Lənkəran: uğur kitabının parlaq səhifələri

Artıq tarixə qovuşmuş 2017-ci il Lənkəran sakinləri üçün bir çox mühüm ictimai-siyasi hadisələrlə zəngin olub. İşıqlı sətirlər yazıldıqca, 12 ayın 4 fəsildən, 365 səhifədən ibarət uğur kitabı yaranıb. Şəhərin inkişafında, əhalinin həyatında silinməz izlər buraxmış həmin hadisələrin bir çoxunun xoş təəssüratları bu gün də eyni fərəhlə yaşanır, hələ uzun müddət də unudulmayacaq.

Bölgə müxbiri kimi Lənkəranda baş verən yenilikləri diqqətlə izlədiyim üçün ötən il ərzində yaddaş dəftərimə qeyd etdiyim ən xarakterik məlumatları xatırlatmağı lazım bilirəm. Bəri başdan vurğulayım ki, Azərbaycan Prezidenti İlham Əliyevin sentyabr ayının əvvəlində bölgəyə növbəti səfəri Lənkəranda ilin ən mühüm hadisəsi sayılır. Dövlətimizin başçısı 2004-cü ildən bəri bu gözəl diyara 11 dəfə səfər edib. Ölkə rəhbərinin Lənkərana doğma münasibətinin təzahürü olan həmin səfərlərin sayəsində şəhərin həyatında böyük canlanma yaranıb, tərəqqi meylləri güclənib, sanballı uğurlara imza atılıb. Rayonun sosial-iqtisadi və mədəni inkişafı təmin edilib. Minlərlə yeni iş yeri açılıb, geniş abadlıq-quruculuq işləri görülüb.

Dörd ay öncə sevimli rəhbərin Lənkərana etdiyi növbəti səfər də bu şəhərin inkişafına olan yüksək diqqətin növbəti təzahürü kimi tarixə düşüb. Bu səfər bir daha göstərib ki, Lənkəran davamlı inkişaf yolundadır. Səfər çərçivəsində dövlətimizin başçısı “Astaraçay”, “Yaşıl çay”, “Cənub-Aqro” MMC-lərin təsərrüfat sahələrində görülən işlərlə tanış olub. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin, çəltik zavodunun və “Xəzər-Palace” otel kompleksinin açılışlarında iştirak edib. Ertəsi günsə cənab Prezidentin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

Prezident İlham Əliyev bu sahələrin inkişafının perspektiv konturlarını dəqiq müəyyənləşdirib. Dövlət başçısının müşavirədəki nitqi əməli fəaliyyət proqramı xarakteri daşıyıb: “Əgər bu üç sahənin ümumi idxal həcmini götürsək, görərik ki, hər il ölkəmizə 45 milyon dollarlıq çay, 37 milyon dollarlıq düyü, 17 milyon dollarlıq sitrus meyvələri idxal olunur. Bu da təqribən 100 milyon dollar deməkdir. Biz bu ənənəvi sahələri daxili istehsal hesabına inkişaf etdirsək, özümüzü təmin etsək, bu məbləğə qənaət etmiş olarıq. Bu, birinci vəzifədir, birinci mərhələdir. Əsas məsələ ondan ibarətdir ki, biz böyük ixrac potensialı da yaradaq... Bu müşavirə bir daha onu göstərir ki, bizim üçün kənd təsərrüfatının bütün sahələri böyük əhəmiyyət daşıyır. Son vaxtlar görülən işlər və keçirilən müşavirələr, mənim bölgələrə səfərlərim bir daha onu göstərir ki, biz düzgün yoldayıq. Biz qısa müddət ərzində özümüzü təminetmə əmsalını daha da artıracağıq. Azərbaycan öz keyfiyyətli məhsulu ilə dünya bazarlarına daha da böyük həcmdə çıxacaq. Beləliklə, ölkə iqtisadiyyatı çoxşaxəli istiqamətdə inkişaf edəcək”.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov da müşavirədə çıxış edərək sözügedən sahələrin inkişafı ilə bağlı Dövlət proqramlarının aqrar sahədə böyük sıçrayışa səbəb olduğunu vurğulayıb. O deyib ki, Lənkəranda da həmin yöndə önəmli addımlar atılır. Hazırda rayonda 568 hektar çay sahəsi mövcuddur ki, onun da 456 hektarı yeni salınmış plantasiyalardır. Yaxın gələcəkdə çay sahələrini 1000 hektara çatdırmaq və 4 min daimi iş yeri açmaq nəzərdə tutulur. Ənənəvi sahə olan çəltikçilik və sitrusçuluq da yüksəliş dövrünü yaşayır. Bundan başqa, Lənkəranda baramaçılıq da inkişaf etdirilir.

Hazırda sözügedən istiqamətlərdə birgə səylərlə mühüm işlər görülür. Xatırladaq ki, məlum müşavirənin gözəl əks-sədası kimi, dekabr ayında Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə respublikada ilk dəfə çay, çəltik və sitrus festivalı keçirilib. Şəhərin Heydər Əliyev xatirə parkında əsl ümumxalq bayramı gerçəkləşib. İcra başçısı Taleh Qaraşov festivaldakı çıxışında qeyd edib ki, ötən əsrin 70–80-ci illərində respublika səviyyəsində keçirilmiş və ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilərək örnək göstərilmiş ilk məhsul bayramlarına ev sahibliyi etmiş Lənkəranın cənab Prezident İlham Əliyevin ardıcıl diqqəti ilə yenidən inkişaf edib əvvəlki şöhrətli dövrünə qayıtması hər bir lənkəranlı üçün qürurvericidir. Lənkəranın simasını tamamilə dəyişmiş genişmiqyaslı tikinti-abadlıq, mədəni-quruculuq işlərini, məhsul bolluğunu, həyat şəraitinin durmadan yaxşılaşmasını sakinlər sonsuz sevinc və minnətdarlıqla qarşılayırlar. Festivalda cənab İlham Əliyevin ardıcıl diqqəti sayəsində rayonun sosial-iqtisadi inkişafı, sənayenin, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, xüsusilə çayçılıq, çəltikçilik və sirtus meyvəçiliyinin inkişafı sahəsində əldə olunmuş sevindirici nəticələr barədə ətraflı məlumat verilib. Sonra iştirakçılar yerli istehsala aid məhsullarla bəzədilmiş pavilyonları gəziblər. Qonaqlar və festival iştirakçıları üçün yerli təbii məhsullardan ibarət süfrələr açılıb. Çay dəstgahı, 50 növdən çox plov təqdim olunub. Çalışdıqları sahələrdə fərqlənən qabaqcıllara fəxri fərmanlar və qiymətli hədiyyələr verilib, festival rəngarəng konsert proqramları və atəşfəşanlıqla yekunlaşıb...

Onu da xatırladım ki, Azərbaycan Prezidenti İlham Əliyevin Lənkərana sentyabr səfərindən sonra şəhərdəki Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsi məqsədilə Gənclər və İdman Nazirliyinə, həmçinin 20 çoxmənzilli binanın əsaslı təmiri ilə bağlı tədbirlər üçün Lənkəran Şəhər İcra Hakimiyyətinə vəsaitlər artırılması məqsədilə iki sərəncam imzalayıb. Növbəti ayda isə Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə “Azərsu” ASC-yə vəsait ayrılıb. Böyük inam var ki, bununla da “Cənub mirvarisi” Lənkəran daha da gözəlləşəcək.

Uğur kitabının səhifələrini tarixi ardıcıllıqla çevirsək, 2017-ci ilin Lənkəranda savab işlərlə başlandığına şahid olarıq. Belə ki, yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilmiş 9 fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Yeni mənzillərdən 3-ü Qarabağ müharibəsi əlillərinə, 6-sı isə şəhid ailələrinə təqdim olunub.

Bundan bir ay sonra Lənkəran şəhərinin Qala Xiyabanında yerləşən istirahət mərkəzlərindən birində xeyriyyə aksiyası keçirilib. Şəhər rəhbərliyinin sahibkarlara yaratdığı əlverişli şəraitə cavab olaraq, özəl strukturların hesabına rayonda Qarabağ müharibəsi şəhidlərinin övladları üçün doğum günlərini keçirmək ənənəsinə start verilib. Aksiya ilə bağlı şəhid övladlarına üzərində “Biz atanıza əbədi borcluyuq. Haqqı atanız tərəfindən ödənilib” sözləri yazılmış dəvətnamələr göndərilib və ilk olaraq Sütəmurdov kəndindən olan Zöhrə Aftandil qızı İbrahimlinin ad günü məclisi keçirilib.

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdiyi müstəsna rəşadətə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adını almış Əsgər Əliyevin anım mərasimi də bu qəbildən olan tədbirlər sırasında diqqətəlayiq idi. Şəhər rəsmiləri, “N” saylı hərbi hissəsinin zabit və əsgərləri, məktəblilər, ictimaiyyət nümayəndələri Milli Qəhrəmanın öz adını daşıyan parkdakı büstü önündə onu layiqincə yad ediblər. Xatırladaq ki, noyabrda Əsgər Əliyevin doğum günü də eyni urvatla qeyd olunub.

Bu kimi tədbirlər gənclərin yüksək vətənpərvərlik tərbiyəsinə, bilikli vətəndaşlar kimi formalaşmasına müsbət təsir göstərir, onların qəhrəman həmyerlilərinin adına layiq uğurlar qazanmağa ruhlandırır. Gözəl nümunələr də var. Məsələn, ötən il V.Əliyev adına 4 nömrəli humanitrar təmayüllü məktəb-liseyin eksperimental pilot sinflərinin VII sinfində təhsil alan Turan Məmmədli Tailandın paytaxtı Banqkok şəhərində 78 ölkədən yüzlərlə şagirdin iştirak etdiyi 49-cu beynəlxalq kimya olimpiadasında uğurla yarışaraq bürünc medal qazanıb.

Ümumiyyətlə, Lənkəran təhsilinin uğurları az deyil. Şəhər rəhbərliyi təhsilə qayğını, məktəblərin maddi-texniki bazasını genişləndirməyi daim gündəmdə saxlayır. Rayonun 89 ümumtəhsil məktəbində, LDU-da, Lənkəran Dövlət Humanitar və Tibb kolleclərində, Peşə liseyində gənc nəslin təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Dərs ili ərəfəsində bütün məktəblərdə cari təmir işləri yerinə yetirilib, payız-qış mövsümünə hazırlıqla əlaqədar müvafiq tədbirlər görülüb. Bilik Günündə isə Moloja kəndində 7 sinifdən ibarət 100 şagird yerlik əlavə korpusun və Təngivan kənd ibtidai məktəbi üçün 36 yerlik modul tipli yeni məktəb binasının açılması yerli sakinlərin, şagird və müəllim kollektivlərinin sevincinə səbəb olub. Həmin məktəblər zəruri avadanlıqlarla, istilik sistemi ilə təchiz edilib.

Kütləviliyi ilə seçilən və yüksək mütəşəkkilliklə keçirilən tədbirlər sırasında Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan maarifləndirici tur-aksiyaları qeyd etmək olar. Lənkəran rayonunu təmsil edən 40 nəfər yuxarı sinif şagirdi mart ayında aksiya çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarına səfərə gedib. Səfər zamanı onlar həmin rayonların tarixi, mədəniyyəti, təsərrüfat həyatı və təbii-coğrafi mövqeyi ilə tanış olub, həmyaşıdları ilə görüşüblər. Eyni zamanda, Xaçmaz, Quba, Qusar, Tərtər, Ağsu, Qobustan və Ağdaş rayonlarının ümumilikdə 300-dən çox məktəblisi Lənkərana tanışlıq səfərinə gəlib. Tur iştirakçıları buradakı Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi və Bayraq Meydanı ilə tanış olub, rayonun görməli yerlərini gəziblər.

Noyabr ayında isə əvvəlcə Gəncə şəhərinin, Ağstafa, Qazax, Daşkəsən, Samux, Gədəbəy, Şəmkir, Bakının Nəsimi və Yasamal rayonlarının, daha sonra Zaqatala, Balakən, Qax, Yevlax, Şuşa, Zəngilan, Bakının Nizami, Binəqədi, Sabunçu və Nərimanov rayonlarının məktəbliləri və onların müəllimləri Lənkəranda qonaq olub, dörd gün ərzində ən yaxşı istirahət mərkəzlərində dincəliblər. Onlar Hirkan Milli Parkına səyahət edib, Xanbulan kəndində salınmış sitrus meyvə bağları və çay plantasiyaları ilə tanış olublar. Lənkəran şəhərindəki “Qoşa Qala qapıları”, “Mayak” binası, “Dairəvi Qala”, Tarix-Diyarşünaslıq Muzeyi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ev-muzeyi, Gənclər Mərkəzi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Məktəbli qonaqlar, həmçinin Azərbaycan İntellektual Klubu Assosasiyası tərəfindən onlar üçün təşkil edilmiş “Nə, harada, nə zaman?” adlı intellektual oyuna qatılıb, musiqili-əyləncəli tədbirlərdə iştirak ediblər.

Payız günlərində IDEA ictimai birliyinin ağacəkmə təşəbbüsü ölkənin hər yerində olduğu kimi Lənkəranda böyük istəklə qarşılanıb. İctimai birliyin təşəbbüsünə dəstək olaraq Lənkəran ŞİH başçısının tapşırığına əsasən, rayonda kütləvi yaşıllaşdırma aylığı elan olunub. Taleh Qaraşovun, icra aparatının məsul işçilərinin, müxtəlif idarə, müəssisə və təşkilat kollektivlərinin iştirakı ilə şəhərin Heydər Əliyev prospektində, hava limanının qarşısında və magistral yolun kənarlarında növbəti belə aksiyası zamanı 2 minədək dəmirağacı, küknar, xan çinarı və eldar şamı əkilib. Yeni əkilən ağaclar suvarılaraq dayaqlarla bərkidilib... Aylıq başa çatandan sonra da yaşıllaşdırma işləri davam edib. Dekabrın əvvəllərində YAP Lənkəran şəhər təşkilatının təşəbbüsü ilə keçirilən aksiyada çoxsaylı partiya fəalı iştirak edib və 1000-ə yaxın həmişəyaşıl ağac əkilib.

Aztəminatlı ailələr üçün meyvə bağları salınması təşəbbüsü də son dərəcə təqdirəlayiqdir. Noyabr ayında İDEA İctimai Birliyi növbəti belə aksiyasını Lənkəranda keçirib. Təşəbbüsə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FA0) təşkilatı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” ictimai birliyi və “Cavan” Gənclər Hərəkatı da qoşulublar. Rayonun Moğonojba kəndi ərazisində yeni çəkilən Ələt-Astara magistral avtomobil yolunun kənarında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə 2 şəhid ailəsinə və 1 nəfər Qarabağ veteranı olan aztəminatlı ailəyə təqdim olunmuş 2 hektarlıq torpaq sahəsində ekzotik sitrus meyvəsi – feyxoadan ibarət 3 meyvə bağı salınıb. Bağlarda ümumilikdə 1100 ədəd məhsuldar növlü ağacı əkilib.

Bu münasibətlə keçirilən mərasimdə rəsmi şəxslərin, adları çəkilən təşkilatların könüllülərinin, rayon ictimaiyyəti və gənclər təşkilatlarının nümayəndələri qarşısında icra başçısı Taleh Qaraşov çıxış edib. O deyib ki, maarifləndirmə yolu ilə gəncləri ətraf mühitin qorunmasına cəlb etməyi qarşısına məqsəd qoyan IDEA İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, gənc, tanınmış ictimai xadim Leyla xanım Əliyevanın rəhbərliyi ilə geniş fəaliyyət göstərir. Təşkilatın təşəbbüsü ilə ölkədə kütləvi ağacəkmə aksiyaları keçirilir, təmizlik işləri aparılır, nadir heyvan və bitki növlərinin qorunmasına davamlı olaraq qayğı göstərilir. Bu tədbirlərdə Lənkəran rayonunun ictimaiyyəti, xüsusilə gənclər yaxından iştirak edirlər. Hər növbəti tədbirdə minlərlə ağac və gül kolları əkilir, tonlarla kağız tullantısı və istifadə olunmuş plastik qab qalıqları yığışdırılır. Bu kimi tədbirlər gənclərin və yeniyetmələrin ekoloji tərbiyəsi ilə yanaşı, onlarda Vətənə məhəbbət, doğma təbiətə qayğıkeş münasibət formalaşdırır. İcra başçısı feyxoa ağaclarının əkildiyi torpaq sahələrinin mülkiyyət hüququna dair şəhadətnamələri Aprel döyüşləri zamanı şəhid olmuş Rusif Ağayevin atası İbrahim kişiyə, Əlizamin İslamovun anası Hurinisə xanıma və Qarabağ müharibəsi veteranı Səyyad Ağayevə təqdim edib. Sonra qonaqlar və şəhid ailələrinin üzvləri birlikdə ağac əkiblər. Mərasim milli müsiqi sədaları altında gənclərin flaşmob aksiyası ilə sona yetib.

Göründüyü kimi, cənub bölgəsinin mayakı olan Lənkəran artıq ölkə əhəmiyyətli, vətənpərvərlik xarakterli, nümunə ola biləcək tədbirlərin ünvanı kimi də tanınır. Ötən il burada gənc oftalmoloqların respublika konfransı, “İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu” mövzusunda regional konfrans, “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirələr kimi yaddaqalan maraqlı tədbirlərin də uğurla keçirildiyini vurğulamaq olar.

Lənkəran həm turizm məkanı kimi, həm də cənub bölgəsinin mədəni mərkəzi kimi xarici qonaqların maraq dairəsindədir. 2017-ci ildə İsveçrə, Almaniya, Meksika, Yaponiya, Böyük Britaniya və Belorus səfirləri, həmçinin Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitəsinin nümayəndə heyəti, BMT-nin rezidenti gözəl diyara səfərlərindən zəngin təəssürat əldə ediblər.

Bundan başqa, may ayında Avropa İttifaqının Bakı nümayəndəliyinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə burada “Avropa günü” görüşləri keçirilib. Tədbirlərə Avropa İttifaqına üzv olan 15-dən artıq ölkənin səfir və nümayəndələri qatılıblar. Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin sədri xanım Malena Mard bildirib ki, onlar tərəfindən Lənkəran rayonunun sosial-iqtisadi inkişafını dəstəkləyən proqram qəbul olunub və bu əsasda kənd təsərrüfatı ilə yanaşı, kiçik və orta sahibkarlığın inkişafı da nəzərdə tutulub. Bir neçə aydan sonra Lənkəranda həmin proqramın müzakirəsi keçiriləcək. M.Mard həmçinin “Avropa Günü”-nün keçirilməsi üçün göstərilən diqqətə görə Lənkəran şəhərinin rəhbərliyinə minnətdarlığını çatdıraraq deyib: “Birinci dəfədir ki, Lənkərana gəlirəm. Elə ilk təəssüratdan bu diyara vuruldum. Lənkəranın ürəkoxşayan mənzərəsi, könülaçan xoş havası, çimərliyi, dənizi məndə məmnunluq yaratdı. Düşünürəm ki, yaxın aylarda ailə üzvlərimlə birlikdə Lənkərana istirahətə gəlim”.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında