"Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin sərəncamı 617 347 nəfər əmək pensiyaçısına şamil olunacaq

2010-cu ildə Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət və uğurlu antiböhran tədbirləri sayəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin olunmuş, bununla belə istehlak qiymətlərinin 5,7 faizlik indeksi qeydə alınmışdır. Şübhəsiz ki, həmin göstərici əmək pensiyalarına təsir etməlidir. Bu, inflyasiyanın pensiyaya hiss olunacaq səviyyədə təsirini aradan qaldırmaq məqsədilə əmək pensiyalarının sığorta hissəsinin həmin həddə indeksləşdirilməsi zərurətini yaratmışdır. Məhz bu indeksləşməni təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2011-ci il fevralın 15-də "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" sərəncam imzalandı. Sərəncama əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2010-cu il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2011-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcəkdir. Bununla yanaşı, sığortaolunanlar üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaqdır.
Ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli, şəffaf şəkildə bölgüsünə imkan verir. Sığorta-pensiya sistemində informasiya- kommunikasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin əmək pensiyalarının istər baza hissəsinin artırılması, istərsə də sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarının icrası avtomatlaşdırılmış qaydada həyata keçirilməkdədir. Belə ki, əvvəlki sistemdə pensiyalara artımların müxtəlif dövrlərə uyğun fərqli indeksləşdirmə metodları əsasında və müxtəlif vaxtlarda aparılması həmin tədbirdən kənarda qalan bu və ya digər pensiyaçılar kateqoriyasının haqlı narazılığı ilə nəticələnirdi. 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının baza hissəsinin istehlak qiymətləri indeksi nəzərə alınmaqla bütün pensiyaçılar üzrə bərabər məbləğdə artırılması, sığorta hissəsinin isə indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir. Bununla da ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə 2007-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2006-cı il üzrə səviyyəsinə uyğun 8,3 faizlik, 2008-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2007-ci il üzrə səviyyəsinə uyğun 16,7 faizlik, 2009-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2008-ci il üzrə səviyyəsinə uyğun 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2009-cu il üzrə səviyyəsinə uyğun 1,5 faizlik artım tətbiq edilmişdir.
Cənab Prezident İlham Əliyevin "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" sonuncu sərəncamı ilə 617 347 nəfərin əmək pensiyasının sığorta hissəsinə indeksləşdirilmə tətbiq olunacaqdır. Ümumilikdə isə artımlar fərqli olacaq, yəni kimin əmək pensiyasının sığorta hissəsi daha yüksəkdirsə, onun pensiyasının artımı da daha yuxarı olacaqdır.
Ümumilikdə, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1,4 milyon manat, il ərzində isə 18 milyon manat əlavə vəsait tələb olunacaq. Bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapıb. Maliyyələşmənin həyata keçirilməsi üçün heç bir problem yoxdur və bu artımdan sonra Azərbaycanda orta aylıq pensiyanın məbləği 114 manata çatacaqdır.
2011-ci il ərzində də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi və sığorta -pensiya islahatlarının təmin edilməsi siyasəti davam etdiriləcəkdir. Bu baxımdan DSMF-nin 2011-ci il üçün büdcəsi Azərbaycan Respublikası Prezidentinin xalqımızın həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş ali siyasətinin reallaşdırılmasına mühüm töhfə verəcəkdir. Bu il əhaliyə ödənişlər DSMF-nin xərclərinin 97,2 faizi həcmində və ya 1916,98 milyon manat səviyəsində proqnozlaşdırılır. Həmçinin 2011-ci ildə əhaliyə 1852,4 milyon manat ödəniş nəzərdə tutulur ki, bu da ötən ilki həcmə nisbətən 189,9 milyon manat çoxdur. Əmək pensiyalarının baza hissəsi üzrə xərclər əlavələrlə birgə 1317,13 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin həcmi 64,5 milyon manat proqnozlaşdırılır.{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında