Lerik: Tərəqqi meyilləri ilbəil güclənir

Dörd yandan dağlarla əhatə olunan Lerikin həm təbiət mənzərələri, həm də insan əllərinin qüdrəti ilə yaradılan gözəllikləri fərəh doğurur. Dağ yerinə xas olan bütün çətinliklərə baxmayaraq, burada abadlıq-quruculuq işləri heç vaxt səngimir, əhalinin həyat şəraiti ilbəil daha da yaxşılaşır. Ötən ilin yekun hesabat yığıncağında bu barədə ətraflı danışılmışdır. 

Rayon Mədəniyyət Mərkəzində keçirilən hesabat yığıncağında icra hakimiyyətinin başçısı Rövşən Bağırov görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə etdi. O bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə respublikada həyata keçirilən iqtisadi islahatlar bu rayonun da həyatında böyük irəliləyişə səbəb olmuşdur. Nailiyyətlər əsasən kənd təsərrüfatı və tikinti-abadlıq sahələrini əhatə etmişdir.

Dövlət başçısının Qaxda və Lənkəranda keçirdiyi müşavirələrdəki tövsiyə xarakterli nitqləri aqrar sahə üzrə əsas fəaliyyət proqramı kimi qəbul edilmişdir. Ənənəvi kənd təsərrüfatı sahələrinin bərpası sahəsində rayonda xeyli  iş görülmüşdür. Belə ki, keçən il 25 hektar sahədə tütün, ilk dəfə olaraq 50 hektar sahədə 60 mindən artıq fındıq tingləri əkilmişdir. Bu il   tütün sahələrinin, fındıq bağlarının genişləndirilməsi, ərazilərdə bir neçə tütün qurutma məntəqəsinin tikilməsi nəzərdə tutulur. Bununla bərabər, vətəndaşlarla aparılan izahat işləri sayəsində rayonun əkin sahələrinin dövriyyəsi xeyli artmışdır. Taxıl, kartof, tərəvəz sahələrindən, meyvə bağlarından bol məhsul əldə edilmişdir.

Hesabat ilində leriklilər heyvandarlıq sahəsində də uğurlar əldə etmişlər. Heyvanların cins tərkibi yaxşılaşdırılmış, Blaband və Rəzgov kəndlərində yeni fermalar inşa edilmişdir. Quşçuluq müəssisəsində 1 milyon 010 min baş quş yetişdirərək 10,04 sentner quş əti istehsal olunub satılmışdır. Bundan başqa, 52 milyon 435 min manatlıq bitkiçilik və heyvandarlıq məhsulları istehsal edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 12 faiz çoxdur. Veri-Əliabadı və Piran kəndlərində iş adamları tərəfindən 2 hektar torpaq sahəsində 44 istixana tikilmişdir. 15-20 nəfər kənd sakininin işlədiyi istixanaların beşində qərənfil, digərlərində isə pomidor və xiyar becərilir. Divağac kəndində özəl soyuducu anbarı tikilir.

Hesabat ilinin yaz və payız mövsümündə 88 hektar sahədə qoz bağları salınmışdır. YAP rayon təşkilatının  üzvləri də iməcilik yolu ilə meyvə ağaclarının əkilməsinə qoşulmuşlar. Mövsümə uyğun olaraq rayon icra hakimiyyətinin təşkilatçılığı ilə idarə, müəssisə və təşkilatların əmək adamları Lerik şəhərində mövcud olan park və xiyabanlarda, ərazilərə gedən avtomobil yollarının kənarlarında müxtəlif növ ağac, kol və güllər əkmişlər.

Məruzəçi bildirdi ki, təbiətin şıltaqlığı üzündən Lənkəran-Lerik avtomobil yolunun dağılmış hissələrinə asfalt döşənmiş, istinad divarları hörülərək sürüşmələrin qarşısı alınmış, nəqliyyatın hərəkəti bərpa edilmişdir. Son illər ölkə rəhbərinin yol infrastrukturunun yenilənməsi ilə bağlı sərəncamlarına uyğun olaraq 26,5 kilometrlik Lerik-Qosmalıan-Kəlvəz avtomobil yolu inşa edilmişdir, 36 kilometrlik Noda-Şingədulan-Xanəgah yolunun tikintisi isə davam etdirilir.

İl ərzində Lerik şəhərində 976 min manat həcmində tikinti-abadlıq işləri həyata keçirilmişdir.  AME A-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ABŞ və Fransadan olan həmkarları ilə birgə Gürdəsər və Monidigah kəndlərinin ərazisində elmi yeniliklərlə zəngin olan tədqiqatlar aparmışdır. 

Rayon əhalisinin elektrik enerjisi, təbii qaz və su ilə təmin edilməsi daim nəzarətdə saxlanılmışdır. Lerik şəhərinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması ilə bağlı Qosmalıan-Lerik yüksək təzyiqli magistral su xətti, şəhərdaxili su və kanalizasiya xətlərinin bir hissəsi quraşdırılmış, bir neçə məhəllədə sututarları inşa edilmişdir. Hazırda içməli suyun təmizlənərək əhaliyə verilməsi, çirkab suların təmizlənməsi üçün qurğular inşa edilir, tikintidə son tamamlanma işləri həyata keçirilir.

 Daha sonra Rövşən Bağırov rayonda əldə edilmiş uğurlarla yanaşı, ölkə başçısının vətəndaş-məmur münasibətləri ilə bağlı tələblərinə uyğun olaraq vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və kargüzarlıq işlərinin aparılması vəziyyəti haqqında məlumat verdi. Qarşıda duran vəzifələri diqqətə çatdırdı.

Məruzə ətrafında müzakirələrə qatılan rayon maliyyə idarəsinin müdiri Elman Abbasov, kənd təsərrüfatı idarəsinin müdiri Mahmud Zahidov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və  Şəhid  Ailələri İctimai Birliyi Lerik rayon şöbəsinin sədri Veysəl Məlikov, sahibkar Ümidvar Kəlbiyev, ağsaqqal Vahid Cəbrayılov   2017-ci ildə rayonda ayrı-ayrı sahələr üzrə görülən işlərdən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışdılar. Lerik peşə məktəbinin müəllimi Rəsmiyyə Ağayeva xalçaçılığın inkişafında  fəaliyyətinin qiymətləndirilməsinə və “Tərəqqi” medalı ilə təltif edildiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi.

Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov iclasda çıxış etdi. O, ölkəmizin tərəqqisindən danışdı, Lerikdə görülən işləri təqdir elədi və qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini çatdırdı.

Sonda  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.  

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında