Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlarla görüş

Fevralın 17-də "Gəmiqaya Holdinq" Şirkətlər İttifaqının plastik kapsul və qapaq istehsalı müəssisəsinin açılış mərasimində muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla işgüzar görüş keçirilmiş, onlara güzəştli kreditlər verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: - Mövcud dünya təcrübəsi göstərir ki, kiçik və orta sahibkarlıq subyektləri inkişaf etdirilmədən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaq mümkün deyildır. Bu amil əsas götürülərək ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyəti diqqət mərkəzində saxlanır. Ümummilli lider Heydər Əliyev sahibkarlığın inkişafını vacib sahə elan edərək demişdir: "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur".
Bu yol hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il noyabrın 23-də imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Fərman sahibkarlığın inkişafını üstün istiqamət verilən məsələlər sırasına çəkmişdir. Bu fərmanın, eləcə də ölkə rəhbəri tərəfindən təsdiq edilən regionların sosial-iqtisadi inkişafına dair birinci və ikinci dövlət proqramlarının icrası regionların tarazlı inkişafına, sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə gətirib çıxarmışdır.
Artıq bir neçə ildir ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi təmin olunmuşdur. İndi qarşıda dayanan əsas vəzifə ərzaq təhlükəsizliyinin də təmin olunmasıdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada əksər kənd təsərrüfatı məhsullarına olan tələbat yerli istehsal hesabına ödənilir. Kənd təsərrüfatı inkişaf etdikcə onunla bərabər emal sənayesi, satış və digər sahələr də genişlənir. Nəticədə xarici bazardan asılılıq getdikcə aradan qaldırılır, özümüzü ərzaq məhsulları ilə etibarlı şəkildə təmin edə bilirik.
Aydındır ki, sərmayə qoyuluşu olmadan sahibkarlığı inkişaf etdirmək mümkün deyil. Sahibkarlıq subyektlərinə, xüsusilə kiçik və orta sahibkarlıqla məşğul olanlara maliyyə dəstəyinin vacibliyi nəzərə alınaraq verilən kreditlərin həcmi ildən-ilə artırılır. 2010-cu ildə bank və kredit təşkilatları tərəfindən sahibkarlara 35 milyon 909 min manatdan çox kredit verilmişdir ki, bunun da 12 milyon 266 min manatı, yaxud 34 faizi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən həyata keçirilmişdir. Göstərilən dövlət maliyyə dəstəyinin 6 milyon manatı dövlət büdcəsindən ayrılan vəsait, 6 milyon 266 min manatı isə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən əvvəlki illərdə verilmiş kreditlərdən qaytarılan vəsait hesabına təmin olunmuşdur. Cari ildə də yüngül və yeyinti sənayesi, tikinti materialları istehsalı, kənd təsərrüfatı və xidmət sektorunun inkişafı sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara kreditlərin verilməsi davam etdiriləcəkdir.
Əgər Sovet İttifaqının mövcud olduğu bütün dövr ərzində muxtar respublikada 40 istehsal sahəsi vardısa, ötən 15 ildə bu müəssisələrin sayı 11 dəfə artırılaraq 423-ə çatmışdır. Yeni sənaye müəssisələrinin işə salınması nəticəsində tarixən aqrar diyar kimi formalaşan Naxçıvan Muxtar Respublikası artıq sənaye regionuna çevrilmişdir. Təkcə ötən il 78 layihə üzrə yeni istehsal və xidmət obyektlərinin fəaliyyətə başlaması bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı xarakter daşıdığını sübut edir.
Muxtar respublikada yerli istehsalın təşkili daim dəstəklənir. Çünki bu olmadan daxili bazarı qorumaq, xaricə valyuta axınının qarşısını almaq, idxaldan asılılığı aradan qaldırmaq mümkün deyildir. Son illər bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, əgər 2000-ci ildə muxtar respublika üzrə cəmi 15 adda məhsul istehsal olunurdusa, indi 292 növdə məhsul istehsal olunur. Yeni yaradılan müəssisələr hesabına əhalinin 89 növdə ərzaq, 158 növdə qeyri-ərzaq olmaqla, 247 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir. Bu hesaba ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi də artmaqdadır. Ötən il bu göstərici 86 faiz təşkil etmişdir. Hazırda aqrar sektor, sənaye, ticarət, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində qeyri-dövlət bölməsinin payı 83-99 faiz arasında dəyişir.
Yeni fəaliyyətə başlayan müəssisələr əsasən yerli xammaldan istifadə yolu ilə məhsul istehsal edirlər ki, bu da hazır məhsulun istehlakçılara daha münasib qiymətlərlə çatdırılmasına imkan yaradır. Bu gün muxtar respublikada fəaliyyət göstərən 423 istehsal müəssisəsindən 336-sı və ya 79 faizi yerli xammaldan istifadə əsasında fəaliyyət göstərir. Bu, bir tərəfdən yerli istehsalı stimullaşdırırsa, digər tərəfdən daxili bazarı etibarlı şəkildə qoruyur. Daxili bazarın qorunması isə bizim üçün prioritet məsələdir.
Daxili bazarın inkişafında yerli istehsalın təşkili nə qədər vacibdirsə, onun xarici amillərin təsirindən qorunması da bir o qədər vacibdir. Yerli istehsal məhsullarının eyniadlı keyfiyyətsiz və ucuz xarici məhsulların haqsız rəqabətindən qorunmasına diqqət artırılmalıdır. Nəzərə almaq lazımdır ki, tərkibi, nədən və necə hazırlanması məlum olmayan bu məhsullar əhalinin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Dövlət Gömrük Komitəsi bu kimi hallarla mübarizə sahəsində tədbirləri bundan sonra da davam etdirməli, daxili bazarı qorumaq üçün mövsümdən asılı olaraq tələb və təklifi nəzərə almaqla, idxal-ixrac əməliyyatlarının tənzimlənməsini rüsumların artırılması və digər formalarla təmin etməlidir.
Büdcədən maliyyələşən sosial müdafiə, səhiyyə və təhsil müəssisələri tələb olunan ərzaq, əşya və digər məhsulların satın alınmasında yerli istehsala üstünlük verməlidirlər. Maliyyə Nazirliyi büdcə və təsərrüfathesablı müəssisələr tərəfindən alınan mal-materialların qiymətini nəzarətdə saxlamalıdır.
Qeyd olunanlarla yanaşı, daxili bazarın qorunmasının bir yolu da antiinflyasiya tədbirlərinin həyata keçirilməsidir. Bu tədbirlərin tərkib hissəsi kimi dövriyyədə olan nağd pul kütləsi həcminin azaldılması, nağdsız alqı-satqı əməliyyatlarının geniş tətbiq olunması mühüm əhəmiyyət kəsb edir. Ötən il muxtar respublikada fəaliyyət göstərən bank strukturları tərəfindən dövriyyəyə 445 milyon 415 min manatadək pul kütləsi buraxılmış, dövriyyədən isə bankların kassalarına 167 milyon 268 min manatadək vəsait daxil olmuşdur. Aradakı fərq 278 milyon 147 min manat olmaqla, dövriyyəyə buraxılmış pul kütləsinin 62,4 faizini təşkil etmişdir. Bu, 2009-cu ildə qeydə alınan 63,6 faizlik səviyyə ilə müqayisədə yaxşı nəticə olsa da qənaətləndirici sayıla bilməz. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublika İdarəsi maliyyə və vergilər nazirlikləri ilə birlikdə iqtisadi fəaliyyət sahəsində həyata keçirilən maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılmasına nəzarəti daha da gücləndirməli, sahibkarlıq subyektləri alqı-satqı əməliyyatları zamanı hesablaşmaların daha çox köçürmə yolu ilə aparılmasına diqqəti artırmalıdırlar. Digər tərəfdən, açılmış bank hesablarının işlək olması da təmin edilməlidir. 2011-ci il yanvarın 1-i tarixinə muxtar respublika banklarında açılmış 8087 bank hesabından 6218-i və ya 77 faizi aktiv hesablar olmuşdur. Təkcə 2010-cu ildə 88 hüquqi və 3044 fiziki şəxs üçün açılmış 3132 bank hesabından 2969-u və ya 95 faizə qədəri aktiv hesablardır. Nağd əməliyyatların aradan qaldırılmasını təmin etmək məqsədi ilə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublika İdarəsi sahibkarlıq subyektləri üçün açılmış bank hesablarının işlək olmasına nəzarəti gücləndirməlidir.
Muxtar respublikada həyata keçirilən kompleks islahatların bir məqsədi var: güclü sahibkarlar təbəqəsinin formalaşmasına nail olmaq. Bu, təmin olunmadan inkişaf mümkün deyildir. Sahibkarlığın inkişafı məşğulluq səviyyəsinin yüksəldilməsi, əhali gəlirlərinin artması, bununla bərabər rifah halının yaxşılaşması, keyfiyyətli məhsul istehsalı və nəticə etibarilə iqtisadi tərəqqi deməkdir. Dövlətin sahibkarlara dəstəyi olduğu kimi, sahibkarların da dövlətə dəstəyi olmalıdır. Sahibkarlarımız dövlətimizin qüdrətlənməsi, inkişafı naminə səylərini əsirgəməməlidirlər.
Hər bir sahibkar dövlətin göstərdiyi dəstək müqabilində öz qarşısına "Ölkəmin, fəaliyyət göstərdiyim regionun inkişafında mənim xidmətim nədən ibarətdir?" sualını qoymalı, bu mövzu ətrafında daim düşünməli, xalq, Vətən işi üçün faydalı olmağı bacarmalıdır. Daxili bazar üçün məhsul istehsal edən sahibkarlarımız ilk növbədə keyfiyyət amilinə xüsusi fikir verməlidirlər. Zaman keçdikcə, istehsal prosesi genişləndikcə artıq xarici bazarlara çıxış imkanları da nəzərdən keçirilməlidir.
Ali Məclisin sədri sahibkarlara tövsiyə etmişdir ki, öz fəaliyyətlərində şəffaflığı təmin etsinlər, işə götürülən işçilərlə əmək müqavilələrinin bağlanmasına, onlara verilən əməkhaqlarının reallığı əks etdirməsinə nail olsunlar. İşçilərlə işəgötürənlər arasında əmək müqavilələri bağlanarkən muxtar respublika üzrə orta aylıq əməkhaqqı mütləq nəzərə alınmalıdır.
Sahibkarlar çalışıb vergidən yayınma hallarına yol verməməlidirlər. Vergilər Nazirliyi Mərkəzi Bankın Naxçıvan Muxtar Respublika İdarəsi ilə birlikdə muxtar respublika ərazisində quraşdırılan POS-terminallardan və nəzarət-kassa aparatlarından istifadənin təmin edilməsi üçün müvafiq tədbirlər görməlidirlər. Vergi bazasının genişləndirilməsi məqsədi ilə Vergilər Nazirliyi tərəfindən vergilərin vaxtında və tam həcmdə ödənilməsinə nəzarət artırılmalıdır.
Bu sahədə dövlət orqanları bu günədək olduğu kimi bundan sonra da lazımi köməkliyi göstərəcəkdir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi: "Sahibkarlığın inkişafına dəstək bundan sonra da davam etdiriləcəkdir. Bu, bizim gələcəyimizdir, iqtisadi müstəqilliyimizdir. Sahibkarlığın inkişafı olmadan Azərbaycanın hərtərəfli inkişafı ola bilməz".
Ali Məclisin sədri Azərbaycanın, muxtar respublikanın gələcək inkişafı naminə sahibkarlarımızdan məhsuldar və səmərəli fəaliyyət gözlədiyini bildirmiş, onlara işlərində uğurlar arzulamışdır.
Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov çıxış edərək demişdir ki, muxtar respublika Ali Məclisi sədrinin tapşırığı əsasında yerli istehsalın inkişaf etdirilməsi daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. 2010-cu ildə də məhz bu amil nəzərə alınaraq iqtisadiyyatın bütün sahələrində 78 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmiş, 24 layihə üzrə istehsal və xidmət sahələrinin yaradılması davam etdirilmişdir. Ötən il sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədi ilə maliyyələşdirilən 233 layihədən 214-ü kənd təsərrüfatı, 15-i sənaye, 4-ü isə xidmət sektorunu əhatə etmişdir.
"Təchizat" Açıq Tipli Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Arzu Dünyamalıyev təmsil etdiyi müəssisənin fəaliyyəti barədə məlumat vermiş, göstərilən diqqət və qayğıya görə muxtar respublika sahibkarları adından minnətdarlığını bildirmişdir.
Ali Məclisin sədri yeni istehsal və xidmət sahələrinin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi üçün 9 sahibkara kreditlərin çeklərini təqdim etmişdir.
Ümumilikdə sahibkarlara 3 milyon 385 min manat dəyərində kreditlər verilmişdir. Bu kreditlər minik, yük avtomobillərinə və avtobuslara texniki xidmət müəssisəsinin, penoplast lövhələrin, alma sirkəsi, qazsız mineral su istehsalı sahələrinin, ətlik və yumurtalıq istiqamətində quşçuluq, heyvandarlıq təsərrüfatlarının, istixana kompleksinin yaradılmasına, ət məhsulları istehsalı sexi üçün yeni avadanlığın alınmasına, yaradılmış yumurtalıq istiqamətində quşçuluq təsərrüfatında avtomatlaşdırılmış sistemin qurulmasına sərf ediləcəkdir.
Sonra "Biznesdə uğur-2010" mükafatları təqdim olunmuşdur. "İlin şirkəti" nominasiyasında "Naxçıvan Avtomobil Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Musa Abdullayevə, "İlin ixracatçısı" nominasiyasında fiziki şəxs Sabir Məmmədova, "İlin məhsulu" nominasiyasında "Təchizat" Açıq Tipli Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Arzu Dünyamalıyevə, "İlin sahibkarı" nominasiyasında fiziki şəxs Abbas Əhmədova qiymətli hədiyyələr verilmişdir.
Tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən videoçarxa, son 16 ildə, o cümlədən 2010-cu ildə muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəricilərinin, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti, yeni və yaradılması nəzərdə tutulan istehsal və xidmət sahələri barədə məlumatların nümayiş etdirildiyi sərgiyə baxmışlar.
Sonra "Gəmiqaya Holdinq" Şirkətlər İttifaqının plastik kapsul və qapaq istehsalı müəssisəsinin açılışı olmuşdur.Ali Məclisin sədri idarəetmə düyməsini basaraq müəssisəni işə salmış, istehsal prosesini izləmişdir.
Məlumat verilmişdir ki, plastik kapsul və qapaq indiyədək muxtar respublikaya idxal olunurdu. Yeni müəssisənin işə salınması qazlı və qazsız su istehsalçılarının bu sahədəki problemlərini tamamilə aradan qaldıracaq, onların keyfiyyətli yerli taralarla təmin olunmasına şərait yaradacaqdır.
Ali Məclisin sədri "Gəmiqaya Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal sahələri ilə də tanış olmuşdur. Müəssisədə metal əritmə, nikelləşdirmə, tornaçı, qapı istehsalı sexləri və ümumi istehsal sexi fəaliyyət göstərir. 17 min 951 kvadratmetr ərazini əhatə edən müəssisədə Türkiyə və Rusiya istehsalı olan avadanlıqlar quraşdırılmışdır. Sənaye kompleksinin sexlərində seyf qapıları, dəmir qapılar, dəmir boru və pilləkan, novdan və yağış boruları, 3 çeşiddə mismar, kənd təsərrüfatında istifadə olunan kotan, transformator kabinəsi, isitmə sistemləri üçün qazan, çəpərli və tökmə hasar, pəncərə, inşaat və təhlükəsizlik hasarı, ikiqatlı çarpayı, yanğın dolabı, avtobus dayanacağı, məktəbli partası, stol və stul, idman alətləri, su çəni, havalandırma kanalı, asfalt kürəyi və yük avtomobili banı istehsal olunur. Müəssisədə 85 nəfər çalışır, orta aylıq əməkhaqqı 350-400 manatdır.
Ali Məclisin sədri daxili bazarın qorunması, muxtar respublikanın ixrac potensialının artırılması, keyfiyyətli məhsul istehsalına ciddi diqqət yetirilməsi, təkrar emal, az tullantılı müəssisələrin yaradılması, istifadə olunmuş şüşə taraların yenidən istehsala qaytarılması üçün avadanlıqların alınması, yerli xammalla işləyən müəssisələrin qurulmasına üstünlük verilməsi, aidiyyəti orqanların sahibkarlarla mütəmadi görüşlərinin keçirilməsi, onların təkliflərinə diqqətlə yanaşılması və müvafiq köməkliklərin göstərilməsi barədə tapşırıqlar vermişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında