Naftalan beynəlxalq kurort mərkəzi kimi şöhrətini ildən-ilə artırır

Naftalan Şəhər İcra Hakimiyyətində keçirilən illik hesabat yığıncağında 2017-ci ilin sosial-iqtisadi yekunları nəzərdən keçirilmiş, kurort-sağlamlıq kompleksinin inkişafı və şəhərin problemlərinin həlli ilə bağlı qarşıda duran məsələlər müzakirə edilmişdir.  Məruzə və çıxışlarda Prezident İlham Əliyevin cari ildə müəyyən etdiyi prioritetlər diqqət mərkəzində olmuşdur.

Hesabat məruzəsi ilə çıxış edən şəhər icra hakimiyyətinin  başçısı Natiq Aslanov ötən il sosial-iqtisadi sahədə qazanılmış uğurlar barədə geniş məlumat vermişdir. Bildirilmişdir ki, bu ilin sonunda əhalisinin sayı 10 min nəfəri ötmüş kurort şəhəri Naftalanda 2017-ci ildə ümumi məhsul buraxılışı əvvəlki illə müqayisədə 28,9  faiz artaraq 23 milyon 366,6  min manata çatmışdır. İqtisadiyyatın aparıcı sahələri olan sənaye istehsalının və xidmətlərin həcmi 3,5 faiz artaraq 2 milyon 160,2 min manat təşkil etmişdir.

Əhaliyə 308,2 min manatlıq nəqliyyat xidməti göstərilmişdir. Ödənişli xidmətlərin həcmi 52,3 faiz artaraq 17 milyon 817,3  min manat, informasiya və rabitə xidməti 14,3 faiz yüksələrək 215,8 min  manat, pərakəndə əmtəə dövriyyəsi 23 milyon 297 min manat təşkil  etmişdir. Ümumi istehsalda kənd təsərrüfatı məhsulunun payı 2 milyon  19,8 min manat olmuşdur. Tikinti-quraşdırma işləri isə 57,6 faiz  artaraq 11 milyon 161 min manata yüksəlmişdir. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 8,7 faiz artaraq 285 manata çatmışdır.

Məruzəçi vurğulamışdır ki, Naftalan şəhəri artıq 2 ildir bütün xərclərini yerli daxilolmalar hesabına maliyyələşdirir. Buna Naftalanın əvvəlki şöhrətinin bərpa edilməsi, son illərdə yaradılan müasir kurort, sanatoriya və sağlamlıq mərkəzlərindən gələn gəlirlər imkan yaratmışdır. Lakin hazırda şəhərdə fəaliyyət göstərən bir neçə  turizm obyekti vergiləri, nədənsə,  yerli büdcəyə ödəmir. Bu isə gələcəkdə şəhərin sosial-iqtisadi inkişafında və yerli büdcədə problem yaradacaq.

Hazırda şəhərdə fəaliyyət göstərən 3 və 5 ulduzlu 10 sanatoriya, istirahət və müalicə mərkəzi fəaliyyət göstərir ki, bu turizm obyektlərində gün ərzində 2 min 200 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.  2017-ci il ərzində Naftalanın bütün otelləri və sağlamlıq mərkəzləri yüksək göstəricilərlə fəaliyyət göstərmişdir.

 2017-ci ildə  şəfa tapmaq və istirahət etmək məqsədilə Naftalana üz tutan yerli və xarici turistlərin sayı əvvəlki illə müqayisədə 40 faiz çox olmuşdur. Bu dövrdə 35 mindən artıq turist qeydə alınmışdır ki, bunun da 7 min 309 nəfəri 62 ölkədən gələnlər olmuşdur. Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə və Ukraynadan olan turistlər üstünlük təşkil etmişdir. ABŞ, Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Kamboca, Yeni Zelandiya, Filippin, Kanada, Meksika, Braziliya, hətta Afrika  və Avstraliyadan gələn turistlər də Naftalanda sağlamlıqlarını bərpa etmişlər.

Bildirilmişdir ki, tikintisi başa çatmaqda olan 300 kvadratmetrlik yeni müalicə mərkəzi 2 mərtəbədən, 12 otaqdan ibarət olacaq, burada 25 nəfər daimi işlə təmin ediləcək. Bu ilin  may ayında istifadəyə veriləcək İaşə mərkəzində daimi 15 nəfər işləyəcək. Avtovağzal otel kompleksinin tikintisində 30 nəfər çalışır, burada 40-50 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur. Yenidən qurulan onmərtəbəli Naftalan mehmanxanasında 30 nəfər müvəqqəti işlə təmin edilib, burada isə daimi 55 nəfər işləyəcək. Ümumilikdə, son illərdə istifadəyə verilmiş müasir müalicə və istirahət mərkəzlərində 1000 nəfərə yaxın  vətəndaş işləyir.

Ötən il yeni dördmərtəbəli şəhər xəstəxanasının tikintisi davam etdirilmişdir. Hazırda burada 100 nəfər işçi çalışır. 65 çarpayılıq xəstəxanada şüa-diaqnostika, cərrahiyyə, travmatologiya, terapiya, reanimasiya, mama-ginekologiya, pediatriya, poliklinika və təcili tibbi yardım şöbələri, eləcə də stomatoloji kabinet fəaliyyət göstərəcək. 

Təhsil, səhiyyə və mədəniyyət sahəsində də ötən il bir sıra zəruri işlər görülmüşdür. Şəhərin mədəni həyatı da zənginləşmişdir. İl ərzində  tarixi hadisələr, yubileylər və əlamətdar günlər təntənə ilə qeyd  olunmuş, silsilə mədəni-kütləvi tədbirlər keçirilmişdir. Lakin mədəniyyət müəssisələri uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir.

Yığıncaqda məmnunluqla bildirilmişdir ki, son illər Naftalanın həm beynəlxalq səviyyəli sanatoriya kurort mərkəzinə çevrilməsi məqsədi ilə kompleks işlər həyata keçirilmiş, həm də şəhərin bütün infrastrukturunun inkişafına diqqət artırılmışdır. Şəhərdə  görülmüş və hazırda uğurla davam etdirilən işlər əhali tərəfindən rəğbətlə qarşılanır.

Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Vəfadar Bağırov yığıncaqda çıxış etmişdir.

Yığıncaq belə bir qənaətlə yekunlaşmışdır: “Aparılan quruculuq və abadlıq işləri Naftalanı  getdikcə daha da gözəlləşdirir və yerli sakinlərə yüksək rifah, qonaqlara şəfa və xoş ovqat bəxş edir. 2018-ci ildə də şəhərdə  sahibkarların,  iş  adamlarının  fəaliyyəti üçün əlverişli şərait yaradılacaq, yeni investorların cəlb edilməsi, əhalinin məşğulluğunun təmin edilməsi üçün  bütün zəruri tədbirlər görüləcək”.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında