Şabran rayonu: Qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilmişdir

Şabran Rayon İcra Hakimiyyətinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başladı.

Rayon ictimaiyyətinin iştirakı ilə keçirilən geniş yığıncaqda Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov məruzə ilə çıxış edərək bildirdi ki, tariximizin çox əlamətdar bir ilinə, Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin təntənə ilə qeyd olunacağı ilə müstəqil Azərbaycan adına qazanılan çox möhtəşəm uğurlar və nailiyyətlərlə qədəm qoyulmuşdur. Dünyadakı son dərəcə gərgin və ziddiyyətli geosiyasi vəziyyətə, iqtisadi böhranın davam etməsinə, bütün bunların qarşıya çıxardığı çətinliklərə baxmayaraq, 2017-ci ildə də ölkəmizdə sosial-iqtisadi inkişaf davam etmiş, sabitlik, təhlükəsizlik təmin edilmiş, bütün sahələrdə tərəqqi müşahidə olunmuşdur.

Dövlət başçısının bu il yanvarın 10-da keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclasında və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının dördüncü ilinin yekunları ilə bağlı keçirilən konfransda söylədiyi nitqlərində ötən dövrdə görülmüş işlərin hərtərəfli təhlili aparılmış, qarşıdakı dövr üçün ölkəmizin uzunmüddətli inkişaf perspektivlərini şərtləndirən ciddi vəzifələr müəyyənləşdirilmişdir.

N.Novruzov qazanılan uğurlarda Şabran rayonunun da müəyyən payı olduğunu qeyd edərək bildirdi ki, rayon 2017-ci ili yüksək göstəricilərlə başa vurmuşdur. Ümumi həcmi 228,5 milyon manata çatmış məhsul istehsalı 2016-cı ildəkindən 59 milyon manat və ya 35 faiz çox olmuşdur. Bunun 21 milyon 93 min manatı sənaye, 126 milyon 661 min manatı kənd təsərrüfatı, 29 milyon 388 min manatı ticarət və iaşə, 1,8 milyon manatı nəqliyyat və rabitə müəssisələrinin payına düşür. Kənd təsərrüfatı məhsulları istehsalı ötən ildəkindən 59 milyon manat, tikinti-quraşdırma işləri 30 milyon manat, ticarət dövriyyəsi 4 milyon manat, nəqliyyat və rabitə xidmətləri isə 67,7 min manat çox olmuşdur.

Təbii ki, istehsalın artımı əhalinin əldə etdiyi qazancda da özünü göstərmişdir. 2017-ci ildə əhalinin pul gəlirləri 113,2 milyon manat, işçilərin orta aylıq əmək haqqı 307 manat olmuşdur. Eyni zamanda, 1206 iş yeri açılmışdır ki, onun da 1176-sı daimidir.

N.Novruzov rayonda aqrar sahənin dinamik inkişaf mərhələsində olduğunu rəqəmlərin dili ilə ifadə edərək bildirdi ki, 2017-ci ildə dənli bitkilər əkilmiş 12 min 275 hektar sahədən 28 min ton taxıl götürülmüşdür. Eyni zamanda, 5 min 910 ton tərəvəz və bostan məhsulu, o cümlədən, istixana şəraitində 270 ton tərəvəz istehsal edilmişdir. Son bir ildə rayonda 27,9 min ton ət, 14,6 min ton süd, 85,5 ton yun, 5 milyon ədəd yumurta istehsal edilmişdir. Buna səbəb isə heyvandarlığın inkişaf etməsidir. Belə ki, bu gün rayonda şəxsi və kənd təsərrüfatı müəssisələrində 24,5 min baş iri, 50,6 min xırda heyvan saxlanır. Quşların sayı 11,8 min artaraq 1,4 milyona çatmışdır.

Əslində, indi quşçuluq rayonda kənd təsərrüfatının prioritet sahələrindən birinə çevrilmişdir. Hazırda rayonda irili-xırdalı 30 quşçuluq müəssisəsi vardır. Şabranın iqlim şəraiti də quşçuluğun inkişafı üçün əlverişlidir.

N.Novruzov daha sonra deyib: “Beş il bundan əvvəl qarşıya məqsəd qoymuşduq ki, 2018-ci ilədək rayonda meyvə bağlarının sahəsini 2 min hektara, üzümlüklərin sahəsini isə 500 hektara çatdıraq. Yola saldığımız ildə rayonun fermer təsərrüfatlarında 170 hektar meyvə bağı salınmışdır. Yeni salınmış fındıq bağlarını da bura əlavə etsək, o zaman rayonda 2 min 687 hektar meyvə bağı vardır. Bu da onu göstərir ki, meyvə bağları 10 il əvvəlkindən 1789 hektar və ya 3 dəfə artmışdır. Nəticədə ötən il 6 min 743 ton meyvə istehsal edilmişdir. Bu əvvəlki ildəkindən 1366 ton, 10 il əvvəlkindən isə 9 dəfə çoxdur.

Üzümçülükdə də məhsul istehsalının artımı müşahidə olunmuşdur. Rayonda mövcud olan üzüm bağlarının əkini 10 ildə 6,5 dəfə artaraq 380 hektara çatmışdır. Nəticədə ötən il rayonda 2 min 521 ton üzüm istehsal edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 447 ton, 10 il əvvəlkindən isə 3,2 dəfə çoxdur.

Rayonumuzun imkanlarını və iqlim şəraitini nəzərə alaraq, qarşıya yeni vəzifə qoymuşuq ki, meyvə bağlarını 3 min hektara, üzüm sahəsini isə 1000 hektara çatdırq.

Dövlətimizin fındıqçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, ötən ilin əkin mövsümündə fermerlərimiz 440 hektar sahədə yeni bağlar salmışlar. Meşə Mühafizəsi və Bərpası İdarəsi tərəfindən salınan 45 hektar bağları da nəzərə alsaq, 2017-ci ildə 485 hektar yeni fındıq bağları salınmışdır. Beləliklə, keçmiş illərin əkmələri də daxil olmaqla indi rayonumuzda fındıq bağlarının sahəsi 891 hektara çatmışdır”.

Natiq daha sonra diqqətə çatdırmışdır ki, ötən il rayonun 176 hektar məhsuldar fındıq bağlarından 406 ton məhsul istehsal edilmişdir. Bugünkü bazar qiymətini – bir kiloqramı 3,5 manatdan götürsək, bağ sahibləri istehsal olunan fındıqdan 1,4 milyon manat gəlir əldə etmişlər.

Sahibkarlığın inkişafı istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilməkdədir. Son 14 ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 143 sahibkara 36 milyon 771 min manat kredit verilmişdir ki, bunun 10 milyon 170 min manatı ötən ilin payına düşür.

Hesabat dövründə şəhərin ictimai yaşayış binalarında, küçə və meydanlarında 1milyon 387 min manatdan çox abadlıq, quruculuq işləri aparılmışdır. Əhalinin artan tələbatına uyğun olaraq rayonda elektrik enerjisi, təbii qaz, içməli su-kanalizasiya şəbəkəsinin tikintisi layihələrinin icrası istiqamətində xeyli iş görülmüşdür.

N.Novruzov çıxışının sonunda xüsusi vurğuladı ki, Şabran Rayon İcra Hakimiyyəti, onun kollektivi, rayonun idaretmə orqanları və xidmət müəssisələri dövlətin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edəcək və Azərbaycanın sosial-iqtisadi inkişafına töhfələrini daha da artıracaqdır.

Hesabat yığıncağında çıxış edən Milli Məclisin deputatı Tahir Süleymanov, Prezident Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev və digər natiqlər 2017-ci ildə Şabran rayonunda görülən işləri yüksək qiymətləndirdilər və əldə edilən nailiyyətlərin davamlı olması arzusu ilə tövsiyə və məsləhətlərini bildirdilər.

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edildi.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında