Mətyu Brayzə: Prezident Obamanın məni səfir postuna təyin etməsi onun ABŞ-Azərbaycan əlaqələrinə böyük önəm verdiyini göstərir

Prezident Obamanın məni səfir postuna təyin etməsi onun ABŞ-Azərbaycan əlaqələrinə böyük önəm verdiyini göstərir.
Bu sözləri Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mətyu Brayzə fevralın 17-də keçirdiyi mətbuat konfransında demişdir.
Brayzə qeyd etmişdir ki, Bakıya gəlməzdən əvvəl ABŞ Prezidenti Barak Obama və dövlət katibi Hillari Klinton ona iki ölkə arasında əlaqələrin, dostluğun və tərəfdaşlığın çox vacib olduğunu bildirmişlər.
ABŞ diplomatı demişdir ki, Prezident Obamanın təlimatlarına əsasən iki ölkə arasında əməkdaşlığın və tərəfdaşlığın daha da gücləndirilməsi üçün əlindən gələni edəcəkdir.
Brayzə vurğulamışdır ki, ABŞ-la Azərbaycanı yaxınlaşdıran bir sıra çox geniş və dərin strateji maraqlar vardır. Bundan əvvəl də mən söyləmişdim ki, təhlükəsizlik, enerji və daxili islahatlar ölkələrimizin ortaq maraqlarıdır.
Səfir əlavə etmişdir ki, heç bir məsələ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar və sülh yolu ilə nizamlanması üçün Minsk qrupuna yardım göstərməkdən vacib deyildir.
Mən ATƏT-in Minsk qrupunun, o cümlədən ABŞ-dan olan həmsədr, səfir Robert Bradkenin səylərini dəstəkləmək üçün əlimdən gələn hər şeyi edəcəyəm. Məqsədimiz münaqişənin ədalətli və uzunmüddətli həlli üçün tərəflərə yardım göstərməkdir. Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu, danışıqlar vasitəsilə nizamlanması bütün region üçün yaxşı olacaqdır. Bu, regionda sülh və əmin-amanlığı gücləndirəcək və bölgənin strateji əhəmiyyətini daha da artıracaqdır.
Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə oynadığı rola toxunan səfir demişdir ki, ABŞ hökuməti terrorizmlə mübarizədə davam edən əməkdaşlığına, xüsusilə Əfqanıstanda sülh yaradılması işinə verdiyi töhfəyə görə Azərbaycana təşəkkürünü bildirir.
Enerji sahəsində əməkdaşlıq məsələlərindən danışan səfir bildirmişdir ki, ölkələr və şirkətlər Cənub dəhlizi ilə bağlı danışıqlar prosesində ciddi mərhələyə qədəm qoymuşlar. O demişdir ki, bu layihə Azərbaycanı Avropaya daha dərindən bağlayacaq və Avropaya isə təbii qaz təchizatını şaxələndirməyə imkan verəcəkdir. ABŞ hökuməti bu layihəyə dəstək verməkdə maraqlıdır.
Diplomat Azərbaycanda davam edən demokratiya və bazar iqtisadiyyatı ilə bağlı islahatları yüksək qiymətləndirmişdir. O demişdir ki, Birləşmiş Ştatlar Azərbaycanda son zamanlar korrupsiya əleyhinə olan təşəbbüsləri alqışlayır.
Sonda səfir Mətyu Brayzə jurnalistlərin suallarını cavablandırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında