Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi konfransda diqqət mərkəzində oldu

Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda geniş nitq söyləyən Prezident İlham Əliyev son illər ölkəmizin bütün sahələr üzrə inkişafından ətraflı məlumat verdi. Həmişə olduğu kimi,  bu dəfə də doğma yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinin, onların həyat tərzinin daha da yaxşılaşdırılmasının,  məşğulluğunun artırılmasının zəruriliyi  diqqətə çatdırıldı...

Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov konfransda gündəmə gətirilən məsələlərə münasibət bildirərkən səsləndirdi. Deputat dedi ki, qaçqın və məcburi köçkünlərin qarşılaşdıqları problemlərin aradan qaldırılması, xüsusilə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritetini təşkil edir. Bu vaxta qədər qəbul olunan dövlət proqramlarında bu məsələ də öz əksini tapıb. Bu günə qədər 265 min köçkünün yeni evlər və mənzillərlə, dörd yüz min qaçqın və köçkünün işlə təmin olunması da bundan xəbər verir. Ümumilikdə, dövlətimiz bu tədbirlərin icrası üçün 6 milyard manatdan çox vəsait xərcləyib.

E.Məmmədov dedi ki, ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın apardığı məntiqli siyasət nəticəsində bu gün dünya ictimaiyyəti Qarabağ münaqişəsi ilə bağlı bütün həqiqətləri bilir: “Bunun məntiqi davamı olaraq, ölkəmizə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasət 2003-2017-ci illər ərzində imzakanmış 55 fərman və sərəncam əsasında icra edilmişdir. Dövlətimiz tərəfindən bu qəbildən olan insanların rifah halının yaxşılaşdırılması üçün 2001-2017-ci illər ərzində 96 qəsəbə salınmış, 152 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 tibb ocağı və digər sosial obyektlər tikilərək istifadəyə verilmişdir. Məcburi köçkünlər arasında yoxsulluğun səviyyəsi 75 faizdən 12 faizə enib”.

Deputatın qənaətinə görə, dünyanın heç bir yerində məcburi köçkünlərə Azərbaycandakı qədər diqqət və qayğı göstərilmir. Hətta Avropanın ən inkişaf etmiş ölkələrinə pənah aparan qaçqınların belə orada ən adi ehtiyaclarının ödənməsində həmin dövlətlər çətinlik çəkirlər. Ümumilikdə, Azərbaycanda məcburi köçkünlər üçün görülən işlərin dünyada analoqu yoxdur. Bütün bu işlər isə cənab Prezidentimizin diqqət və qayğısının nəticəsində mümkün olub.

Dövlətimizin başçsı konfransda bir daha vurğuladı ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndilirməsi istiqamətində nəzərdə tutulmuş layihələr bundan sonra da icra olunacaq, bu istiqamətdə digər tədbirlər də həyata keçiriləcək.

E.Məmmədov bildirdi ki, konfransda diqqət çəkən məqamlardan biri də Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar dövlət başçımızın səsləndirdiyi fikirlər oldu. Cocuq Mərcanlı kəndinin bərpasının təmin edilməsi, 150 ailə üçün hər cür infrastruktura malik evlərin tikilməsi, eyni zamanda, Şıxarx qəsəbəsində 1170 ailəlik böyük şəhərciyin salınması hər birimizdə qürur hissi yaratdı. Bu layihələr xüsusi əhəmiyyət kəsb edir. Möhtərəm Prezidentimiz bu işlərin əhəmiyyətindən söhbət açaraq bildirdi ki, həmin layihələr vaxtilə işğal edilmiş və ordumuz tərəfindən işğaldan azad olunmuş torpaqlarda icra edilibdir: “Bu layihələrin icrası, eyni zamanda, onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və dağıdılmış bu ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları, bütün infrastruktur tikiləcək. Cocuq Mərcanlının və Şıxarxın timsalında biz dövlətimizin, xalqımızın iradəsini göstəririk. Bir daha göstəririk ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və Azərbaycan köçkünləri öz doğma torpaqlarına getməyə hazırdırlar”.

Dövlət proqramının qarşıya qoyduğu vəzifələrdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılacağını diqqətə çatdıran E.Məmmədov bunu dövlət başçımızın  konfransda səsləndirdiyi fikirlərlə əsaslandırdı: “Bu il 20 min köçkün yeni evlərlə təmin ediləcək. Keçən il biz 12 min köçkünü yerləşdirdik. Bu il 4 min ailəyə – ən azı 20 min köçkünə yeni evlər veriləcək. Beləliklə, evlərlə, mənzillərlə, yaxşı şəraitlə təmin ediləcək köçkünlərin sayı təqribən 290 minə yaxın olacaqdır. Ancaq bu, minimum proqramdır, əgər il ərzində imkan olarsa, biz bu sayı artıracağıq”.

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında