilmiş, baramaçılar tərəfindən “Şəki-ipək” ASC-yə 243 kiloqram məhsul təhvil verilmişdir. Muğan kəndində bitki yağları zavodu, Qarazəncir kəndində pendir sexi və Uzuntəpə kəndində balıqçılıq təsərrüfatı yaradılmış, məşğulluq təmin edilmişdir.     

“Avanqard” MMC-nin yeni müəssisəsində noxud, lobya, mərci və digər paxlalı bitkilərin çeşidlənməsi və qablaşdırılması üçün müasir avadanlıqlar quraşdırılmışdır. “Günəşli aqroparkı”na məxsus torpaqlarda xeyli arpa, şəkər çuğunduru, buğda, pambıq, qarğıdalı və yonca əkilmişdir. Burada 500 baş südlük istiqamətli heyvandarlıq kompleksi üzrə 2 ferma binası, talvarlar və yardımçı binalar tikilmişdir. Gələcəkdə 2500 baş ətlik istiqamətli heyvanların saxlanılması və mal-qaranın ümumi sayının 3000 başa çatdırılması nəzərdə tutulmuşdur. İlkin mərhələdə “Aqrolizinq” ASC-nin xəttilə xaricdən 232 baş cins inək gətirilmiş, 40 elektron və 20 mexaniki sağım aparatı quraşdırılmışdır. Hazırda isə yeni ferma binalarının, gündəlik emal gücü 20 ton olan süd zavodunun və illik gücü 1000 ton olan ət kəsimi zavodunun tikintisinə başlanmışdır. Layihənin icrası nəticəsində 350-dək yeni iş yeri açılacaq.

Sonra təhsil, səhiyyə, mədəniyyət, gənclərlə iş sahələrinin uğurları sadalandı, qarşıda duran vəzifələr diqqətə çatdırıldı. Milli Məclisin deputatları Mirkazım Kazımov, Malik Həsənov, Fəzail İbrahimli və Prеzidеnti Аdministrаsiyаsının məsul işçisi Habil Əzənmədov  çıxış etdilər. 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında