63 illik fəsad aşkar edilərək aradan qaldırılıb

ATU-nun Tədris Cərrahiyyə Klinikasında həkimlər daha bir uğurlu əməliyyat icra ediblər. Lakin ən maraqlısı odur ki, məhz ATU əməkdaşlarının sayəsində düz 63 il əvvəl xəstənin bədəninə girən yad cismi aşkarlamaq mümkün olub.  Bu maraqlı fakt haqqında ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi söbəsinin professoru, tibb elmləri doktoru, Dünya və Avropa  Damar Cərrahları Assosiasiyasının üzvü Məhəmməd Kərimov məlumat verib.

Professor M.Kərimovun sözlərinə görə, xəstə 3 yaşında olarkən yanan təndirə düşüb,  bədəni geniş və dərin yanıq travması alıb. Bundan sonra müxtəlif vaxtlarda uşaqda çoxsaylı cərrahi əməliyyatlar keçirilib və həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib. Sonralar bu şəxs özü də həkim olub və insanların sağlamlığının keşiyində dayanıb.

M.Kərimov deyib: “Son 20 ildir ki, xəstəni sol baldırında olan və bugünə qədər sağalmayan trofiki xoralar ciddi narahat edirdi. Bununla əlaqədar o, müxtəlif ölkələrdə, o cümlədən Türkiyə, Rusiya, İranda dəfələrlə müayinə edilərək müalicə alıb. Ambulator müalicədən başqa, hətta xəstəxanalarda stasionar müalicə də alıb. Bunlara baxmayaraq, bu müalicələrin heç bir effekti olmayıb, -- xora bağlanmayıb”.

Nəhayət, pasiyent ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi söbəsinə müraciət edib. Professor, tibb elmləri doktoru Məhəmməd Kərimov müayinə zamanı ilk baxışda əhəmiyyətsiz görünən kiçik bir detala diqqət yetiib. Sonradan görüblər ki, məhz bu detalın xoranın bağlanmaması sirrinin açılmasında həlledici rolu var. Professor deyib: “Bir-birinə yaxın yerləşmiş xoraların dibi eyni rəngdə, eyni xarakterdə olan, çox qalın ərplə örtülmüşdü. Bu bizdə şübhə oyatdı və sonrakı müayinələr zamanı bunun yad cisim olması qənaətinə gəldik”.

Əməliyyat zamanı doğrudan da xoraların dibində yad cismin olması təsdiqlənib. Məlum olub ki,  63 il əvvəl -- xəstə uşaq ikən yanan təndirə düşəndə onun ayağına batan taxta parçası (10+2mm) hələ də bədənində qalırmış.

Əməliyyatdan bir həftə sonra müayinə zamanı xoraların təmizləndiyi, sağlam qranulyasion toxumanın inkişaf etdiyi müşahidə olunub. Pasiyent isə dözülməz ağrılardan, ağrıkəsici qəbulundan və gündəlik sarğılardan xilas olub.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında