Zaqatala: Uğurlu nəticələr daha yüksək nailiyyətlərə zəmin yaradır

2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon toplantısında geniş hesabat məruzəsi ilə çıxış edən RİH başçısı Mübariz Əhmədzadə maraqlı fikirlər səsləndirdi. Natiq qeyd etdi ki, inkişafın əsas şərtlərindən biri, təbii ki, ilk növbədə, ölkədə sabitliyin, əmin-amanlığın olmasıdır. Bu baxımdan 2017-ci il Azərbaycan üçün uğurlu olub. Belə ki, dünyanın müxtəlif yerlərində təhlükələrin, qanlı münaqişələrin, qarşıdurmaların artdığı bir vaxtda Azərbaycan xalqı sabitlik və təhlükəsizlik şəraitində yaşayır, ölkədə normal həyat təmin edilib.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlətimizin başçısı bir daha 2018-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsinin, sənaye parklarının yaradılmasının, kənd təsərrüfatının, xüsusilə də taxıl, pambıq, fındıq, tütün, çay, barama və şərab istehsalının artırılmasının, valyuta gətirən meyvə plantasiyalarının salınmasının, heyvandarlığın inkişafı ilə bağlı tədbirlərin görülməsinin əhəmiyyətindən danışdı, istehsal olunan məhsullar üçün yeni bazarların tapılmasının vacibliyini vurğuladı.

Rayon rəhbəri dedi ki, yola saldığımız 2017-ci il də Zaqatalada əlamətdar və yaddaqalan hadisələrlə zəngin olub. Xüsusi olaraq qeyd etmək lazımdır ki, ilin ən yaddaqalan hadisəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqust ayının 3-də Zaqatalaya səfəri olub. Məhz dövlət başçısının yüksək diqqət və qayğısı sayəsində Azərbaycanın bütün regionlarının, o cümlədən Zaqatala rayonunun sosial-iqtisadi və mədəni həyatında böyük dəyişikliklər baş verib.

Ötənilki uğurlar barədə danışan natiq dedi ki, 2017-ci ildə rayonda 381,1 milyon manatlıq ümumi məhsul istehsal edilib və xidmətlər göstərilib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 29,9 faiz çoxdur. Məhsul istehsalı sənayedə 40,5 faiz, kənd təsərrüfatında 12,9 faiz, ticarətdə 4,6 faiz, rabitədə 10 faiz, nəqliyyatda 2,3 faiz, pərakəndə əmtəə dövriyyəsi 14 faiz, pullu xidmətlərin həcmi 9,3 faiz artıb, 2445-i daimi olmaqla 2525 iş yeri açılıb. Əsas kapitala yönəldilən investisiyaların həcmi 4 dəfə artaraq 49,2 milyon manat, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 3,3 dəfə artaraq 39,4 milyon manat təşkil edib.

Sənaye parklarının yaradılması istiqamətində rayon icra hakimiyyəti və “RR” şirkətlər qrupu tərəfindən Zaqatala rayonunun Aşağı Tala kəndində “Şimal-Qərb” brendi altında Sosial Ticarət Mərkəzinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına və layihələndirmə işlərinə
başlanılıb.

Respublika üzrə fındıq məhsulunun böyük əksəriyyətinin Zaqatala sahibkarları tərəfindən ixrac olunduğuna görə, Dövlət Gömrük Komitəsi Zaqatala şəhərində fındıq məhsullarında mövcud olan aflatoksinlərin tədqiqinin aparılması məqsədilə Mərkəzi Gömrük Ekspertizası İdarəsinin Zaqatala gömrük laboratoriyası açıb.

Baramaçılığın dirçəldilməsi və gələcəkdə yaş barama istehsalının və tədarükünün artırılması məqsədilə rayonda 2017-ci ilin payız mövsümündə RİHB-nın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və bələdiyyələr tərəfindən 129 min ədəd tut tinginin əkilməsi təmin edilib. Bunun da 80 min ədədini Çin Xalq Respublikasından gətirilmiş tut tingləri təşkil edir.

Tütünçülüyün və tütün emalı sənayesinin inkişaf etdirilməsi, tütün istehsalının və ixracının artırılması məqsədilə 2017-ci ildə fermerlər arasında bu sahənin ixrac potensiallı olması barədə geniş maarifləndirmə tədbirləri aparılıb və rayonda proqnozlaşdırılan 700 hektar əvəzinə 743 hektar sahədə tütün əkilərək 891 ton (+363 ton) quru tütün istehsal olunub.

Zaqatala üçün ənənəvi və yüksək ixrac potensialına malik sahələrdən biri olan gülçülüyün inkişaf etdirilməsi məqsədilə “AZ ROSE” MMC-nin sifarişi əsasında Aşağı Tala kəndi ərazisində ümumi sahəsi 1008 kvadratmetr olan istehsalat binası, ümumi sahəsi 1256 kvadratmetr olan 3 mərtəbəli inzibati bina, ümumi sahəsi 150 kvadratmetr olan qazanxana binası və digər tikililər inşa edilib və 5000 ton tutumu olan su anbarı və damcılama suvarma sistemi quraşdırılıb, kənd təsərrüfatı texnikaları alınıb. Ərazidə 3 artezian quyusu qazılıb, qaz və elektrik xətləri çəkilib, müasir işıqlandırma sistemi qurulub və yaşıllıq zolaqları salınıb. Müəssisə tərəfindən 132 hektar qızılgül, 35 hektar isə lavanda olmaqla, cəmi 192 hektar gül plantasiyası salınıb.

Hesabat ilində rayonda bütün maliyyə mənbələri hesabına 39,4 milyon manat həcmində tikinti, abadlıq və quruculuq işləri görülüb. Zaqatala Rayon Məhkəməsi üçün yeni inzibati binanın, şəhərin Şəhriyar küçəsində Fövqəladə Hallar Nazirliyinin xətti ilə inşa edilən çoxmənzilli yaşayış binasının tikintisi davam etdirilib, Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Aşağı Tala kənd həkim məntəqəsinin tikintisi və Zaqatala Beynəlxalq Hava Limanında əsaslı yenidənqurma işləri başa çatdırılıb, Zaqatala telekommunikasıya qovşağının inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılaraq istifadəyə verilib. Rayonda ümumi sahəsi 11010 kvadratmetr olan 88 fərdi yaşayış evi istifadəyə verilib, sahibkarlar tərəfindən 12,9 milyon manat həcmində yeni sənaye, ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisinə investisiya qoyulub.

Məruzəçi sonda vurğuladı ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin məqsədyönlülüyü, ardıcıllığı və ölkəmizin milli maraqlarını tam əks etdirməsi respublikamızın bütün vətəndaşları kimi, biz zaqatalalıların da gələcəyə inamını artırır, bizi daha böyük əzmlə çalışmağa sövq edir.

Yığıncağın işində Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Rüfət Əliyev, Milli Məclisin deputatları Kamilə Əliyeva və Elşən
Musayev iştirak ediblər.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında