Sumqayıtda ümumi daxili məhsulun həcmi 30 faizdən çox artıb

Son illərdə regionun ən gözəl şəhərlərindən, ən böyük sənaye mərkəzlərindən birinə çevrilmiş Sumqayıtın sosial-iqtisadi inkişafı daha da sürətlənib. Elə əsaslı təmirdən sonra 2017-ci il dekabrın 15-də Prezident İlham Əliyevin iştirakı ilə açılmış “Kimyaçı” mədəniyyət sarayında ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağında bu barədə ətraflı danışılıb. 

Toplantıda şəhər rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektiv üzvləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Əvvəlcə ötən ilin sosial-iqtisadi inkişafını, abadlıq-quruculuq işlərini əks etdirən sənədli film göstərildi. Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun ötən ilin yekunlarına dair hesabat məruzəsi dinlənildi. Diqqətə çatdırıldı ki, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının həyata keçirilməsi Sumqayıt üçün də uğurlu olub. Əvvəlki illə müqayisədə ümumi daxili məhsulun həcmi 30,2 faiz artaraq 1 milyard 533 milyon manatı keçib. Onun bir nəfərə düşən həcmi 4489 manat təşkil edib ki, bu da 2016-cı ilə nisbətən 32,4 faiz çoxdur. Sənaye müəssisələrində məhsul istehsalı 34 faiz artaraq 1 milyard 81 milyon manat təşkil edib. Ümumi daxili məhsulun tərkibində qeyri-dövlət sektorunun payı 85 faizdən çox olub.

Məruzədə vurğulandı ki, əsas kapitala investisiya qoyuluşu tikinti-quruculuq işlərinin genişləndirilməsinə, şəhərin tarazlı inkişafına mühüm təsir göstərir. Bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 410 milyon manat vəsait yönəldilib, artım tempi 16,8 faiz təşkil edib. Kapital qoyuluşunun 73,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinə sərf olunub və bu işlərin həcmi 12 faiz artıb.

Ötən il Kimya Sənaye Parkında illik istehsal gücü 30 min ton olan süni sürtkü yağları, istehsal gücü 30 min ədəd olan yüksək təzyiqədavamlı birləşdiricilərin istehsalı, 145 çeşiddə quru formada 13 min ton, maye halında 57 min ton istehsal gücünə malik pestisidlər zavodu, müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiyanın təhlükəsizliyinin təmin olunması xidməti göstərən Data Mərkəz, 67 meqavayt gücündə yarımstansiya istifadəyə verilib. Həyata keçirilən tədbirlər nəticəsində 6901 yeni iş yeri açılıb ki, bu da 2016-cı illə müqayisədə12 faiz çoxdur.

Zakir Fərəcov xüsusi qeyd etdi ki, şəhər sakinləri dekabr ayının 15-də ölkə Prezidenti cənab İlham Əliyevin Sumqayıta sayca 18-ci səfərinin ən xoş təəssüratlarını yaşayırlar. Dövlət başçısının səfər çərçivəsində şəhərin sosial-iqtisadi və mədəni inkişafında böyük əhəmiyyəti olan Bayraq Muzeyi və “Yeni Azərbaycan Partiyası”nın Sumqayıt şəhər təşkilatı üçün tikilmiş yeni inzibati binaların, “Kimya Sənaye Parkında” dörd yeni istehsal sahəsinin açılışını etməsi və üç müəssisənin təməlini qoyması, “Kimyaçı” Mədəniyyət Sarayında, Səməd Vurğun və Koroğlu küçələrində, Lüdviqshafen parkında və “Azərboru” ASC-nin Boruyayma istehsalat sahəsində aparılmış yenidənqurma və əsaslı təmir işləri ilə tanışlığı, şəhər ictimaiyyəti ilə keçirilən görüşü, şəhərin sosial-iqtisadi, mədəni inkişafında xidmətləri olan 40 nəfərin fəxri adlarla, diplom, orden və medallarla təltif edilməsi haqqında sərəncam imzalaması hər bir sumqayıtlının xatirəsində silinməz iz qoymuşdur. Bu səfər bir daha təsdiqlədi ki, Prezident cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin ənənəsinə sadiq qalaraq, Sumqayıta xüsusilə doğma münasibət bəsləyir, şəhərin sosial-iqtisadi inkişafını, əhalinin qayğılarının həllini daim diqqətdə saxlayır. Səfərdən dərhal  sonra ölkə rəhbəri Sumqayıtın inkişafına növbəti vəsaitlərin ayrılması barədə sərəncam vermişdir.

Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 12-ci mikrorayonda 936 mənzildən ibarət yaşayış binaları kompleksi tikilir. Bununla yanaşı, şəhərdə müasir yol-nəqliyyat sistemi qurulur. İlin əvvəlindən Metallurqlar və Sülh küçəsindən başlayaraq, sənaye zonasından keçməklə Bakı-Quba magistralına qədər 4 kilometr uzunluğunda yol yenidən əsaslı təmir olunub, yolun hərəkət hissəsi xeyli genişləndirilib. Həmin küçədə “Acı dərə” kanalının məcrasının dəyişdirilməsi ilə əlaqədar yeni suötürücü kanalizasiya xətti çəkilir. Bir neçə küçədə avtomobil yoluna yeni asfalt örtüyü salınıb. Şəhərdə 450 yaşayış binasının üstü yüksək keyfiyyətli metal kirəmitlə örtülüb, həmçinin ötən ilin noyabr ayından növbəti 100 binanın dam örtüyünün dəyişdirilməsinə başlanılıb. Bu işlərin cari ilin birinci rübünün sonunadək başa çatdırılması nəzərdə tutulub. “Lift Servis” Birliyi tərəfindən şəhərin mənzil fonduna aid hündürmərtəbəli binalarda istismar müddəti ötmüş daha 105 lift yenilənir.

Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov son 14 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərdən, Azərbaycanın daxili və xarici siyasətdə uğurlarından danışdı. Natiq qeyd etdi ki, son illərdə ölkəmizin hər yerində olduğu kimi, Sumqayıtda da yeni inkişaf mərhələsi reallaşır. Dövlət başçısının hərtərəfli qayğısı sayəsində şəhərdə əsaslı və kompleks yenidənqurma işlərinin uğurla aparılması fərəh doğurur.

Daha sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, zalda qoyulmuş açıq mikrofonlar vasitəsi ilə ictimaiyyət nümayəndələrinin təklifləri səsləndirildi. Uğurlarla yanaşı, problemlər də sadalanıb, istəklər ifadə olundu. 

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edildi.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında