Yardımlı: Zirvədən-zirvəyə

Respublikamızın uğurlu inkişafı Yardımlı rayonunun da timsalında aydın görünür. Burada mühüm infrastruktur layihələrin icrası, əhalinin rifah halının yaxşılaşması sahəsində fərəhli nəticələr əldə olunur.

Ötən ilin yekun hesabat yığıncağında məruzə ilə çıxış edən icra hakimiyyətinin başçısı Ayaz Əsgərov qeyd edib ki, rayonda sosial-iqtisadi inkişaf sürətlənmiş və abadlıq-quruculuq işlərinə diqqət artırılmışdır. Ötən il rayon üzrə 71 milyon 652 min manatlıq ümumi məhsul istehsal olunmuşdur. Bu, əvvəlki illə müqayisədə 12,3 faiz çoxdur. Adambaşına düşən məhsul istehsalı göstəricisi 1082 manatdır. Əsas kapitala yönəldilən investisiyaların həcmi 18 milyon 954 min manat təşkil etmişdir ki, bu da 2016-cı illə müqayisədə 1,6 dəfə çoxdur. Rayonda orta aylıq əmək haqqı 299,2 manata çatmışdır.

Yardımlı şəhərinin 6 küçəsində istinad divarları hörülmüş və üzlənilmişdir. Heydər Əliyev küçəsində su və kanalizasiya çəklişi zamanı sıradan çıxmış avtomobil yolunun 9 min kvadratmetrlik hissəsinə asfalt vurulmuş, eyni zamanda, şəhərin Ünəç küçəsinin, məhəllədaxili yolların 3 kilometrlik hissəsi çınqıl örtüklə təmir olunmuşdur.

Rayonda işsizliyin aradan qaldırılması məqsədilə 159 daimi yeni iş yerləri yaradılmış, 321 nəfər rayon sakini elektrik şəbəkəsi, qaz istismar, sukanal, yol istismar idarələrində, kommunal təsərrüffatı sahəsində və təmir-tikinti işlərində müvəqqəti məşğulluğa cəlb edilmişdir. 9 çoxmənzilli yaşayış binasında təmir işləri aparılmış, o cümlədən 4 binanın dam örtüyü dəyişdirilmiş, 6 binada yararsız pilləkənlər yenilənmiş,7 binanın xarici və blokdaxili divarlar suvanaraq rənglənmiş, plastik qapı və pəncərələr qoyulmuşdur.

Tikinti-quruculuq işləri Yardımlı şəhəri ilə yanaşı, kənd yaşayış məntəqələrində də davam etdirilmişdir. Avur kəndində modul tipli məktəb binası tikilərək istifadəyə verilmişdir. Honuba-Şıxlar və Avaş kəndlərində tibb məntəqəsi inşa olunmuşdur. Bu il isə Yaponiya səfirliyi tərəfindən rayonun Porsova kəndində də tibb məntəqəsinin tikilməsi planlaşdırılır. Hazırda Horavar və Şəfəqli kəndlərində iki şəhid ailəsi üçün, şəhərdə və digər kəndlərdə isə təbii-texnogen hadisələrin təsirindən evləri qəzalı vəziyyətə düşmüş 6 ailə üçün fərdi evlər inşa olunur. Artıq Alçabulaq kəndində bir ev tamamlanaraq istifadəyə verilmişdir. Zəngələ, Sırıq-Astanlı, Şovut-Gölyeri, Bərcan-Gölyeri, Vərov, Yolocaq, Horavar və Xənəgə-Şıxhüseyinli avtomobil yolları çınqıl örtüklə təmir edilmiş və avtomobillərin rahat hərəkəti təmin olunmuşdur. Ümumiyyətlə, ölkə Prezidentinin sərəncamı ilə, eləcə də daxili imkanlar hesabına 274 kilometrə yaxın yol əsaslı şəkildə bərpa olunmuşdur ki, bunun da 110 kilometri asfalt örtüklüdür.

 Məruzəçi bildirib ki, Prezident sərəncamı ilə Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisi davam edir. Payız aylarında yağan intensiv yağışlar nəticəsində, şəhər küçələrinin bir neçə hissəsində istinad divarları uçmuş, küçələrə böyük həcmdə torpaq kütləsi gəlmiş, yolun asfalt qatı sıradan çıxmış, Gendərədə çay üzərindəki körpü yararsız hala düşmüş, eyni zamanda Masallı-Yardımlı avtomobil yolunun bəzi hissələrində istinad divarı dağılmışdı. Vurulmuş ziyan qısa müddət ərzində aradan qaldırılmış və avtomobillərin təhlükəsiz hərəkəti bərpa edilmişdir. Əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində işlər davam etdirilmişdir.

“Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə” çərçivəsində əhalisinin sayı 7 min 400 nəfər olan Yardımlı şəhərinə ümumi uzunluğu 75 kilometr olan su və 45 kilometrlik kanalizasiya xətlərinin çəkilişində tamamlama işləri aprılır. Su sarıdan korluq çəkən kəndlər də diqqətdədir. Əvvəlki üç ildə 6, ötən il isə daha 3 yaşayış məntəqəsi içməli su ilə təmin olunmuşdur. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin köməkliyi ilə bu işlər davam edir. Yaşayış məntəqələrinin qaz və işıq təchizatı, rabitə xidməti də yaxşılaşır.

 Ayaz Əsgərov daha sonra bildirib ki, keçən il Yardımlıda 159 hüquqi şəxs sahibkarlıq subyekti kimi qeydiyyatdan keçmiş və bununla da, rayon üzrə sahibkarlıq subyektlərinin sayı 5 min 83 olmuşdur. Həmin dövrdə sahibkarlıq subyektləri tərəfindən 69 milyon 502 min manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ümumi məhsulun 97 faizini təşkil edir. Əvvəlki ildən xeyli çox taxıl,kartof, tərəvəz, meyvə, ət-süd və arıçılıq məhsulları istehsal edilmişdir. Yanacaq və sürtkü materialına görə 2 min 12 nəfər məhsul istehsalçısına 2 min 534 hektar sahə üçün 218 min 910 manat subsidiya ödənilmişdir.

Son iki il ərzində rayonda tütünçülüyün inkişafına da diqqəti xeyli artırılmışdır. Rayon İcra Hakimiyyəti və ərazi dairələri üzrə nümayəndəliklərin birgə səyi nəticəsində 2017-ci ildə tütün sahələrininin həcmi 3 dəfə artırılmışdır. 33 nəfər vətəndaş 43 hektar sahədə tütün əkmiş və tütün sahələrindən 169,2 ton yaş tütün qurutma sexinə təhvil verilmiş, müəssisə tərəfindən istehlakçılara 34 min manat vəsait ödənilmişdir. Tütünçülüyün inkişafının səmərəliliyinin artırılması məqsədilə “Dəniz-2010” MMC üçün torpaq sahəsi ayrılmış və müəssisə tərəfindən 8 ədəd qurutma kamerası, 1 ədəd talvar, 1 ədəd anbar inşa edilmişdir. Fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı da müvafiq işlər görülmüş və 65,2 hektar sahədə findıq bağları salınmışdır.

Məruzəçi həmçinin təhsil, səhiyyə, mədəniyyət, gənclərlə iş sahələrindəgörülmüş işlərdən danışıb və qarşıda daha mühüm vəzifələrin durduğunu söyləyib. Tədbirdə Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov çıxış ediblər.

Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

Əli NƏCƏFXANLI,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında