Binəqədi rayonu yeniləşmə və tərəqqi yolunda

Bu gün respublikamızın bütün şəhər, rayon və kəndlərində müşahidə edilən abadlıq-quruculuq və yüksəliş Binəqədi rayonunda da özünü qabarıq büruzə verir. Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Prezident İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi rayonun uğurlarını şərtləndirən əsas məqamlar sırasındadır.

Binəqədidə son illərdə bir sıra sistemli, kompleks xarakterli layihələr işlənib hazırlanaraq uğurla reallaşdırılıb. Yaşayış məntəqələrinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin-məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı qısa müddətdə xeyli iş görülüb.

Bakının dörd böyük mikrorayonunu və beş qəsəbəsini birləşdirən Binəqədi hazırda tikinti-quruculuq işlərinin intensiv getdiyi, iri sənaye potensialının mərkəzləşdiyi bir rayondur. Sürətlə abadlaşan Binəqədi bu gün sanki yenidən qurulur. Burada təkcə ötən il ərzində öz əhəmiyyətinə görə respublika səviyyəli mühüm layihələr həyata keçirilib və ölkəmizdə gedən artım tempinə uyğun şəkildə bir sıra nailiyyətlər əldə edilib.

 

Səmərəli islahatlar, real nəticələr

 

Ötən il ərzində sosial-iqtisadi sahələrdə bir sıra müsbət nəticələr əldə olunub. Belə ki, hesabat dövründə 305 milyon 56 min manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Sənaye müəssisələrində 7072 nəfər işləyib, bu sahədə orta aylıq əmək haqqı 502,8 manat olub.

Tikinti sektorunda da müsbət göstəricilər nəzərə çarpıb: bütün maliyyə mənbələri hesabına 39 milyon 906 min manat əsas fondlar istifadəyə verilib.

Rayonda ötən ilin yanvar-dekabr aylarında sosial-iqtisadi sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 68 milyon 42 min manat məbləğində investisiya yönəldilib ki, onun 57 milyon 938 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Bu dövrdə tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 287 milyon 774 min manat olub. Tikintidə işçilərin orta siyahı sayı 3542 nəfər, fəhlə və qulluqçuların orta aylıq əmək haqqı isə 556,3 manat təşkil edib.

Nəqliyyat sektorundakı müəssisələr tərəfindən 62 milyon 606 min manat həcmində xidmət göstərilib. Hesabat dövründə bu sektorunda 5436 nəfər işçi çalışıb, orta aylıq əmək haqqı 399 manata çatıb. Bundan başqa 431 nəfərin çalışdığı rabitə müəssisələrində ümumilikdə 7 milyon 99 min manatlıq xidmətlər göstərilib və bu sahədə orta aylıq əmək haqqı 398,3 manat təşkil edib.

Son illərdə istehlak bazarında da müsbət irəliləyişlər nəzərə çarpıb. Hesabat dövründə bu sahə dinamik inkişaf edib və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 milyard 253 milyon 104 min manatlıq istehlak malları satılıb.

Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 422 milyon 78 min manat olub. Xidmətlərin 14,8 faizi dövlət müəssisələrinin payına düşüb.

 

İqtisadi artım sosial uğurlara yol açır

 

Binəqədidə iqtisadi sahədə baş verən dəyişikliklər sosial məsələlərin uğurlu həllini sürətləndirir. Məsələn, hesabat dövründə rayon üzrə işçilərin orta sayı 43193 nəfər təşkil edib, orta aylıq nominal əmək haqqı 431 manat, qeyri-dövlət sektorunda isə 483,5 manat olub. İqtisadi yüksəliş yeni iş yerlərinin yaradılmasında da özünü göstərir. Belə ki, ötən il rayonda 9058 yeni iş yeri açılıb ki, bunun da hamısı daimi iş yerləridir.

Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların, sosial müavinətlərin və ünvanlı sosial yardımların ödənilməsində gecikmə hallarının qarşısının alınması, məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta olunanlar barədə məlumatların emalı üçün tədbirlər görülüb və bu vacib məsələlər diqqətdə saxlanılıb.

Əhalinin maddi-rifah halının davamlı olaraq yaxşılaşmasına, vətəndaşların sosial müdafiəsinin təşkilinə diqqət artırılıb. Bütün bunlar isə müvafiq göstəricilərdə öz real ifadəsini tapıb. Məsələn, ötən il işlə təmin olunmaq məqsədilə müraciət edən 3042 nəfərdən 2440-ı işaxtaran kimi qeydiyyata alınıb. Bunlardan 1271 nəfəri müxtəlif sahələrdə daimi işlə təmin edilib və 164 nəfər müxtəlif peşə kurslarına göndərilib. İşsizlik müavinətinin verilməsi başa çatan vətəndaşlardan 15 nəfər müvafiq göndəriş əsasında işlə təmin olunub, 662 nəfərə işsizlik statusu verilib, ümumilikdə 642 nəfərə işsizlik müavinəti təyin edilib.

Əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə, hesabat dövründə 1252 ailəyə ünvanlı sosial yardım təyin olunub. Hazırda Binəqədi Rayon Dövlət Sosial Müdafiə Fondu tərəfindən 235 nəfər tək ahıl vətəndaşa və əlilə xidmət göstərilir və həmin xidmət sektorunda 27 nəfər sosial işçi çalışır. Hesabat dövründə 36158 pensiyaçıya 102,8 milyon manat pensiya ödənilib ki, bu da 2016-cı illə müqayisədə 11,5 milyon manat çoxdur. Rayon üzrə orta pensiya məbləği artaraq 224,7 manata çatıb.

 

Abadlıq və yenidənqurma işlərinin həcmi artıb

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər Binəqədi rayonu ərazisində reallaşdırılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi, mikrorayonlarda və qəsəbələrdə yeni parklar, xiyabanlar, yaşayış məntəqələrində “nümunəvi məhəllə”lər salınıb, park və məhəllələrdə fəvvarələr, şəlalələr, oturacaqlar, uşaq idman-oyuncaq elementləri quraşdırılıb, yol kənarlarında və həyətlərdə milli ornamentləri özündə əks etdirən landşaft memarlığına uyğun yaradılan çəmənliklərdə dekorativ və ekzotik ağaclar əkilib.

Hesabat dövründə mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb, bu istiqamətdə işlər hazırda da davam etdirilir.

Nazirlər Kabinetinin “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 22 yanvar 2016-cı il tarixli qərarı ilə Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən 5, 7, 9, Dərnəgül qəsəbəsinin H.Hüseynov küçəsi, 37A ünvanında və Azadlıq prospekti, 187 ünvanında pilot layihələr uğurla davam edir.

Azadlıq prospekti, 5 saylı yaşayış binasının sakinləri ilə “RELT HOUSE” MMC arasında öhdəlik müqaviləsi imzalanaraq, kirayə evlərə köçürülməsi başa çatdırılıb. Sakinlər üçün nəzərdə tutulan binanın tikintisi isə davam etdirilir.

Azadlıq prospekti, 187 ünvanında qəzalı vəziyyətdə olan və rayonun ümumi memarlıq görüntüsünə xələl gətirən mövcud əmlak kompleksinin sökülərək, oradakı inzibati binada məskunlaşan 26 ailənin mənzillərlə təmin edilməsi məsələsi də müsbət həllini tapıb. Belə ki, həmin ailələr üçün yeni binanın inşasına artıq başlanılıb.

Ötən il rayonda bir sıra mühüm əhəmiyyətli yolların çəkilməsinə başlanılıb. Buna misal olaraq Novxanı-Pirşağı sahil yolunu göstərmək olar. Həmçinin 8-ci mikrorayonun C.Xəndan küçəsində nəqliyyat tıxaclarının aradan qaldırılması və nəqliyyatın intensiv hərəkətinin təmin edilməsi məqsədilə yolun yenidənqurulması çərçivəsində yeraltı kommunikasiya xətləri dəyişdirilib və asfaltlanma işləri başa çatdırılıb. Bundan əlavə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi yekunlaşdırılıb. Xatırladaq ki, bu yolun uzunluğu 14 kilometr, eni isə 12 metrə qədər genişləndirilərək 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Yolun Binəqədi qəsəbəsi ərazisindən keçən hissəsi 1,1 kilometr təşkil edir. Bu hissədə 1,5 metr enində yeni piyada səkiləri inşa edilib və işıq dirəkləri quraşdırılıb. Bundan başqa, layihə çərçivəsində Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində yeni dairə inşa olunub.

Qeyd edək ki, Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisinin başa çatması ilə əlaqədar 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi asanlaşıb.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sahil boyu 12,7 kilometr uzunluğunda Novxanı və Pirşağı qəsəbələrini birləşdirən yeni avtomobil yolunun inşası da başa çatdırılıb. Layihəyə uyğun olaraq 2 zolaqlı yolun hərəkət hissəsinin eni 7,5 metrdir. Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 1,5 metr enində piyada səkiləri inşa edilib. Yolun inşası başa çatdırıldıqdan sonra rayon icra hakimiyyətinin təşəbbüsü ilə ətraf ərazilər abadlaşdırılıb, yaşıllıqlar salınıb.

Hesabat dövründə, eyni zamanda, Xocəsən-Biləcəri-Binəqədi yolunun tikintisi işləri aparılıb, 2, 5 kilometr uzunluğunda olan 4 zolaqlı yeni yol çəkilib. Yol kənarlarında sakinlərin rahat hərəkət etməsi üçün 1,6 metr enində səki salınıb.

Yeni salınan yol ağır yük avtomobillərinin şəhərə daxil olmadan şimal istiqamətində hərəkəti baxımından mühüm önəm daşıyır.

Ötən il ərzində Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq rayon ərazisindəki çoxmənzilli binalarının giriş qapılarında və dam örtüklərində əsaslı təmir işlərinə başlanılıb. Binaların ətrafı abadlaşdırılıb, yollar genişləndirilib, yaşıllıq zolaqları salınıb.

Hesabat dövründə yaşayış binalarının zirzəmilərində 1079 poqonometr kanalizasiya, 416 poqonometr su xətti təmir edilib. Eyni zamanda, 173 çoxmənzilli binanın zirzəmisində təmizlik və dezinfeksiya işləri görülüb.

Mənzil fondunun yaxşılaşdırılması məqsədilə binalarda tüstü və ventilyasiya kanallarına baxış keçirilib, 4050 mənzildə tutulmuş tüstü kanalları təmizlənib. Ötən dövr ərzində 75 lift cari, 6 liftin böyük mühərriki isə əsaslı təmir edilib və 513 liftin maşın şöbəsi kənar əşyalardan təmizlənib.  Mikrorayonların ərazisində 25100, Biləcəri qəsəbəsində 16340, Xocəsəndə 5 min, M.Ə.Rəsulzadə qəsəbəsində 1670, Binəqədidə 7440, Binəqədi şosesi, Ş.Məmmədova və S.S.Axundov küçələrində ümumi uzunluğu 12050 metr olan yollara 165950 kvadratmetr asfalt örtüyü salınıb.

Bakı-Sumqayıt yolunun, “Avtovağzal” metrostansiyasının yaxınlığında yerləşən yaşayış massivində ağacların qorunması və yaşıllığın daha da genişləndirilməsi, həmçinin ictimai zonanın yaradılması məqsədilə layihələndirmə işləri aparılıb. Layihələndirmə çərçivəsində bu ərazidə geniş həcmdə abadlıq-quruculuq işləri görülüb, istirahət guşələri yaradılıb, yaşıllıqların qorunması məqsədilə avtomatlaşdırılan suvarma sistemləri quraşdırılıb.

 

Kommunal xidmətlərin keyfiyyəti yüksəlib

 

Ötən il rayonun xidmət təsərrüfatının normal fəaliyyəti, mənzil fondunun qorunub saxlanılması, təmizlik işlərinin aparılması, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı istiqamətində gündəlik işlər aparılıb. Binəqədi şosesində yağış sularının kənarlaşdırılması məqsədilə kanalizasiya xətti, həmin ərazidə yaşayan əhalinin içməli su təchizatının yaxşılaşdırılması üçün isə yeni su xətti çəkilərək istifadəyə verilib. Bütün bunlar başa çatdırıldıqdan sonra yolun asfaltlandırılması həyata keçirilib. Şose boyunca sağ və sol hissədə abadlıq və yenidənqurma işləri aparılıb, 13 ədəd yeni avtobus dayanacağı quraşdırılıb.

Qaz təminatının yaxşılaşdırılması məqsədilə hesabat dövründə 12839 poqonometr yeni qaz xətti çəkilib, nəzərə çarpan qazsızmaları aradan qaldırılıb, istifadə olunmayan qoşulmalar ləğv olunub, qaztənzimləyici şkaflara texniki baxış keçirilib, 13513 mexaniki sayğac smart-kart tipli qaz sayğacları ilə əvəzlənib.

Müxtəlif ünvanlarda ümumilikdə 1830 poqonometr müxtəlif diametrli yeni su xətti çəkilərək, sakinlərin istifadəsinə verilib. Su xətləri üzrə 69 ədəd yeni siyirtmə quraşdırılıb, müxtəlif markalı 33 ədəd nasos, 10 ədəd müxtəlif markalı elektrik mühərriki təmir olunub. Ötən il əhalinin keyfiyyətli içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə müxtəlif ünvanlarda su xətlərində qəzaların qarşısının alınması diqqət mərkəzində saxlanılıb, su anbarları yuyulub, 477 poqonometr kanalizasiya xətti dəyişdiriib, ayrı-ayrı ərazilərdə xətlər xüsusi təyinatlı texnika, yaxud mexaniki üsulla təmizlənib.

Əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması məqsədilə rayon ərazisində ümumilikdə 2310 metr müxtəlif gücə malik yeni kabel xətləri çəkilib, 650 metr hava xətti yeraltı xətlə əvəzlənib, 2074 metr istismara yararsız kabel xətti, 7 ədəd transformator dəyişdirilib.

Ötən il əhalinin istilik təminatına da xüsusi əhəmiyyət verilib: müxtəlif diametrli 458 metr yeni magistral və məhəllədaxili istilik xətti çəkilib, 2653 metr istilik xətti dəyişdirilib, 535 ədəd siyirtmə əsaslı, yaxud cari, 120 ədəd şəbəkə və dövriyyə nasosu isə cari təmir olunub. Bunlarla bərabər xeyli sayda qazan və istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənib. Yaşayış binalarının məhəllədaxili və aşağı paylama istilik xətlərində əsaslı və cari təmir işləri görülüb. Bunun nəticəsində 2017-2018-ci illərin payız-qış mövsümündə 448 yaşayış binası, 12 məktəb, 9 uşaq bağçası, 7 səhiyyə müəssisəsi, 138 digər təyinatlı bina istiliklə təchiz olunub.

 

Milli-mənəvi dəyərlərə önəm verilir

 

Milli bayramların, tarixi günlərin, əlamətdar hadisələrin rəngarəng tədbirlərlə qeyd edilməsi yüksək siyasi-mədəni əhval-ruhiyyə yaradıb, rayon sakinlərinin qurub-yaratmaq əzmini və məmnunluğunu artırıb. Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın üzvləri ilə görüş, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində məktəblilərin Naxçıvan Muxtar Respublikasına yola salınması, Aprel döyüşlərində qəhrəmancasına həlak olan Fəxrəddin Qurbanlının doğum günü ilə əlaqədar mərasim, “İslam ölkələrinin həmrəylik festivalı” və digər tədbirlərin hazırlamasında və keçirilməsində rayon kollektivləri və sakinləri yaxından iştirak edib, nümunə göstəriblər.

Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın anadan olmalarının 94-cü ildönümü ilə əlaqədar rayonda silsilə tədbirlər keçirilib, idarə, müəssisə və təşkilatlarda, elm, təhsil, həmçinin səhiyyə müəssisələrində onların əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Qələbə günü ilə bağlı rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və veteranların iştirakı ilə mərasim keçirilib. Ramazan bayramı, Uşaqların Beynəlxalq Müdafiəsi, Respublika və Beynəlxalq Ahıllar günləri münasibəti ilə rəngarəng tədbirlər reallaşdırılıb. Milli Qurtuluş Günü və Silahlı Qüvvələrin yaradılmasının 99 illiyi rayonda böyük təntənə ilə qeyd edilib.

 

Müraciətlərə qayğı və həssaslıqla yanaşılır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşlara layiqli xidmət göstərilməsi, onların qəbulu, müraciətlərinə tam və hərtərəfli baxılması, haqlı tələblərinin təmin edilməsi ilə bağlı tapşırıqları Binəqədi Rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılır. Yeri gəlmişkən, rayon icra hakimiyyətində bütün sahələrdə olduğu kimi, ərizə, şikayət və məktublara baxılması, vətəndaşların qəbulu, yerlərdə səyyar qəbulların keçirilməsi ilə bağlı ardıcıl və sistemli iş qurulub. Diqqət ona yönəldilib ki, əhalini narahat edən vacib məsələlər, ciddi sosial ehtiyaclar operativ şəkildə, yerindəcə həll olunsun, təkrar şikayətlərə yol verilməsin. Əvvəllər müşahidə olunan süni əngəllər və bürokratik münasibətin aradan qaldırılması da hədəfə alınıb.

Hesabat dövründə rayon icra hakimiyyəti başçısının ümumilikdə 31 görüş və 5 “açıq qapı” vətəndaş forumu çərçivəsində səyyar qəbulu keçirilib. Həmin görüş və qəbullarda rayon icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq- mühafizə orqanları və xidmət sahələri rəhbərlərinin iştirakı təmin edilib. Qəbullarda ümumilikdə 6211 nəfər vətəndaş iştirak edib və 378 məsələ qaldırılıb, sakinlərin irad və təkliflərinin aidiyyəti üzrə göndərilməsi və icrasının nəzarətdə saxlanılması təmin edilib.

Xatırladaq ki, vətəndaşlar tərəfindən qaldırılan 378 məsələnin 91-i yerində həll olunub, 287 məsələdən 122-si nəzərdə tutulan müddətdə həllini tapıb, digər məsələlərlə bağlı isə yuxarı instansiyaya müraciət olunub, yaxud müvafiq izahat verilib, 148 məsələ isə hazırda icraatdadır. Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatına il ərzində vətəndaşlardan, ümumilikdə 3538 müraciət (2016-cı illə müqayisədə 92 vahid və ya 2,5 faiz az) daxil olub.

 

Pulsuz tibbi müayinə qayğı təzahürüdür

 

Vətəndaşların sağlamlığının qorunması, göstərilən tibb xidmətinin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi ölkəmizdə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin əhalinin sağlamlığına xüsusi diqqətinin göstəricisidir ki, son illər ölkəmizdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir, şəhərlərdə, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə müasir tibbi avadanlıqlarla təchiz olunan yeni xəstəxanalar, tibb məntəqələri tikilərək istifadəyə verilir, səhiyyə xidmətinin yaxşılaşdırılması üçün ardıcıl, təxirəsalınmaz tədbirlər görülür. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığına əsasən, 2014-cü ildən başlayaraq ölkə vətəndaşlarının kütləvi pulsuz tibbi müayinəyə cəlb edilməsini xüsusi qeyd etmək lazımdır. Dövlətimizin başçısının ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın uğurla reallaşdırılması vətəndaşların sağlamlığına göstərilən qayğının təzahürüdür.

Müayinələr respublikamızın hər yerində olduğu kimi, Binəqədidə də uğurla aparılıb. Əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin yüksək mütəşəkkilliklə keçirilməsini təmin etmək üçün rayonda xüsusi komissiya yaradılıb, səhiyyə ocaqlarında iş qrafiki tərtib edilib. Xatırladaq ki, hesabat dövründə Binəqədinin 8 tibb müəssisəsi tərəfindən 172412 nəfər tibbi müayinədən keçirilib ki, bu da 18 yaşdan yuxarı əhalinin 88 faizini təşkil edir.

 

Sakinlərin etimad ünvanı – “1646”

 

Sakinlərin Müraciət Xidməti – “1646” 2013 -cü il fevralın 6-da rayon icra hakimiyyətləri arasında ilk dəfə olaraq Binəqədidə fəaliyyətə başlayıb. Bu xidmət sakinlərin su, qaz, işıq, yol problemlərinin həlli istiqamətində reallaşdırılan mütərəqqi layihələrdən biridir. Xidmətin ən böyük və əsas üstünlüyü hökumət orqanının hesabatlılığını və korrupsiyaya qarşı mübarizədə əhalinin rolunu artıraraq rayonun yerli struktur təşkilatlarının məsuliyyət hissinin güclənməsinə, mübahisələrin həllinə və əhalinin informasiya əldə etmək imkanlarının genişləndirilməsinə verdiyi töhfədir.

Sakinlərin Müraciət Xidmətinin əhəmiyyətli cəhətlərindən biri rayon sakinlərinin üzləşdikləri problemlərin həlli üçün yalnız bir ünvana müraciət etmələridir. Həmin müraciətlər qeydə alınır və “bir pəncərə” prinsipi üzrə həll olunur. Bu, sakinlərin fərdi xərclərinin azalmasına, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin edilməsinə imkan verir.

Qeyd edək ki, 1646 nömrəsinə edilən bütün zənglər xidmətin səviyyəsinin ölçülməsi məqsədilə avtomatik rejimdə qeydə alınır və lent yazısında yaddaşda saxlanılır. Hər hansı mübahisəli məsələ meydana çıxdığı zaman həmin lent yazısına qulaq asmaq mümkündür. SMX nömrəsinə stasionar telefonlardan edilən zənglər ödənişsizdir. Bu xidmətin fəaliyyətində operativlik, nəzakətlilik və məsuliyyət əsas yer tutur. Vətəndaşlara göstərilən xidmət proqram təminatı yüklənmiş informasiya texnogiyaları vasitəsilə reallaşdırılır, mübahisələrin həllini və əhalinin müvafiq informasiya əldə etməsini sürətləndirir.

Yeri gəlmişkən, ötən bir il ərzində 1646 telefon nömrəsinə daxil olan şikayət xarakterli müraciətlərin 7053-nün icrası reallaşdırılıb, o cümlədən 5410-u və ya 76,7 faizi tam, 807-si və ya 11,4 faizi qismən, 836-sı və ya 11,9 faizi müvafiq izahat verilərək həll edilib.

* * *

Binəqədililər bugünlərdə Nazirlər Kabinetinin 2017-ci ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi üçün geniş müzakirə aparıb, qarşıdakı dövrdə yeni hədəfləri dəqiqləşdirib, bütün qüvvələri qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə səfərbər ediblər.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında