Astara – gözəl cənub şəhəri

Yeni əsrin əvvəllərindən ölkəmizin bir çox rayon mərkəzi kimi, Astara şəhəri də sürətli inkişaf yolu keçib. Düz sərhəddə yerləşən bu gözəl şəhər İran İslam Respublikasından ölkəmizin ərazisinə qədəm qoyan hər kəsi heyran edir.

Rayon icra hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci ilin yekunlarına həsr edilmiş hesabat yığıncağında bu barədə ətraflı danışılıb, davamlı abadlıq-quruculuq işlərindən və qarşıdakı vəzifələrdən bəhs olunub.   

Ərazi nümayəndəsi Şahverən Cavadov hesabat məruzəsində bildirib ki, Astara şəhərinin 1508 hektar ərazisi var. Şəhərdəki  4211 təsərrüfatda 17584 nəfər əhali yaşayır. Astara şəhərində aparılan tikinti-quruculuq və abadlıq işləri nəticəsində şəhərin siması nəzərəçarpacaq dərəcədə  dəyişərək ən nümunəvi səviyyəyə çatmışdır. Dənizkənarı park-bulvarın ərazisinin genişləndirilməsi, burada turizmin inkişafına, əhalinin mədəni istirahətinə xidmət edən infrastrukturun qurulması, küçə və səkilərin müasir tələblərə uyğun  səviyyədə təmir edilməsi  hər bir astaralını sevindirir.  

Yığıncaqda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2017-ci il tarixli sərəncamı ilə ayrılan vəsait hesabına park-bulvar kompleksinin genişləndirilməsi istiqamətində xeyli iş görülüb, hazırlanmış layihəyə əsasən nəzərdə tutulan tikinti işləri ardıcıl olaraq həyata keçirilir. Cəngəlliyə çevrilmiş, bataqlıqdan ibarət olan bu əraziyə 100 minlərlə kubmetr qum, çınqıl və torpaq daşınaraq yerin səviyyəsi xeyli qaldırılmışdır. Uzunluğu 480 metr, eni 15 metr olan gəzinti meydançasının, 450 metr uzunluğunda olan qala divarlarının, 52 metr hündürlükdə olan Bayraq meydanının tikintisi davam edir. Burada fontan, şəlalə, fitnes və uşaq əyləncə meydanları, ictimai-iaşə müəssissələri tikiləcək.

Xanbulançay dəryaçasından şəhərə içməli su xəttinin çəkilməsi möhtərəm cənab Prezidentimizin astaralılara olan qayğısının daha bir təzahürüdür. Hazırda layihədə nəzərdə tutulmuş 5119 mənzildən 3650-sinə su xəttinin çıxışı təmin edilmişdir.

2017-ci ildə Astara şəhərinin mənzil fonduna daxil olan  ictimai-yaşayış binalarında təmir-tikinti işləri davam etdirilmiş, Heydər Əliyev prospektində 7, Azərbaycan küçəsində 11, Səməd Vurğun küçəsində 5, Ziya Bünyadov küçəsində 3 çoxmərtəbəli ictimai yaşayış binasının fasad və bloklarında əsaslı təmir işləri görülmüş, 3 binanın dam örtüyü dəyişdirilmişdir. Şəhərin Əhəd Muxtar və Səməd Vurğun küçələrində hasarlar təmir edildikdən sonra fasad boyası ilə rənglənmiş, Nizami və Ziya Bünyadov küçələri də daxil olmaqla yollar təmir edilmiş, səkilər tikilmişdir.

Ölkə Prezidentinin çağırışına uyğun olaraq kənd təsərrüfatının daha da inkişaf etdirilməsi sahəsində uğurlu nəticələr əldə edilmiş, illərlə istifadəsiz qalan əkinə yararlı torpaqların dövriyyəyə daxil edilməsi ilə 2017-ci ildə 649 hektarda  əkin aparılmışdır.    

Hesabat yığıncağında çıxış edənlər il ərzində şəhərin xeyli gözəlləşdiyini vurğulayıb, göstərilən diqqətə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Natiqlər son beş ildə Astara rayonunun ayrı-ayrı yaşayış məntəqələrinin və şəhərinin görünməmiş dərəcədə inkişaf edərək abad bir məkana çevrilməsindən, böyük sosialyönümlü layihələrin uğurla həyata keçirilməsindən ürəkdolusu danışıblar.    

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə dünyanı bürüyən  maliyyə böhranı dövründə ölkəmizin iqtisadiyyatı 2017-ci ildə də uğurla inkişaf etmişdir. Əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmiş, əmin-amanlıq və sabitlik təmin olunmuşdur. 

İcra başçısı qeyd etmişdir ki, Ələt-Astara avtomobil yolunun başa çatdırılması ilə rayonumuzdan paytaxta olan məsafə 40 km qısalacaq. Lənkəran hava limanından Astaraya bir saata qədər vaxt sərf olunduğu halda, təzə avtomobil yolu ilə 15 dəqiqəyə gəlmək imkanı yaranacaq. Bütün bunların həyata keçirilməsi ilə yüksək turizm imkanları olan rayona xarici qonaqların və turistlərin axını artacaq. 2018-ci ildə də Astara şəhərində, rayonun digər yaşayış məntəqələrində abadlıq və quruculuq işləri davam etdiriləcək. Ən böyük layihələrdən biri dəniz sahili boyunca uzanan Bakı-Astara dəmiryol xəttinin Ələt-Astara avtomobil yoluna paralel köçürülməsidir ki, bu istiqamətdə hazırlıq işlərinə başlanılmışdır.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında