Meksika Konqresində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır

Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar Azərbaycanın Meksikadakı səfirliyi Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupu ilə birgə Meksika Konqresində tədbir keçirmişdir.
Səfirlikdən bildirmişlər ki, tədbirdə səfir İlqar Muxtarov Ermənistanın Azərbaycana qarşı təcavüzündən, Xocalı faciəsinin fəsadlarından bəhs edən təqdimatla çıxış etmişdir.
Diplomat vurğulamışdır ki, Xocalı soyqırımı nə qədər dəhşətli olsa da, bu, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi qeyri-insani və qəddar cinayətlərdən yalnız biridir. İ.Muxtarov işğal edilmiş tarixi torpaqlarımızda Azərbaycan mədəniyyətinə qarşı Ermənistan tərəfindən həyata keçirilməkdə davam edən cinayətləri, məscidlərin və digər dini və tarixi abidələrin məhv edilməsi faktlarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Təqdimatda, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi inkişafı, dünyada artan nüfuzundan da bəhs edilmişdir.
Bundan əlavə, tədbirdə Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən 2010-cu ilin fevralında Xocalı faciəsi haqqında ilk dəfə olaraq ispan dilində yaradılmış www.justiciaparajodyali.org internet səhifəsi barədə iştirakçılara məlumat verilmişdir.
Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Markos Peres ölkəmiz, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı faciəsi barədə Konqres üzvlərinə geniş məlumat verdiyi üçün səfirə təşəkkürünü bildirmişdir. Deputat vurğulamışdır ki, Xocalıda olmuş dəhşətli hadisələrin Meksika ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində gələcəkdə də əlindən gələni edəcəkdir.
Dostluq qrupunun digər üzvləri də çıxış edərək, Xocalıda törədilmiş cinayətlərin insan hüquqlarının ən kobud şəkildə pozulmasının bariz sübutu olduğunu demişlər. Deputatlar vurğulamışlar ki, təcavüzün sərhədi və milliyyəti yoxdur, işğalçılıq siyasəti, insan hüquqlarının pozulması və digər qeyri-insani cinayətlərin dayandırılması üçün Meksika Konqresi də daxil olmaqla beynəlxalq ictimaiyyət öz səylərini birləşdirməlidir.
Tədbirdə Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, KİV-lərin təmsilçiləri iştirak etmişlər.
Xocalı soyqırımı haqqında Meksika ictimaiyyətinin məlumatlandırılması istiqamətində tədbirlər davam etdiriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında