Naxçıvan: Şərur rayonunun Ərəbyengicə kəndində yeni sosial obyektlər istifadəyə verilib

Fevralın 1-də Ərəbyengicə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, müasir layihə əsasında tikilən 3 mərtəbəli məktəb binasında lazımi tədris şəraiti yaradılıb. 208 şagird yerlik məktəbdə 2-si elektron lövhəli olmaqla 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, 17  kompüterin quraşdırıldığı kompüter otağı, müəllimlər otağı, 2710 kitab fonduna malik kitabxana və idman zalı vardır. Kitabxanada oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb.

Ali Məclisin sədri kitabxanada, kompüter otağında, hərbi kabinədə, laboratoriyalarda, idman zalında və şahmat sinfində olub, birinci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanıb, elektron lövhəli sinifdə 209 təhsil müəssisəsi ilə Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi arasında keçirilən distant dərsi izləyib. Hərbi kabinəyə baxış zamanı qeyd olunub ki, şagirdlərin hərb sənətinə marağı böyükdür. Ötən il bu məktəbi bitirən məzunlardan biri Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunub. Bu il isə iki şagird Heydər Əliyev adına Hərbi Liseyə sənəd verəcəkdir.

Ali Məclisin sədri elektron dərsliklərdən və internetdən səmərəli istifadənin əhəmiyyətini vurğulayıb, kitab mütaliəsinə marağın artırılması və idman dərslərinin keçirilməsinə diqqət yetirilməsi barədə tapşırıqlar verib. Sonra müəllimlər otağında məktəbin pedaqoji kollektivi ilə görüş olub.

Ali Məclisin sədri yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə müəllimləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Gənc müəllim Sahabcan Səfərova yaradılan şəraitə görə məktəbin kollektivi və gənclər adından minnətdarlıq edib, təhsilli və vətənpərvər gənclər yetişdirəcəklərinə söz verib.

Ali Məclisin sədri Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsində aktiv iştirak edən bütün muxtar respublika gənclərinə təşəkkürünü bildirib və onları təbrik edib.

Məktəb binasının həyətində də abadlıq işləri aparılıb, bufet və açıq idman qurğuları istifadəyə verilib.

* * *

Həmin gün Ərəbyengicə kənd mərkəzi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra binada yerləşən təşkilatların fəaliyyəti ilə maraqlanıb.

Bildirilib ki, kənd mərkəzində rabitə evi, polis sahə məntəqəsi, baytarlıq məntəqəsi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, statistika otağı və 56 yerlik zal yerləşir. Kitabxana fondunda 3117 kitab vardır. Burada elektron kataloq sistemi tərtib olunub, ədəbiyyatlar dövrləşməyə uyğun yığılıb, oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb.

Ali Məclisin sədri kənddə əhalinin məşğuliyyəti və yaşayışı ilə maraqlanıb. Ərəbyengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Vüsal Kərimov məlumat verib ki, kənddə əkinçiliyin və heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Hər il sahələrdən bol taxıl, qarğıdalı və bostan-tərəvəz məhsulları yığılır. Yaradılan şərait ailə təsərrüfatlarının inkişafı üçün də geniş imkanlar açıb.

Ali Məclisin sədri yaradılan şəraitdən səmərəli istifadə olunması, statistik qeydiyyatların dəqiq aparılması, bütün növ ödənişlərin poçt vasitəsilə həyata keçirilməsi barədə tapşırıqlar verib.

Kənd mərkəzinin həyəti də abadlaşdırılıb, yaşıllıqlar salınıb.

* * *

Dünən Ərəbyengicə kəndində həkim ambulatoriyası da istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, ambulatoriya 11 otaqdan - baş həkim, stomatoloq üçün kabinə, palata, doğuş, peyvənd, mama, qeydiyyat, səhiyyə maarifi mərkəzi, manipulyasiya, tibb bacısı otağı və aptekdən ibarətdir. Otaqlarda stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, mikroskop, peyvənd və təcili yardım çantaları, eləcə də digər tibbi avadanlıqlar qoyulub, fizioterapiya kabinəsi yaradılıb. Kabinəyə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafin əritmə qazanı və SOLYUKS lampası qoyulub.

İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar yaradılan səhiyyə maarifi mərkəzində maarifləndirici stendlər, müxtəlif məlumat kitabçaları, müayinə və müalicə protokolları qoyulub. Bildirilib ki, Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi zamanı bütün həkim ambulatoriyalarında bu cür mərkəzlərin yaradılması nəzərdə tutulur.

Ali Məclisin sədri səhiyyə maarifi mərkəzində qəbul həkiminin fəaliyyəti üçün lazımi şəraitin yaradılması və tibbi avadanlıqların qoyulması barədə tapşırıqlar verib.

* * *

Həmin gün Ərəbyengicə kəndində xidmət mərkəzi də istifadəyə verilib. Ali Məclisin sədri mərkəzin açılışını etdikdən sonra burada yaradılan şəraitlə maraqlanıb.

Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi və iki anbar yerləşir. Mərkəzdə 6 kənd sakini işlə təmin olunub. Ərzaq mağazasında ailə təsərrüfatı məhsullarından ibarət ayrıca satış bölməsi yaradılıb. Bərbər və qadın saç ustası peşə məktəbində oxuyaraq müvafiq sertifikat alıblar.

Sonra sakinlərlə görüş olub.

Ali Məclisin sədri Ərəbyengicə kəndinin abad kəndlərin sırasına daxil olması münasibətilə sakinləri təbrik edərək imkanlardan səmərəli istifadə olunacağına əminliyini bildirib, sakinlərə firavan həyat arzulayıb.

Kənd sakinləri adından minnətdarlıq edən Səfər Ramazanov deyib: “Bu gün Ərəbyengicə kənd sakinlərinin istifadəsinə abad yaşayış məntəqəsi verilir. Aparılan quruculuq işlərindən sonra kəndimiz qəsəbə görkəmi alıb. Yollarımız abadlaşıb, asfalt örtüyü salınıb. Yeni məktəb binası, kənd mərkəzi, həkim ambulatoriyası və xidmət mərkəzi kəndimizin simasını tanınmaz dərəcədə dəyişib. Dayanıqlı elektrik və qaz təminatı, rabitə xidməti, sürətli internetə çıxış imkanları insanları qayğılardan azad edib. Ərəbyengicə kəndində sakinlərin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Kənd camaatı zəhmətkeş, torpağa bağlı insanlardır. Suyumuz bol, torpaqlarımız məhsuldardır. İstehsal etdiyimiz məhsulları yarmarkalarda rahat satırıq. Bir sözlə, kəndin bütün sosial problemləri öz həllini tapıb”.

 

* * *

Ərəbyengicə kəndində yol infrastrukturu da tamamilə yenidən qurulub. Belə ki, 10,8 kilometr yola asfalt örtük salınıb, 6,7 kilometr yol isə hamarlanaraq qum-çınqıl qatı verilib. Yolun üzərində 25 su keçidi qoyulub, 280 metrlik beton kanal çəkilib. Rabitə sistemi də müasirləşdirilib, 800 metr fiberoptik kabel xətti çəkilib, 9 kilometrə yaxın rabitə xətləri təmir olunub. Kənddə 500 metrlik elektrik və 384 metrlik yeni qaz xətləri də çəkilib, mövcud elektrik və qaz xətlərində bərpa işləri aparılıb.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında