Qax: Uğurlu investisiya layihələri inkişafı sürətləndirir

Hesabat ilində respublikamızın bütün rayonlarında olduğu kimi, Qaxda da çoxsaylı iş görülüb və məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, rayon statistika idarəsindən verilmiş məlumatlara görə, 2017-ci ildə ümumi daxili məhsul buraxılışı 154 milyon 339 min manatlıq olub ki, bu da əvvəlki illə müqayisədə 40 faiz çoxdur. Ötən il büdcəyə 3 milyon 713 min manat proqnoza qarşı 3 milyon 802 min manat vəsait daxil olub ki, bu da proqnozun 102,4 faizi deməkdir. Büdcəyə yığılmış vəsaitin həcmi 2016-cı ilə nisbətən 201 min manat çox olub. 595 yeni iş yeri açılıb. Bu da əvvəlki illə müqayisədə 48 iş yeri çoxdur. Rayon üzrə orta aylıq əməkhaqqı 238,7 manat olub ki, bu da əvvəlki illə müqayisədə 5, 5 manat çoxdur.

Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon toplantısında bu fikirləri səsləndirdikdən sonra əlavə etdi ki, hesabat ili rayonumuzun ictimaiyyəti üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bölgəmizə səfəri ilə əlamətdar, yaddaqalan olub: “Cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğının nəticəsidir ki, 2006-cı ildən ötən dövr ərzində dövlət başçısı rayonumuza 7 dəfə səfər edib. Prezident Qax səfərləri zamanı rayonumuzda bir sıra sosial-infrastruktur obyektlərinin açılışında iştirak edib və görülmüş işlərə yüksək qiymət verib.

 Belə ki, avqustun 3-də ölkə başçısı rayonumuza növbəti səfəri zamanı Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun, Zaqatala-Qax-Qorağan avtomobil yolunun Qax-Zaqatala hissəsinin, Bayraq Muzeyinin, yeni elektrik yarımstansiyasının və 180 yerlik körpələr evi-uşaq bağçasının açılışlarında iştirak edib, tütün qəbulu məntəqəsində yaradılan şəraitlə tanış olub. Ertəsi gün isə cənab Prezidentin sədrliyi ilə rayonumuzda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

Rayon rəhbəri qeyd etdi ki, Qax şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ötən il avqustun 5-də imzaladığı sərəncam ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qax Rayon İcra Hakimiyyətinə 3 milyon manat, Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2,99 milyon və Zaqatala-Qax - Qorağan avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2017-ci il tarixli sərəncamı ilə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 23,3 milyon manat ayrılıb.

Ayrılmış vəsaitlər hesabına ötən il Zaqatala-Qax-Qorağan-Qax avtomobil yolunun Qax şəhərindən Zaqatala rayonu ərazisinədək olan 18,5 kilometr hissəsi əsaslı təmir olunub, yol üzərində 2 ədəd dəmir-beton körpü inşa edilib. Həmçinin Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilib, şəhərin S.Qocayev, Nizami, Xaqani küçələrində və M.Mustafayev, M.Gəncəvi, Y.İmrə küçələrinin bir hissəsində abadlıq işləri aparılaraq asfalt örtüyü salınıb. M.Cuma, Ə.Sultanov, Nəsimi, V.Eyvazov, Koroğlu və B.Vahabzadə küçələrində də abadlıq işləri həyata keçirilib, hazırda asfalt örtüyünün salınması üçün hazırlıq işləri aparılır.

Bundan başqa, İlisu kəndində 3 ulduzlu otelin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinin inzibati binasının tikintisi işləri davam etdirilib, Qax elektrik şəbəkəsinin yeni inzibati binasının və Heydər Əliyev Fondu tərəfindən Tasmalı və Lələpaşa kəndlərində iki aztəminatlı ailəyə tikilən fərdi yaşayış evlərinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. İlisu kəndində 65 yerlik otelin, Ağçay kəndində isə “Bergs” otelində yeni korpusun tikintisinə başlanılıb. İl ərzində rayonda 45 fərdi yaşayış evi və 9 sahibkarlıq obyekti olmaqla, ümumilikdə, 54 fərdi tikinti aparılıb. Kənd investisiya layihəsi çərçivəsində hesabat ilində Ağçay və İlisu kəndlərində abadlıq işləri aparılıb.

Natiq qeyd etdi ki, Qax üçün ənənəvi olan tütünçülük və baramaçılıq sahələrinin inkişafına xüsusi diqqət yetirilməsi nəticəsində hesabat ilində 2016-cı illə müqayisədə tütün əkini 274,8 hektar artırılaraq 605,8 hektara çatdırılıb və sahələrdən 6573,4 ton yaşıl tütün yarpağı tədarük olunub. İl ərzində 810, 3 ton quru tütün yarpağı istehsal olunub ki, bu da 2016-cı ilə nisbətdə 2,5 dəfə çoxdur. Tütün satışından daxil olmuş 1 milyon 300 min manata yaxın vəsait rayon əhalisinin sosial rifahının və yaşayış şəraitinin daha da yaxşılaşmasına təsir göstərəcəkdir.

 Hesabat ilində əvvəlki illə müqayisədə 8,7 ton çox olmaqla 12,5 ton yüksək keyfiyyətli barama istehsal edilib. Buna görə barama istehsalçılarına 112,5 min manat vəsait ödənilib.

Ölkədə qeyri - neft sektorunun inkişaf etdirilməsi, regionların təbii-iqlim şəraiti və istehsal ənənələri nəzərə alınmaqla ixrac yönümlü məhsul istehsalının artırılması məqsədilə dövlət başçısı tərəfindən verilmiş tapşırıq və tövsiyələrin icrası ilə əlaqədar hesabat ilində rayon ərazisində 1214 hektar sahədə yeni fındıq bağları salınıb.

Musa Şəkiliyev sonda qeyd etdi ki, Qax ictimaiyyəti ölkədə həyata keçirilən bütün plan, proqram və layihələrin icrası zamanı indiyədək nümayiş etdirdiyi əzmkarlıq və prinsipiallığı bundan sonra da davam etdirəcəkdir.

Tədbirdə Prezident Administrasiyasının məsul əməkdaşı Rüfət Əliyev iştirak edib.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında