Sabirabad: İnkişaf bütün sahələrdə dinamik xarakter alıb

Sabirabad Rayon Mədəniyyət Mərkəzində rayon icra hakimiyyətinin 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, sonra rayon iqtisadiyyatının inkişafını əks etdirən sərgiyə baxmışlar.

Məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov bildirdi ki, bu il yanvar ayının 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı ötən il ölkəmizin sürətlə və uğurla inkişaf etdiyini, Azərbaycan xalqının 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşadığını qeyd etmişdir.

Sevindirici haldır ki, keçən il respublikada olduğu kimi, Sabirabad rayonunda da bütün sahələrdə inkişaf dinamikası qorunub saxlanılmış, sosial obyektlərin tikintisi, sənaye və kənd təsərrüfatının inkişafi davam etdirilmişdir. Rayon ictimaiyyəti üçün ötən ilin ən əlamətdar hadisəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il noyabrın 28-də Sabirabad rayonuna növbəti səfəri olmuşdur. Səfər çərçivəsində ölkə başçısı bir sıra müxtəlif təyinatlı obyektlərin təməlqoyma, təqdimat və açılış tədbirlərində iştirak etmişdir.

Məruzəçi qeyd etdi ki, 2017-ci ildə rayonda bütün sahələrdə irəliləyiş əldə olunmuşdur. Rayon üzrə ümumdaxili məhsul istehsalı 1,1 faiz, sənaye məhsulu 5,9 faiz, rabitə xidməti 9,1 faiz, nəqliyyat xidməti 3,4 faiz, pərakəndə əmtəə dövriyyəsi 30,6 faiz artmışdır. Əsas kapitala yönəldilən investisiya 70 milyon 451 min manat təşkil etmişdir. Adambaşına düşən pul gəlirləri, orta aylıq əməkhaqqı əvvəlki ilə nisbətən artmışdır. Ötən ildən başlayaraq rayon özünümaliyyələşməyə keçməklə respublika büdcəsindən dotasiya almamışdır.

Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən Sabirabadda sənaye məhəlləsinin təməlinin qoyulması böyük tarixi hadisədir. 20,3 hektar ərazidə salınacaq bu sənaye məhəlləsində bir sıra istehsal, tədarük və emal müəssisələrinin yaradılması, gələcəkdə logistika mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulur.

Sabirabad respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Burada ötən il kənd təsərrüfatı üzrə məhsul istehsalı əvvəlki illə müqayisədə 45 milyon 837 min manat və ya 22,2 faiz artaraq 251 milyon 985 min manata çatmışdır. Məhsulun 139 milyon 253 min manatı, yaxud 55,2 faizi heyvandarlıq, 112 milyon 732 min manatı, yaxud 44,8 faizi bitkiçilik sahəsindən əldə olunmuşdur.

Keçən il rayonda 95970 ton taxıl istehsal edilmişdir ki, bunun 57319 tonu buğda, 38401 tonu isə arpadır. Hər hektardan ümumi məhsuldarlıq 39,4 sentner, buğdanın məhsuldarlığı isə hər hektardan 40,3 sentner təşkil etməklə 2016-cı illə müqayisədə taxıl istehsalı 3180 ton artmışdır. Ötən il rayonda 18826 ton kartof, 113962 ton tərəvəz, 99770 ton bostan məhsulları istehsal edilmişdir.

Hesabat ilində rayon üzrə cəmi 15055 hektar sahədə pambıq əkilmiş, 18,2 min ton xam pambıq tədarük edilmişdir. 2017-ci ildə pambıq əkini sahələri 2016-cı illə müqayisədə 2,5 dəfə, məhsul istehsalı isə 2,2 dəfə artmışdır. 2015-ci illə müqayisədə isə əkin sahələri və məhsul istehsalı 10 dəfəyədək artmışdır.

Rayonda 2018-ci ildə ət istehsalı (diri çəkidə) 17061 ton, süd istehsalı 106851 ton, yumurta istehsalı 55 milyon 199 min ədəd, yun istehsalı 344 ton təşkil etmişdir. Ötən illə müqayisədə ət istehsalı (diri çəkidə) 475 ton (2,8 faiz), süd istehsalı 3135 ton (3,0 faiz), yun istehsalı 22 ton (4,2 faiz) artmışdır.

Son illər rayonda təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafına böyük qayğı ilə yanaşılır. Ötən əsrin 70-ci illərində inşa olunan Mərkəzi rayon xəstəxanasının binası yararsız vəziyyətə düşdüyündən dövlət başçısının tapşırığı ilə 2012-ci ildə yeni binanın tikintisinə başlanılmış 205 çarpayılıq xəstəxana istifadəyə verilmişdir. Ən müasir standartlar səviyyəsində tikilmiş və təchiz olunmuş bu xəstəxanada əhalinin müayinəsi və müalicəsinin yüksək səviyyədə təşkili üçün hər cür imkanlar yaradılıb. Xəstəxana binası milli memarlıq baxımından da göz oxşayır. Dövlət başçısı rayona səfəri çərçivəsində binanın açılışını etmişdir.

Rayonda əhalinin təbii qaz, içməli su ilə təchizatında da ardıcıl işlər görülmüşdür. Hazırda rayon mərkəzinə, 58 kəndə və 2 məcburi köçkün qəsəbəsinə təbii qaz verilir. Sabirabad şəhərinin və 15 kəndin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə magistral su xəttinin çəkilişi başa çatdırılmışdır. Ötən il üç Qarabağ müharibəsi əlilinə və bir 20 Yanvar şəhid ailəsinə, ümumilikdə, 67 şəhid ailəsinə Qarabağ müharibəsi və Çernobl əlilinə mənzil verilmişdir.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri İbrahim Mustafayev, Milli Məclisin üzvləri, akademik Əhliman Əmiraslanov, Rüstəm Xəlilov, Elçin Quliyev və başqaları çıxış edərək 2017-ci ildə rayonda görülən işləri yüksək qiymətləndirmiş, bu inkişaf tempini 2018-ci ildə də qoruyub saxlamağı tövsiyə etmişlər.

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında