Balakən: uğurlar ildən-ilə artır

İlk dövlət proqramının qəbulundan sonra keçən 14 il ərzində ölkə Prezidenti cənab İlham Əliyev beş dəfə Balakənə səfər etmişdir. Dövlət başçısının rayonumuza sonuncu – beşinci səfəri hesabat ilinə təsadüf edir. Cənab Prezident rayonumuza 3 avqust 2017-ci il tarixli səfəri zamanı  Bayraq muzeyinin, “ABAD” Mərkəzinin, “Balakən-1” kiçik su elektrik stansiyasının, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun açılışını etmişdir ...

Bu  fikirləri rayon icra hakimiyyətinin başçısı İslam Rzayev 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon toplantısındakı hesabat məruzəsində səsləndirdi. Natiq əlavə etdi ki,   cənab Prezident rayona səfərindən qısa müddət sonra Balakən üçün tarixi əhəmiyyət kəsb edən  üç sərəncam imzalayıb. 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər, Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 35 kilometr olan Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri, Balakən şəhərində uşaq incəsənət məktəbinin yeni binasının tikintisi ilə bağlı imzalanmış sərəncamlar rayonda sosial və texniki infrastrukturun yenidən qurulması  layihəsi kimi xüsusi əhəmiyyət kəsb edir.

Dövlət proqramında rayon üzrə nəzərdə tutulan tədbirlərin icrası nəticəsində  əsas sosial-iqtisadi göstəricilər əhəmiyyətli dərəcədə yaxşılaşıb, 2017-ci ildə rayon iqtisadiyyatına bütün mənbələr hesabına 52,4 milyon manat, dövlət proqramının qəbulundan keçən 4 il ərzində, ümumilikdə, 96 milyon manat investisiya yönəldilib. Hesabat ilində ümumi məhsul buraxılışı 196,2  milyon manat təşkil edib və  2016-cı illə müqayisədə artım  35,9 faiz olub. Ötən dövr ərzində 69,6 milyon  manat dəyərində kənd təsərrüfatı, 7,6 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib, 43,7 milyon manat dəyərində tikinti işləri görülüb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı istehsalı 11,2 faiz, tikinti işlərinin həcmi 4,9 dəfə artıb, ümumi məhsulun rayon əhalisinin hər nəfərinə düşən həcmi 2012,6 manat olub.

Ötən il rayonda ənənəvi istehsal sahələrinin dirçəldilməsi və kənd təsərrüfatının inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilib. Kənd təsərrüfatının əsas istiqamətləri üzrə təcrübəli mütəxəssislər cəlb edilməklə  işçi qrupları təşkil olunub, ayrı-ayrı sahələrdə çalışan kiçik və orta sahibkarlarla çoxsaylı görüşlər keçirilib. Kənd təsərrüfatının intensiv və ekstensiv inkişaf istiqamətləri müəyyənləşdirilib, torpaqlardan səmərəli istifadə olunması, məhsuldarlığın artırılması, rəqabət qabiliyyətli istehsal, eyni zamanda, rayonumuz üçün ənənəvi hesab olunan baramaçılığın, tütünçülüyün, fındıq əkinlərinin, tərəvəzçiliyin və digər sahələrin dirçəldilməsi ilə bağlı konkret tədbirlər görülüb. Barama və tütün  istehsal edəcək, eləcə də yeni fındıq bağları salacaq  istehsalçılar ilin əvvəlindən müəyyən edilib, sahələrdə  yazlıq bitkilərin əkilməsi təşkil olunub.

Baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə 115 istehsalçıya 250 qutu  ipəkqurdu paylanılmaqla 11 ton barama istehsal olunub. Baramaçılığın yem bazasının yaxşılaşdırılması istiqamətində 131,5 min ədəd tut tinglərinin əkilməsi təmin olunub ki, onlardan 80 min ədədi Çin Xalq Respublikasından gətirilib.

Hesabat ilində tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı torpaq sahələri və istehsalçılar müəyyən edilib, tədarük təşkilatları ilə müqavilələr bağlanılıb, 528 hektar sahədə tütünün Virciniya, Berley və İtiyarpaq kimi növləri əkilməklə 317,4 ton quru tütün istehsal olunub.

Abadlaşdırma, tikinti, təmir və quruculuq işləri davam etdirilib, şəhərdə  29 çoxmənzilli yaşayış binasında və həyətlərdə bir sıra təmir işləri görülüb. Sarıbulaq və  Mahamalar kəndlərində müvafiq olaraq  40 və 20 yerlik modul tipli məktəblərin tikintisi başa çatdırılaraq şagirdlərin istifadəsinə verilib. Şərif kəndində 360 şagird yerlik məktəbin tikintisi davam etdirilib, Qazma 2 saylı uşaq bağçası və Katex həkim məntəqəsi əsaslı təmir olunub. Heydər Əliyev prospektinin Qazbinə kəndi istiqamətində yolun hər iki tərəfində səkilər düzəldilib, yaşıllıqlar salınıb.

Prezidentin  müvafiq sərənamları ilə  tikintisinə vəsait ayrılan uşaq incəsənət məktəbinin, Balakən-Qazbinə-İtitala, həmçinin, Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 35 kilometr olan Zaqatala-Balakən-Mazımçay hissəsinin tikintisinə başlanılıb.

Natiq qeyd edib ki, Balakən şəhərinin ümumi arxitekturasının daha müasir və yeni üslubda dəyişdirilməsinə çalışırıq. Elektrik xətti təsərrüfatının yenidən qurulması, telefonlaşma, yüksək sürətli internet istifadəçilərinin sayının artırılması və başqa layihələrin icrasına başlanılacaq, rayonun kəndlərində 9 artezian quyusu qazılacaqdır.  Bu da bizə  deməyə əsas verir ki, yeni layihələrin icrasına başlanılması sosial-iqtisadi inkişafı daha da sürətləndirəcək, Balakən cari ilin sonunadək daha gözəl və abad mənzərə alacaqdır.

Rayon rəhbəri hesabat məruzəsini nikbin notlarla tamamladı: “Bu il də uğurlu işlərimiz çox olacaq, regional dövlət proqramının icrası rayonumuzun  inkişafını daha da sürətləndirəcəkdir. Qeyd etdiyim kimi, rayonumuzun abadlaşdırılması ilə bağlı yeni layihələrin icrasına başlanılacaq, kənd təsərrüfatının inkişafında yeni mərhələyə qədəm qoyulacaq, nəticədə əhalinin rifahı daha da yaxşılaşacaqdır. Bütün bu işlər sizin iştirakınızla yerinə yetiriləcək və rayonumuzun inkişafına layiqli töhfə verməklə Balakənin simasını başdan-başa dəyişəcəkdir”.

Toplantıda Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Rüfət Əliyev və Milli Məclisin deputatı Kamilə Əliyeva çıxış ediblər.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri   


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında