Göygöl: nailiyyətlər problemlərin həllini sürətləndirir

Göygöl Rayon İcra Hakimiyyətində keçirilən geniş toplantıda ötən ilin sosial-iqtisadi inkişafına yekun vurulmuş, bu il qarşıda duran önəmli vəzifələr müzakirə olunmuş, qəbul edilmiş qərarda ilin başlıca hədəfləri  əksini tapmışdır.

Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Arif Seyidov bildirmişdir ki, 2017-ci ildə Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq- quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.

Prezident İlham Əliyevin ötən  il avqustun  19-da rayona sayca dördüncü səfəri zamanı Göygöl şəhərindəki Qələbə parkının, 4 saylı körpələr evi-uşaq bağçasının, Zona Toxumçuluq, Aqrokimya, Baytarlıq  laboratoriyalarının və Respublika Süni Mayalanma Mərkəzinin, Çiçəkli Su Elektrik Stansiyasının açılışında iştirak etməsi, görülən işlərə yüksək qiymət  verməsi hamıda böyük ruh yüksəkliyi yaratmış, adamların qurub-yaratmaq əzmini artırmışdır. Səfər zamanı dövlət başçısının rayonun gələcək inkişafı ilə bağlı göstəriş və tövsiyələri ümumi inkişafa və problemlərin həllinə güclü zəmin yaratmışdır.

Hesabatda qeyd edilmişdir ki, 2017-ci ildə rayon iqtisadiyyatının əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 162 milyon 867,4 min manata çatmışdır. Bunun 107 milyon 839,4 min manatı (66,2 faiz) istehsal, 55 milyon 28 min manatı (33,8 faiz) xidmət sahələrinin payına düşür. Ümumi məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi  80,5 faizə çatmışdır.  23 sənaye müəssisəsində 20 milyon 240,9 min manat dəyərində məhsul istehsal edilmiş və ümumi  həcmdə qeyri-dövlət sektorunun xüsusi çəkisi 51,1 faiz olmuşdur.

Ötən il 39 milyon 329,6 min manat əsas kapitala investisiya qoyulmuş, bunun 37 milyon 102,4 min manatı tikinti-quraşdırma işlərinə yönəldilmişdir. İl boyu rayon mərkəzində və əksər yaşayış məntəqələrində abadlıq-quruculuq işləri, küçələrin və yolların təmiri, asfatlanması işləri davam etdrilmişdir. 432 şagird yerlik Üçtəpə kənd tam orta məktəbi üçün yeni bina, Xasabağ kənd ümumi orta məktəbi üçün 40 şagird yerlik və Balçılı 1 saylı körpələr evi uşaq bağçası üçün modul tipli binalar tikilmiş, Qızılca stansiyasında uşaq bağçası, Toğanalı və Göyçəkənd tibb məntəqəsi, Göygöl Rayon Mərkəzi Xəstəxanasının bəzi yerləri təmir edilmişdir. Lakin yerli əhəmiyyətli tarixi abidələrin, mədəniyyət evlərinin, klub və kitabxanaların əksəriyyətinin əsaslı və cari təmirə ehtiyacı var.

Meşə dolaylarında 20 min 150 ədəd ting, şəhər, qəsəbə və kəndlərdə, park və xiyabanlarda, yol kənarlarında 13 min 160 ədəd müxtəlif növ ağac, 5 min 750 ədəd  isə çiçək və bəzək kolları əkilmişdir

Keçən il 837-si daimi olmaqla 989 yeni iş yeri açılmışdır.  Sahibkarların sayı 785 subyekt artaraq 5 min 849-a çatmışdır. 38 sahibkara 409,0 min manat güzəştli kredit verilmişdir. Kənd təsərrüfatı istehsalçılarına isə 1 milyon 129,1 min manat yardım göstərilmişdir.

Mövsüm ərzində 50 milyon 496,1 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir, bunun da 99,3 faizi qeyri-dövlət sektorunun payına düşür. 8 min 190,3 hektar zəmidən 16 min 457,8  ton taxıl tədarük edilmişdir.  594,5 hektar sahədə 14 min 907 ton çuğundur yetişdirilmişdir.  Rayonda iri mal 20 min 248, xırda heyvanlar 154 min 776 başa  çatmışdır. Əvvəlki illə müqayisədə süd istehsalı 139,2 ton, ət 260,2 ton, yumurta 5 min 300 ədəd artmışdır.

Pərakəndə əmtəə dövriyyəsinin həcmi 19 milyon 331,2 min manat artaraq 153 milyon 996,2 min manata çatmış, əhaliyə 2 milyon 335,2 min manat məişət xidməti, 19 milyon 996,3 min manat pullu xidmət göstərilmiş, adambaşına düşən xidmətin həcmi 317 manat olmuşdur. Müəssisələr və fiziki şəxslər 572 min ton yük daşımışdır. Poçt və rabitə müəssisələri isə 1029,7 min manatlıq xidmət göstərmişdir.

Əhalinin su, elektrik enerjisi, qaz, istilik təchizatı daim diqqətdə saxlanılmış, yaranmış problem dərhal aradan qaldırılmışdır. 45 yaşayış məntəqəsindən 24-ü təbii qazla təmin edilmiş, digər kəndlərə təbii qazın verilməsi ilə bağlı müvafiq tədbirlər görülür.

Arif Seyidov qeyd etmişdir ki, ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının nəticəsi  olaraq   son  14  ildə rayonun iqtisadiyyatı dinamik inkişaf etmiş, 68 xidmət, 192 istehsal, 5 emal obyektləri istifadəyə verilmişdir. Ümumi məhsul istehsalı 4,1 dəfə, sənaye 1,8 dəfə, kənd təsərrüfatı 2,5 dəfə, pərakəndə ticarət dövriyyəsi 4 dəfə artmışdır. Bu dövrdə 9 min 548-i daimi olmaqla 13 min 154 yeni iş yeri yaradılmışdır. Rayon üzrə orta aylıq əmək haqqı 306,3 manata çatmış, adambaşına düşən pul gəliri 3 min 180,8 manat təşkil etmişdir.

 Toplantıda qeyd edilmişdir ki, il boyu rayon icra hakimiyyəti başçısı 766 vətəndaşı  qəbul  etmiş, 43 səyyar qəbul keçirmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov yığıncaqda çıxış etmişdir.

Qəbul edilmiş qərarda göstərilir ki, Göygöl rayonunda əhalinin rifahının yaxşılaşdırılması, ictimai-siyasi fəallığının daha da yüksəldilməsi, rayonun sosial-iqtisadi cəhətdən yüksək inkişaf etmiş bir bölgəyə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər bu il daha da sürətləndiriləcək, qarşısıya qoyulan vəzifələrin  ardıcıl və məsuliyyətlə icra olunması üçün bütün qüvvə və imkanlar səfərbər ediləcək.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında