"Soyqırım-Qaradağlı" filminin təqdimat-nümayişi keçirildi

Xocavənd rayonunun Qaradağlı kəndinin erməni quldurları tərəfindən işğalı əslində Xocalı faciəsindən cəmi bir neçə gün əvvəl baş verib. Amma nə yazıqlar ki, son bir neçə ilə qədər Azərbaycan ictimaiyyəti bu balaca kənddə baş verənlərdən, erməni kəndlərinin əhatəsində, 1988-ci ildən sonra isə silahlı erməni quldurlarının mühasirəsində qalmış Qaradağlının başına gətirilmiş faciələrdən xəbərsiz olub.
Bütün bunlar barəsində dünən "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin binasında keçirilmiş geniş toplantıda baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, baş prokurorun müavini, Hərbi Prokurorluğun rəhbəri Xanlar Vəliyev, Xocavənd RİH başçısı Eyvaz Hüseynov ətraflı məlumat verdilər. Eyni zamanda, "Soyqırım-Qaradağlı" sənədli filminin təqdimat-nümayişi keçirildi.
Maraqlıdır ki, Xocalı qətliamı ilə bağlı əvvəlcə cəmi iki nəfərin həlak olması barədə məlumat yaymış Azərbaycanın o vaxtkı rəhbərliyi Qaradağlı faciəsi haqqında, ümumiyyətlə, məlumat verməyi lazım bilməyib. Əslində, indi Xocalı soyqırımına bərabər tutulan bu faciə ölkə ictimaiyyətindən gizlədilib. RİH başçısı Eyvaz Hüseynov erməni terrorçularının 1988-ci ildən bəri Qaradağlıda törətdikləri qətl hadisələri ilə bağlı ətraflı məlumat verdi. Onun sözlərinə görə, kənd, demək olar ki, hər gün ermənilərin hücumuna məruz qalıb. 1991-ci il iyunun 28-də 3 nəfəri qadın olmaqla 6 nəfər diri-diri yandırılıb, həmin ilin sentyabrında sərnişin avtobusunun qəfildən ermənilər tərəfindən atəşə tutulması nəticəsində 8 nəfər öldürülüb, çoxlu adam yaralanıb, yaralılardan 5 nəfəri sonradan vəfat edib. Yerli özünümüdafiə qüvvələrinin dişlə-dırnaqla qoruyub saxladığı Qaradağlı, nəhayət, 1992-ci il fevralın 17-də erməni terrorçularının 366-cı motoatıcı diviziyasının köməyi ilə genişmiqyaslı hücumu nəticəsində işğal edilib. Həmin vaxt kəndin müdafiəsində 118 nəfər olub. Kənd əhli son gülləsinədək döyüşüb və onların hamısı əsir düşüb. Ermənilər 33 nəfəri yerindəcə güllələdikdən sonra onları yaralılarla birgə quyulara ataraq üstünü torpaqla doldurublar. Qalan əsirlər isə erməni kəndlərində gəzdirilərək ikibir-üçbir öldürülüb. Ümumilikdə Qaradağlı 91 şəhid verib.
"Soyqırım-Qaradağlı" filmində bütün bu hadisələr ardıcıllıqla və olduqca təsirli şəkildə əks olunub. Filmə ürəkağrısız baxmaq mümkün deyil. Çıxış edənlər bildirdilər ki, sənədli film üç dildə - Azərbaycan, rus və ingilis dillərində səsləndirilib və onun bütün dünyada, xüsusən Qarabağ probleminə indiyədək ikili standartlarla yanaşan Qərb ölkələrinə yayılması üçün bütün tədbirlər görüləcək. Filmdə sonradan erməni əsirliyindən qayıtmış Qaradağlı şahidlər başlarına gətirilmiş qəddarlıq və işgəncələr haqqında danışdıqca erməni faşizminin bütün iç üzünü görmək mümkün olur. Gənc kişilərin və oğlan uşaqlarının başlarının kəsilməsi, insanların diri-diri yandırılması və s. qəddarlıqlar barədəki məlumatlar filmin təsir gücünü daha da artırır.
Öz çıxışında bu faktların vaxtında ictimaiyyətdən gizlədilməsindən təəssüfləndiyini bildirən Xanlar Vəliyev Qarabağda törədilmiş bütün hadisələrə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra qiymət verilməyə başlandığını, bütün erməni cinayətlərinin xronoloji ardıcıllıqla araşdırıldığını, müvafiq cinayət işlərinin qaldırıldığını və hadisələrdə iştirak etmiş terrorçuların beynəlxalq axtarışa verildiyini qeyd etdi.
Baş nazirin müavini Əli Həsənov "Soyqırım-Qaradağlı" filminin böyük təsirə malik olduğunu və daha bir neçə dilə tərcümə edilərək dünya ölkələrinə yayılmasının vacibliyini bildirdi. Onun sözlərinə görə, Qaradağlı faciəsinin bütün təfərrüatları ilə açılıb Azərbaycan və dünya ictimaiyyətinə çatdırılması Prezident İlham Əliyevin şəxsi göstərişi əsasında baş tutub. O, erməni təcavüzü məsələsinin ümummilli problemə çevrilməsində filmin böyük rol oynaya biləcəyini də nəzərə çatdırdı və qeyd etdi ki, bu kadrlara dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar baxmalı, hamı səhvlərimizdən dərs almalı və işğal altındakı torpaqlarımızın azad olunması üçün hər cür fədakarlığa hazır olmalıdır. Baş nazirin müavini insan haqlarından danışmağı sevən Qərb ölkələrinin və beynəlxalq təşkilatların Azərbaycan xalqının faciəsinə ikili standartlarla yanaşmasını və təcavüzkar ermənilərə dəstəklərini davam etdirdiyini kəskin tənqid etdi.

{nl}


Paşa ƏMİRCANOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında