SURAXANI RAYONU: Sosial-iqtisadi göstəricilər dinamik inkişafdan xəbər verir

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən iclasında, habelə “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunları ilə bağlı keçirilən  konfransda ölkəmizdə son illərdə sosial-iqtisadi, siyasi sahələrdə görülən işlərə nəzər salındı, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Dövlət başçısı çıxışlarında Azərbaycanın son 14 ildə, eləcə də  2017-ci ildə uğurlu inkişaf yolu keçdiyini, bölgələrin mənzərəsinin dəyişdiyini, qarşıda duran bütün vəzifələrin icrasının reallaşdığını, ölkəmizin gücləndiyini  və beynəlxalq əlaqələrimizin daha da dərinləşdiyini xatırlatdı.

Cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əldə edilən uğurlar Suraxanının sosial-iqtisadi həyatında da aydın nəzərə çarpır. Sözügedən dövrdə rayonda geniş quruculuq və yeniləşmə tədbirləri həyata keçirilib, ərazidə gerçəkləşdirilən mühüm  layihələr, quruculuq işləri küçə və meydanların, park və istirahət güşələrinin, yaşayış massivlərinin görkəmini daha da gözəlləşdirib, insanların müasir tələblər səviyyəsində rahatlığını reallaşdırıb.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarının  icrası nəticəsində paytaxtın bu rayonunda son illərdə infrastruktur layihələri uğurla həyata keçirilib, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti  yaxşılaşıb, abadlıq işləri geniş vüsət alıb, əhalinin həyat səviyyəsi yüksəlib. Azərbaycan Prezidenti  cənab İlham Əliyev dəfələrlə  Suraxanı sakinləri ilə  görüşlər keçirib, onların qarşılaşdıqları problemlərlə yaxından tanış olub. Dövlət başçısı tərəfindən sistemli şəkildə həyata keçirilən məqsədyönlü və düşünülmüş islahatlar rayon iqtisadiyyatının sürətli inkişafını, insanların yaşayış şəraitinin yaxşılaşmasını, yoxsulluğun və işsizliyin azaldılmasını, sabitliyin möhkəmlənməsini təmin edib. 

 

Abadlıq-quruculuq işləri rayonun bütün yaşayış məntəqələrini əhatə edir

 

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının həyata keçirilməsi, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası Suraxanı üçün də uğurlu olub.

Son 14 il ərzində Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində 2003-cü ilə nisbətən 2017-ci ildə rayonda sənaye məhsulunun istehsalı 4,9 dəfə, tikinti-quraşdırma işləri 8,5 dəfə, nəqliyyat xidmətləri 9,5 dəfə, əsas kapitala yönəldilən investisiyalar 1,7 dəfə, orta aylıq əməkhaqqı 8,3 dəfə artıb, daimi olmaqla 33174 yeni iş yeri açılıb.

Hesabat dövründə rayonda əvvəlki ilə nisbətən sənaye məhsulunun istehsalı 145 faiz, əsas kapitala yönəldilən investisiyalar 211 faiz, kənd təsərrüfatı 163 faiz, pərakəndə ticarət dövriyyəsi 224 faiz, orta aylıq əməkhaqqı 110 faiz  təşkil edib, nəqliyyat xidmətləri 3 dəfə artıb, əhaliyə 222  milyon manat məbləğində pullu xidmətlər göstərilib, 4840 yeni daimi iş yeri açılıb.

Hesabat dövründə rayonda mühüm yenidənqurma layihələri reallaşdırılıb, küçələrə və məhəllədaxili ərazilərə ümumilikdə 306,3 min kvadratmetr asfalt örtüyü çəkilib, 95 min kvadratmetrdən  çox sahədə cari təmir işləri aparılıb. Ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaraçuxur və Zığ qəsəbələrini birləşdirən, uzunluğu 2 kilometr olan avtomobil yolu, Zığ, Əmircan və Yeni Suraxanı qəsəbələrini birləşdirən, uzunluğu 12 kilometr olan yolun 3 kilometrlik hissəsi  yenidən qurulub.

Hazırda Zığ və Hövsan qəsəbələrini birləşdirən 6,8 kilometrlik  avtomobil yolu yenidən qurulur.

Yeri gəlmişkən, həmin küçələrin müəyyənləşdirilən  yerlərində müasir tələblərə cavab verən 12 yeni avtobus dayanacağı quraşdırılıb, köhnə dayanacaqlar isə yeniləri ilə əvəzlənib. 

Vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir tələblərə cavab verən çoxmənzilli binaların tikintisini reallaşdırmaq məqsədilə Nazirlər Kabinetinin müvafiq  sərəncamı ilə Hövsan qəsəbəsinin qərb hissəsində Dövlət Neft Şirkətinin daimi istifadəsində olan 20 hektar sənaye təyinatlı torpaq sahəsinin kateqoriyası dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməklə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət  Agentliyinin tabeliyində olan “MİDA” MMC-nin sərəncamına verilib, həmin ərazidə 3200 mənzilli, 12 min nəfərin yaşaya biləcəyi 7-10 mərtəbəli binalardan ibarət yaşayış kompleksinin, məktəbin və iki uşaq bağçasının tikintisi nəzərdə tutulub. 

2003-cü ildən bəri  Suraxanıda  31 dəfə səfərdə olan və rayonun inkişafına daim böyük diqqət  göstərən Prezident İlham Əliyev ötən il dekabr ayının 24-də Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə MİDA-nın ikinci layihəsi olan Hövsan yaşayış kompleksində tikiləcək ilk 7 mərtəbəli binanın təməlqoyma mərasimində  iştirak edib.

Hesabat dövründə rayonun müxtəlif ərazilərində çoxmərtəbəli yaşayış binalarının inşası davam etdirilib, Qaraçuxur qəsəbəsində əsaslı təmirinə başlanılan Neftçilər parkının cari ilin ikinci rübündə sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. 

Sadalananlarla yanaşı, Əmircan qəsəbəsində 18-ci əsrin sonlarında inşa edilən “Seyid qızı” türbəsi də əsaslı təmir olunub, hazırda ətraf ərazilərdə abadlıq işləri görülür.

 

Kommunal xidmətlərin keyfiyyəti artırılır

 

Ötən il rayonda 17,8 min poqonometr su və 832  poqonometr kanalizasiya xətləri çəkilib, görülən işlər nəticəsində rayon əhalisinin 58 faizi qrafiklə, 38 faizi isə fasiləsiz su ilə təmin olunub. 

Qaraçuxur qəsəbəsində yerləşən  “S. Steel Company” şirkətinin qarşısındakı dairədən Əmircan qəsəbəsinin Səttar Bəhlulzadə dairəsinədək yolda və Yeni Suraxanı qəsəbəsinin  Səttar Bəhlulzadə, Atamoğlan Rzayev və Xanlar Ələkbərov küçələrində “Azərsu” ASC tərəfindən qəzalı vəziyyətdə olan 2 ədəd  400 millimetr  diametrli su xətti dəyişdirilib,  6820 metr uzunluğunda müxtəlif diametrli yeni xətlər çəkilərək istifadəyə verilib. Ümumiyyətlə, reallaşdırılan bu və ya digər tədbirlər nəticəsində Əmircan və Yeni Suraxanı qəsəbələrində 8 min nəfərin su təchizatı yaxşılaşdırılıb. 

Hazırda Qaraçuxur qəsəbəsinin  Etibar Bəkirli küçəsində 100-ə yaxın fərdi yaşayış evinin altından keçən qəzalı su xəttinin ləğv edilərək daha təhlükəsiz əraziyə köçürülməsi və həmin küçədə 2800 poqonometr, Bülbülə qəsəbəsinin  Səttar Bəhlulzadə, Vüqar Bədəlov küçələrində 6000 poqonometr, Əmircan qəsəbəsinin Elxan Həsənov, Malik Mustafayev və Zülal Tağıyev küçələrində 5500 poqonometr yeni su şəbəkələri qurulur.  

Hesabat dövründə 19,2 kilometr  yeni qaz kəməri çəkilib  və ya əsaslı təmir olunub, 534 ədəd yeni sayğac quraşdırılıb, 3 ədəd yüksəkgərginlikli elektrik yarımstansiyasının binasında və ətrafında təmir-abadlıq işləri aparılıb, 5 elektrik yarımstansiyasında transformatorlar daha güclüləri ilə əvəzlənib, 1 ədəd yeni KTM, 160 ədəd işıqlandırma dirəyi, 320 ədəd çilçıraq quraşdırılıb,  5360 metr kabel çəkilib və hazırda rayon əhalisinin 100 faizi elektrik enerjisi ilə, 98 faizi isə məişət qazı ilə təmin olunur.

Yeri gəlmişkən, kommunal xidmətlərin göstərilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət mərkəzi” mühüm rol oynayır. Mərkəzin  müasir texniki avadanlıqlarla  təchiz  edilən  xüsusi avtobusları vasitəsilə ötən ilin fevral-mart aylarında  Yeni Suraxanı, Zığ və Hövsan qəsəbələrində 1104 nəfər vətəndaşa səyyar formada xidmət göstərilib. Bu il fevral ayının 1-dən Hövsanda yaşayan sakinlərə həmin xidmətlərin göstərilməsinə başlanılıb, fevral ayının 19-dan isə Zığ qəsəbəsində xidmətlərin göstərilməsi davam etdiriləcək.

 

Hər il olduğu kimi, cari mövsümdə də payız-qış hazırlığı diqqət mərkəzində saxlanılıb

 

Suraxanının payız-qış mövsümünə hazırlığını yüksək səviyyədə təmin etmək məqsədilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə qərargah yaradılıb,  RİH başçısı yanında şura iclasında bu məsələ müzakirə olunub, tövsiyə və tapşırıqlar verilib. Əhalinin istiliklə təminatını daha da yaxşılaşdırmaq üçün məhəllədaxili və binadaxili istilik sistemlərində təmir-bərpa işləri görülüb, 1850 poqonometr istilik xətti dəyişdirilib, qarlı-buzlu hava şəraiti üçün qum və duz ehtiyatı yığılıb, maşın və mexanizmlər saz vəziyyətə gətirilib.  

Rayon ərazisindəki istilik sisteminə qoşulan 324 çoxmərtəbəli yaşayış binası, 34 məktəb, 35 uşaq bağçası və 12 səhiyyə obyektinin hər birinə qış mövsümündə istilik verilişi təmin olunub.

Suraxanıda yararsız və ya qəzalı vəziyyətdə olan mənzillərdə  yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, habelə digər obyektlərin sökülərək yenilərinin  inşa edilməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, müəyyən tədbirlər görülür. Məsələn, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, 34, 36 və Qəzənfər Vəliyev küçəsi, 13 ünvanlarında yerləşən istismara yararsız evlərin yerində çoxmərtəbəli yaşayış binaları  tikilir.

Hesabat dövründə rayonun mənzil-kommunal birlikləri tərəfindən balansdakı yaşayış binalarının dam örtükləri, pilləkən qəfəsləri təmir olunub, zirzəmilər çirkab sulardan təmizlənib, mühəndis-kommunikasiya sistemlərinin, lift təsərrüfatının işlək vəziyyətdə saxlanılmasına daim diqqət yetirilib.

 

 “Bir bələdiyyə – azı bir layihə” proqramı uğurla həyata keçirilir

 

“Bir bələdiyyə – azı bir layihə” proqramı çərçivəsində Bülbülə qəsəbəsində Şəhidlər xiyabanı əsaslı şəkildə yenidən qurulub, 11 şəhidin xatirəsi əbədiləşdirilib. Hövsanda Böyük Vətən müharibəsində həlak olanların şərəfinə ucaldılan “1941 – 1945” abidə kompleksi əsaslı təmir edilib. Qaraçuxur qəsəbəsinin Ə.Mehbalıyev küçəsində “Vətən şəhidləri unudulmur” abidə kompleksində isə yenidənqurma işlərinə başlanılıb. 

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun yaşadığı Əmircan qəsəbəsi, 8/6 saylı binanın üzərindəki xatirə lövhəsinin təntənəli açılışı ilə əlaqədar ətraf  sahələr abadlaşdırılıb, həyətlərdə oturacaqlar quraşdırılıb, yaşıllıqlar salınıb.

Ümumilikdə, rayon üzrə 19 ünvanda 63 şəhidin xatirəsini əbədiləşdirən xatirə kompleksləri əsaslı təmir olunub və ya yeniləri tikilib. 

“Nümunəvi abad məhəllə”lərin salınması, sakinlərin istirahəti və uşaqların əylənməsi üçün oturacaqlar, söhbətgahlar, idman və oyun elementlərinin quraşdırılması da diqqət mərkəzində saxlanılıb. 

“Nümunəvi abad məhəllə”lərdən söz düşmüşkən, xatırladaq ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin dəstəyi ilə hesabat dövründə 12-si Suraxanı Rayon MKTB, 8-i isə 3 saylı Xüsusi Təyinatlı MKTB tərəfindən olmaqla 20 bu cür məhəllə salınıb, mövcud məhəllələrdə isə təmir-bərpa işləri aparılıb. 

Hesabat dövründə Suraxanıda ətraf mühitin yaxşılaşdırılması tədbirləri davam etdirilib, rayonda fəaliyyət göstərən neft əməliyyatı şirkətləri tərəfindən ümumi sahəsi 1,5 hektar olan 45 gölməçə qurudulub və müxtəlif növ tullantılardan təmizlənib, lay suları, habelə    neftlə çirklənən 9,8 hektar torpaq sahəsi texniki rekultivasiya olunub, həmin ərazilərdə qazon və ağaclar əkilib. 

Ekoloji vəziyyətin yaxşılaşmasına rayon icra hakimiyyətinin təşkilatçılığı ilə mütəmadi keçirilən iməciliklər də müsbət təsir göstərib. Xatırladaq ki, hesabat dövründə Suraxanıda 16 ümumrayon iməciliyində 7562 ədəd ağac əkilib.

 

Sosial müdafiə tədbirlərinə xüsusi əhəmiyyət verilir

 

Hesabat dövründə rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə diqqət artırılıb, aidiyyəti idarələr tərəfindən 8885 nəfərə sosial müavinət verilib, 1013 ailəyə ünvanlı sosial yardım təyin edilib. Rayon Məşğulluq  Mərkəzi tərəfindən 898 nəfər işlə təmin edilib, 158 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.

Əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsinə də mühüm önəm verilib. Rayonda 1435 yeni iş yerinin açılması, abadlıq, yaşıllaşdırma və çoxmənzilli yaşayış binalarının əsaslı təmiri işlərinə rayon MKTB-yə  36-sı məcburi köçkün olmaqla cəmi 568  nəfər  işaxtaran  şəxs, digər qurumlarda isə 662 nəfər vətəndaş cəlb edilib.

Rayonda məşğulluq səviyyəsinin artırılmasında yeni iş yerlərinin yaradılması da xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə sahibkarlığın inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, ötən il dekabr ayının 27-də 120 sahibkarın iştirakı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində  RİH-in və Sahibkarlığa  Kömək  Milli  Fondunun birgə təşkilatçılığı ilə keçirilən 12-ci işgüzar forum çərçivəsində adıçəkilən fondun vəsaiti hesabına Hövsan qəsəbəsində yaradılan zeytunçuluq təsərrüfatına 3,6 milyon manat güzəştli kredit ayrılıb və 113 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 15-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı da Suraxanıda diqqət mərkəzində saxlanılıb. Rayon icra hakimiyyəti başçısının  müvafiq  sərəncamı ilə bu tədbirin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədilə komissiya yaradılıb,  müəssisə və idarələrin kollektivlərinin tibbi müayinədən keçmə qrafiki tərtib olunub. Rayon ərazisindəki  4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi keçirilib. Beləliklə, ötən il 15368 nəfər vətəndaşın və 138 kollektivin tibbi müayinəsi reallaşıb. Bu da tibbi müayinədən keçməsi nəzərdə tutulanların 87,24 faizini təşkil edir.

Heydər Əliyev Fondu tərəfindən bir qrup eşitmə qüsuru olan  imkansız və aztəminatlı rayon sakininə eşitmə cihazı verilib. Bununla bərabər, “İşıqlı həyat” aksiyası əsasında gözündə müəyyən xəstəliklər olan şəhid və aztəminatlı, imkansız ailələrdən, habelə rayonda məskunlaşan  məcburi köçkünlərdən bir qisminə oftalmoloji xidmət göstərilib.

 

Məcburi köçkün ailələrinin problemlərinin həlli diqqət mərkəzindədir

 

Ötən il mart ayının 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən müşavirədə Bakı və Sumqayıt şəhərlərindəki yataqxanalarda müvəqqəti məskunlaşan qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli ilə bağlı verilmiş tapşırıqlar Suraxanı Rayon İcra Hakimiyyətində keçirilən iclasda geniş müzakirə olunaraq konkret tədbirlər müəyyənləşdirilib və verilən tapşırıqlar icra olunur.

Yeri gəlmişkən, Suraxanı  ərazisində  müxtəlif ünvanlarda 20 mindən artıq məcburi köçkün məskunlaşıb, ötən il ərzində onların məişət problemlərinin həlli istiqamətində bir sıra işlər görülüb. Belə ki, məcburi köçkünlərin məskunlaşdığı Hövsan qəsəbəsindəki  “Gilavar” uşaq bağçasının və H.Quliyev küçəsi, 22 saylı ünvandakı yataqxananın, Bülbülə qəsəbəsindəki “Azərtuneltikinti” şirkətinə məxsus yataqxananın dam örtükləri təmir edilib, rayon ərazisində məcburi köçkünlərin sıx məskunlaşdığı binalarda 426 ailə fərdi sayğacla təmin olunub, yurd-yuvalarından didərgin düşən insanların bir çox məişət problemləri həll edilib. 

 

Sakinlərin müraciətlərinə  həssaslıqla yanaşılır

 

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmətdir. Fəaliyyətini məhz bu prinsip əsasında quran Suraxanı Rayon İcra Hakimiyyəti də  dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə töhfəsini verməyə çalışır. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə özü üçün güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdıran Suraxanı rayonu Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə böyük uğurlar əldə edib, daha da gözəlləşib, müasirləşib. Bütün bunlar rayonun həyatında yeni intibah mərhələsinin uğurlu başlanğıcıdır. Hazırda hər bir Suraxanı sakini dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurları həyatında daha qabarıq hiss edir, ölkəmizdəki yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.

Hesabat dövründə əhalinin müraciətlərinə, sosial problemlərinin həllinə həssas münasibət bəslənilib. Rayon icra hakimiyyəti başçısının səyyar görüş-qəbullarının təsdiq olunan qrafikə uyğun, habelə növbədənkənar qaydada keçirilməsinə mühüm önəm verilib. RİH başçısı tərəfindən 2017-ci il ərzində 2905 nəfərin iştirakı ilə 51 səyyar görüş-qəbul keçirilməsi, 574 nəfər vətəndaşın qəbul edilməsi də bunun bariz ifadəsidir.

Səyyar qəbullarda səslənən məsələlərin  əksəriyyəti müsbət həll edilib, bəzi problemlərlə bağlı isə aidiyyəti qurumlara müraciətlər göndərilib. 

 

 Suraxanı rayonu Heydər Əliyev Mərkəzi – ən çox ziyarət edilən ünvan

 

Mərkəzə  ziyarətə gələn rayon sakinləri, yerli və xarici qonaqlar burada əyani vəsaitlərdən istifadə etməklə ulu öndər Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq imkanı qazanırlar.

İndiyədək Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 80 minə yaxın yerli və xarici ziyarətçi tanış olub, burada elektron kitabxananın xidmətindən 16 mindən artıq istifadəçi faydalanıb. 

Mərkəzdə 2017-ci il ərzində 22 ümumrayon tədbiri, ümumilikdə isə müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlar və digər qurumlar ilə birgə 2009-cu ildən bəri 220-dən artıq tədbir keçirilib. 

Mərkəzdə ayda bir dəfə tədris olunmaqla “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda   9–11-ci sinif şagirdlərinə açıq dərs keçirilir. Dərslərin yüksək səviyyədə tədrisi üçün bütün zəruri təşkilati məsələlər həll edilib.  

Heydər Əliyev Mərkəzi ilə digər ziyarətçilərlə yanaşı, məktəblilər də davamlı tanış olur, onun imkanlarından səmərəli faydalanırlar.

Fəaliyyətə başladığı gündən ümummilli liderimizin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində müxtəlif layihələr reallaşdıran Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ötən ilin sentyabr ayından daha bir layihəni reallaşdırmağa başlayıb. Belə ki,  Mərkəz, AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu və  RİH arasında əməkdaşlıq müqaviləsi  imzalanıb. Razılaşmaya əsasən, rayon məktəblərinin 10-cu sinfində təhsil alan və gələcəkdə I qrup ixtisaslarını seçən, xüsusi istedadı ilə fərqlənən, habelə aztəminatlı ailələrdən olan 15 nəfər şagird 2017-ci il sentyabrın 15-dən 2 il müddətində  adıçəkilən institutun alimləri tərəfindən kimya fənnindən hazırlaşdırılır.

 

“Ölkəmizi tanıyaq” tur-aksiyası, Suraxanıya turist axını...

 

Prezident İlham Əliyevin tövsiyəsinə əsasən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən 9–11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunan maarifləndirici tur-aksiyaların keçirilməsi artıq ənənəyə çevrilib. Ötən 4 il ərzində 7 istiqamət üzrə 8 tur-aksiya təşkil edilib. Həmin  tur-aksiyalarda iştirak edən məktəblilərin sayı, ümumilikdə, 17 minə çatıb. Onlardan 299 nəfəri Suraxanı məktəbliləridir.

Respublikamızın digər rayonlarından Suraxanıya səfər edən tur-aksiya iştirakçıları da buradan zəngin təəssüratla ayrılıblar. Bu da təsadüfi deyil. Çünki son 14 ildə Suraxanıda həyatın bütün sahələrində, o cümlədən, turizm sənayesinin inkişafı istiqamətində mühüm addımlar atılıb. Rayonda yaradılan müasir infrastruktur – rahat yollar, istirahət və əyləncə kompleksləri, sağlamlıq mərkəzləri turistlərin diqqətini çəkir. Ötən il ərzində təkcə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun 30751 nəfər ziyarətçini qəbul etməsi bunun parlaq ifadəsidir. Xatırladaq ki, bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur.

*  *  *    

Ötən il əldə edilən uğurlar deməyə əsas verir ki, Suraxanı  rayonunda qarşıdakı dövrdə də Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqları vaxtında və keyfiyyətlə icra ediləcək, əhalinin sosial şəraiti daha da yaxşılaşacaq, tikinti, abadlıq-quruculuq işləri geniş miqyas alacaq, iqtisadiyyat güclənəcəkdir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında