Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Salyan rayonunda qəbul keçirib

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Salyan rayonunda Neftçala, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Vətəndaşların müraciətlərində sosial təminat növlərinə hüququn müəyyən edilməsi, məşğulluğun təminatı, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb edilmə,  bərpa müalicəsinə köməklik göstərilməsi, imtiyazlı kateqoriyalardan olan şəxslərin mənzil və reabilitasiya vasitələri ilə təmin edilməsi, əmək hüquqlarının müdafiəsi, sosial sığorta münasibətləri və digər məsələlər əksini tapıb. Bütün müraciətlər nazirliyin aidiyyəti məsul şəxslərinin iştirakı ilə  obyektiv şəkildə araşdırılaraq cavablandırılıb. Sosial təminat növlərinə hüququn müəyyən edilməsi,  sosial sığorta münasibətləri və s. məsələlərlə bağlı müraciətlər sorğu xarakterli olub və vətəndaşlara qanunvericiliyin müvafiq maddələrinə uyğun izahatlar verilib.

S.Müslümov vətəndaşlarla görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətləri barədə məlumat verib,  əldə olunan uğurların regionların hərtərəfli inkişafına da şərait yaratdığını vurğulayıb. Qeyd edib ki, xüsusilə bölgələrin iqtisadiyyatının əsas hissəsini təşkil edən kənd təsərrüfatı sahələrinin dirçəldilməsi, aqrar sektorun ildən-ilə canlanması kənd yerlərində yaşayan əhalinin məşğulluğunun artırılmasında mühüm rol oynayıb. Təkcə son  iki il ərzində pambıq istehsalının səkkiz dəfə artırılması şəraitində 200 minə yaxın insanın bu sahədə məşğulluğuna, gəlir əldə etmələrinə imkan yaradılıb.  O cümlədən Salyan, Neftçala, Biləsuvar, Cəlilabad rayonlarında aqrar sahələrin inkişafı tədbirləri əhalinin işlə təminatında mühüm irəliləyişlərə yol açıb. Nazir bildirib ki, yeni sənaye parklarının, məhəllələrinin yaradılması da bölgələrin əmək bazarında inkişaf meyllərinə səbəb olur. Keçən il Neftçala rayonunda da Sənaye Məhəlləsinin istifadəyə verilməsi buradakı əmək tutumlu yeni müəssisələrdə 500-ə yaxın insanın işlə təminatına  imkan verib.

Qəbul zamanı müraciətlərdə əksini tapan ayrı-ayrı məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb, 2 nəfər sağlamlıq imkanları məhdud uşağa və 1 nəfər əlilliyi olan şəxsə əlil arabaları verilib. Eləcə də bir sıra şəxslərə müraciətlərinə uyğun olaraq məşğulluqlarının təmin edilməsi üçün yaşadıqları ərazi üzrə vakant iş yerlərinə göndərişlər təqdim olunub. Müraciətlərə əsasən, ayrı-ayrı şəxslərin reabilitasiya vasitələri, o cümlədən protez məmulatlarla təmin edilmələri,  nazirliyin bərpa mərkəzlərində bərpa müalicəsinə, habelə aktiv məşğulluq tədbirlərinə cəlb olunmaları və s. tapşırılıb.

S.Müslümov bu bölgədə də əmək bazarında stabilləşmənin müşahidə edildiyini və məşğulluq mərkəzlərinə iş üçün edilən müraciətlərin 2017-ci ildə əvvəlki illə müqayisədə azaldığını qeyd edib: “Ötən il həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində məşğulluq orqanları tərəfindən bu 5 rayon üzrə 2267  nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunub, 41 nəfər peşə hazırlığına, 70 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub. Özünüməşğullluq proqramı çərçivəsində Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonları üzrə 84 aztəminatlı ailəyə aktivlər (mal və materiallar) alınıb verilməklə onların kiçik ailə təsərrüfatları yaradılıb. Cari il ərzində isə həmin rayonlar üzrə 500-ə yaxın ailənin qeyd olunan proqrama cəlb olunmaqla  kiçik ailə təsərrüfatlarının yaradılması nəzərdə tutulur”.

Cəbrayıl rayonundan olan məcbiri köçkünlərin də müraciətləri diqqətlə dinlənilərək cavablandırılıb, bu müraciətlərdə ifadə olunan məsələlərin həlli ilə əlaqədar konkret tapşırıqlar verilib.  Məcburi köçkünlərin problemlərinin aradan qaldırılması yönündə aparılan işləri diqqətə çatdıran nazir bildirib ki, Azərbaycan ordusunun 2016-cı ilin aprel döyüşlərində qazandığı parlaq tarixi qələbə minlərlə hektar torpağın işğaldan azad olunması ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də təhlükəsiz yaşayışın bərpasına imkan verib. Azərbaycan Prezidenti İlham Əliyevin konkret tapşırıqları əsasında qısa müddətdə böyük bərpa-quruculuq işləri aparılmaqla müasir tələblər səviyyəsində yaşayış infrastrukturunun yaradıldığı Cocuq Mərcanlıda yerli əhalinin aktiv məşğulluq tədbirlərinə cəlb olunması, xüsusən də burada yaşayan ailələrin özünüməşğulluq  proqramında  iştirakına əlverişli şərait yaradılması üçün müvafiq işlər görülür. S. Müslümov deyib ki, bu il Cocuq Mərcanlı kəndindən də bir qrup ailənin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulur.

İmtiyazlı kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzillə təmin olunması ilə əlaqədar müraciətləri cavablandıran nazir bildirib ki, dövlət başçısının xüsusi diqqət və qayğısı nəticəsində bu sahədə işlər ildən-ilə güclənir. Həmin işlər çərçivəsində ƏƏSMN tərəfindən son üç ildə Salyan, Neftçala, Biləsuvar, Cəlilabad rayonlarında   61 ədəd fərdi yaşayış evi inşa etdirilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

Qəbula gələn vətəndaşlar respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, regionlarının sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı sahələrinin dirçəldilməsi və kənd rayonlarında əhalinin məşğulluq imkanlarının artırılması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 

   Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında