Zaqatala: Uğurlar ilbəil artır

Ötən il təkcə fındıq ixracından 125 milyon manatadək gəlir əldə edilib

Ölkənin hər yerində olduğu kimi, Zaqatalada da bu qışın ilk qarı xeyli gec yağdı. Bu gözəl təbiət hadisəsi geciksə də, ağsaqqal, ağbirçəklərin “qar ruzi, bərəkətdir” – el deyimini yada salması gecikmədi.Yüz illərin sınağından çıxmış həmin ifadə həqiqətdir. Amma başqa bir həqiqət də var ki, Zaqatalanın torpağı, bağı-bağçası ruzi, zəhmət adamlarının əli isə bərəkət mənbəyidir. Fikrimizcə, bu da çoxdan sınaqdan çıxmış həqiqətdir. Təkcə 2017-ci ilin sosial-iqtisadi inkişafının miqyasını göstərən fakt və rəqəmlərə nəzər salmaq kifayətdir ki, Zaqatalanın öz bərəkəti olduğu barədə deyilənlərin təsdiqini görək.

Həmin fakt və rəqəmlərin bir çoxuna rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədovla birlikdə nəzər saldıq. Özü də kağız üzərində deyil, bilavasitə real həyatda. Artıq qar kəsilsə də, hava xeyli soyuq idi. Buna baxmayaraq Tofiq müəlimin istəyi ilə şəhərdə xeyli gəzdik. Daha doğrusu, o, Qala düzü pilləkənlərində aparılan bərpa, təmir işləri ilə tanış olmağımızı istədi. Hazırda obyektlərdə abadlıq və təmir işləri davam etdirilir.

Xatırladım ki, ötən il avqustun 3-də Zaqatalada səfərdə olan Prezident İlham Əliyev bu rayonun hərtərəfli potensialını yüksək qiymətləndirərək demişdi: “Ümumiyyətlə, Zaqatala rayonunun çox böyük sənaye, kənd təsərrüfatı potensialı var. Rayonun inkişafına xüsusi diqqət göstərilir. Bu, mənim Prezident kimi Zaqatala rayonuna səkkizinci səfərimdir və hər bir səfər zamanı önəmli obyektlərin açılışında iştirak etmişəm. Burada həm sosial obyektlər, həm sənaye müəssisələri istifadəyə verilib, Zaqatala aeroportu tikilib. İndi aeroportun zolağı uzadılır ki, böyük təyyarələr də enə bilsin. Diaqnostika Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, Olimpiya Kompleksi, məktəblər, zəlzələdən sonra 8 mindən çox ev tikilib, təmir edilmişdir. Yollar salınır, istehsalat sahələri istismara verilir. Tütün fabrikinin yenidən qurulması nəticəsində həm istehsal gücü artıb, həm də indi bu müəssisədə son məhsul istehsalını təmin etmək mümkündür. O cümlədən qızılgül sahəsində də yaxşı inkişaf var”.

Elə Tofiq müəllim də yolbuyu uzanan söhbətində həmin avqust günlərini yada saldı və dedi ki,  cənab İlham Əliyevin ötən ilin avqustunda Zaqatalaya etdiyi səfər rayonda hamının öz işinə daha məsuliyyətlə yanaşmasının başqa bir stimulu olub. Cənab Prezident rayonumuza səfərdən sonra Zaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmirinin həyata keçirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün rayon icra hakimiyyətinə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon, o cümlədən 20 çoxmənzilli binanın əsaslı təmiri üçün 2 milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1 milyon manat vəsait ayrılmışdı. Bununla əlaqədar əsaslı təmir ediləcək binalar müəyyən edilib, “Abad həyət” layihəsi əsasında Sülh küçəsi 1, 3, 9 və 11 saylı 5 mərtəbəli yaşayış binalarının həyətində abadlıq, şəhərin tarixi mərkəzinin bərpası və yenidən qurulması layihəsinin davamı olaraq Füzuli, 28 May küçələrində və Qala düzü pilləkənlərində bərpa, təmir işlərinə başlanılıb. Hazırda obyektlərdə abadlıq və təmir işləri davam etdirilir.

Məsələn, keçən il Zaqatala Rayon Məhkəməsi üçün yeni inzibati binanın, şəhərin Şəhriyar küçəsində Fövqəladə Hallar Nazirliyinin xətti ilə inşa edilən çoxmənzilli yaşayış binasının tikintisi davam etdirilib, Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Aşağı Tala kənd həkim məntəqəsinin tikintisi və Zaqatala Beynəlxalq Hava Limanında əsaslı yenidənqurma işləri başa çatdırılaraq, açılışları edilib. Eyni zamanda, Aşağı Tala kəndində gül yağı istehsalı zavodunun tikintisi aparılıb, Zaqatala telekommunikasıya qovşağının inzibati binasında əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb. Ümumi sahəsi 11 min kvadratmetrdən çox olan 88 fərdi yaşayış evi istifadəyə verilib, sahibkarlar tərəfindən 15,2 milyon manat həcmində yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi aparılıb.

 Dövlət proqramının icrası olaraq rayonda təhsil və məktəbəqədər təhsil müəssisələrinin təmiri, onların maddi-texniki bazalarının gücləndirilməsi istiqamətində də işlər davam etdirilir. Car kənd 2 saylı ümumi orta məktəb binasının yerində 40 şagird yerlik, Höytala kənd ümumi orta məktəb binasının yerində 96 şagird yerlik və Uzunqazmalar kənd ümumi orta məktəb binasının yerində 56 şagird yerlik modul tipli məktəb binaları quraşdırılaraq yeni inventar və avadanlıqlarla təchiz edilib.

Şəhər abadlığına ayrılmış vəsait hesabına Azərbaycan prospektində, F.Əmirov, Şəhriyar, M.Nəzirova, Füzuli, 28 May, E.Ağayev, H.Z.Tağıyev küçələrində, Bayraq dairəsində və Heydər Parkında təmir işləri aparılıb, 5270 kvadratmetr tamet örtüyü, 1267 metr uzunluğunda müxtəlif diametrli borularla yağış sularının kənarlaşdırılması üçün küçə arxları çəkilib, 4550 metr beton səki daşı quraşdırılıb, yaşıllıqların suvarılması üçün 1100 metr uzunluğunda su xətləri çəkilib, yeni işıqlandırma sistemi quraşdırılıb.

Rayonun qeyri-məşğul əhalinin ödənişli ictimai əmək fəaliyyətinə cəlb edilməsi məqsədilə ayrılmış vəsait hesabına 31 çoxmənzilli yaşayış binasında təmir işlərinin aparılması nəzərdə tutulub və bu işlərin görülməsi üçün 147 nəfər işlə təmin olunub. Eyni zamanda, mənzil fondunun istismarı və əhaliyə göstərilən xidmətin yaxşılaşdırılması məqsədilə şəhərin Azərbaycan prospekti 39 və 96 saylı, C.Cabbarlı küçəsində 4 və 6 saylı yaşayış binalarının, ümumilikdə 1596 kvadratmetr dam örtüyü əsaslı şəkildə təmir edilib.

...Artıq rayonda belə bir fikir formalaşıb ki, təbii sərvətlər də, insan resursları da mükəmməl idarəetmə nəticəsində qazanca, səmərəyə, yəni, ruzi-bərəkətə çevrilir. Hamı bilir ki, əldə edilən uğurların təməlində dayanan əsas səbəblərdən biri də məhz rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin ümumi iş üçün bütün qüvvələri səfərbər edə bilməsidir. Məhz onun prinsipiallığı və idarəetmədəki peşəkarlığı sayəsində bu gün Zaqatalada inkişaf etməyən sahə, qurum, struktur yoxdur. Camaatın bu fikrinə qüvvət kimi, köhnə dostumdan eşitdiyim faktı yada salmaq kifayətdir. Fermer dostum danışır ki, rayonda baramaçılığın inkişaf etdirilməsi üçün verilən tapşırıqların icrası prosesində, yəni ötən yaz Mübariz müəllim rayondakı 178 kümçünün hər birinin həyətinə getmiş, onların barama qurdunu bəslədiyi şəraitlə şəxsən tanış olmuşdu. Nəticə isə, artıq hamıya məlumdur və bu barədə aşağıda söz açacağıq.

 Mübariz müəllimin özü isə uğur qazanmaq üçün hər şeyin rayon rəhbərindən asılı olduğunu düşünmür. Onun fikrincə, ölkədə aparılan hərtərəfli islahatlar və icra edilən dövlət proqramları bütün rayonlar kimi Zaqatalanın da sürətli inkişafını təmin edir: “O ki, qaldı konkret ifadə edilən fakt və göstəricilərə, deməliyəm ki, onların da hər biri verilmiş tapşırıqların icrası zamanı əldə edilir. Məsələn, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı  Dövlət  Proqramı”nın  icrasının  üçüncü  ilinin yekunlarına həsr olunan 30 yanvar 2017-ci il tarixli konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aqrar-sənaye kompleksinin inkişafı üçün qarşımızda xüsusi vəzifələr qoymuşdu. 

Düz bir il əvvəl keçirilmiş həmin konfransda verilən tapşırıqların icrası məqsədi ilə RİHB yanında Şuranın iclasında “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq, rayonda ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalının artırılması istiqamətində görülmüş işlər haqqında” məsələ müzakirə edilib, 2017-ci ildə görüləcək işlər müəyyən edilərək şuranın qərarı ilə aidiyyəti qurumlara və fermerlərə müvafiq tövsiyələr verilib. Yəni bütün uğurların təməlində regionların sosial-iqtisadi inkişafına dövlətin göstərdiyi qayğı və diqqət dayanır.

Həmsöhbətim qeyd etdi ki, eyni zamanda, rayonun özündən də xeyli təklif və təşəbbüslər gəlir. Aqrar sektorun bütün incəliklərini bilən savadlı və peşəkar mütəxəssislərimiz, təcrübəli fermer, sahibkar və iş adamlarımız var. Biz aqrar sektorun daha da inkişaf etdirilməsi üçün onların hər birinin təklif və tövsiyələrini dinləyir, müzakirə edir və əksəriyyətinin reallaşdırılmasına kömək edirik. Yəni kənd təsərrüfatı elə bir spesifik sahədir ki, orada torpağın, ağacın, əkin-biçinin dilini bilən adamlar uzun illərin təcrübəsi əsasında ərsəyə gəlirlər. Ona görə də biz onların məsləhətlərindən mütləq yararlanmalıyıq və yararlanırıq.

Xatırladaq ki, Zaqatalada kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri fındıqçılıqdır. Xarici bazarlarda bu məhsulun dəyəri, ona olan tələbat və rayonda kifayət qədər fındıq emalı ilə məşğul olan müəssisələrin mövcudluğu nəzərə alınaraq, sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması məqsədi ilə əhali arasında yeni fındıq bağlarının salınması istiqamətində maarifləndirmə işi aparılıb. Rayonda mövcud olan fındıq bağlarının sahəsinin iki dəfə artırılması ilə əlaqədar müvafiq tədbirlər davam etdirilir.

Fındıqçılığın inkişaf etdirilməsi üzrə rayon gərargahı vasitəsi ilə 2016-cı ilin payızında 1 milyon 700 min ədəd pöhrə tədarük olunmaqla, rayonda fərdi fermer təsərrüfatları tərəfindən 2560 hektar sahədə yeni fındıq bağı salınaraq, ümumi fındıq bağlarının sahəsi 16420 hektara,  2017-ci ildə isə bu göstərici 1732 hektar sahədə yeni fındıq bağları salınaraq rayonda mövcud fındıq bağları artıq 18 min 151 hektara çatdırılıb.

Ötən il bar verən 9571 hektar  fındıq bağından 13 min 422 ton məhsul istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 4512 ton çoxdur. Ümumiyyətlə, 2017-ci ildə rayonda sənaye üzrə məhsul buraxılışı 2016-cı illə müqayisədə 41 faiz artaraq, 149 milyon 430 min manat olub. Bunun da 83 faizini fındıq və fındıq məhsullarının satışından gələn gəlirlər təşkil edir. Belə ki, 2017-ci ildə Zaqataladan fındıq və fındıq məhsullarının ixrac edilməsi nəticəsində ölkəyə 73 milyon dollar və ya 124 milyon 401 min manat vəsait daxil olub ki, bu da əvvəlki ilə nisbətən 37,7 faiz artım deməkdir.

Bitkiçiliyin başqa bir sahəsi olan tütünçülük də Zaqatalada öz əvvəlki şöhrətini qazanmaqdadır. Rayon icra hakimiyyəti başçısının 7 fevral 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2017-ci ildə tütün istehsalı və emalının təşkili ilə bağlı Tədbirlər Planı”nın icrası gözlənilən nəticələri verib. Yeri gəlmişkən, bu sahəni inkişaf etdirmək məqsədi ilə rayonda əsasən ətirli və qiymətli tütün sortları olan “Berley” və “Virciniya”nın yetişdirilməsinə üstünlük verilir. Bu məqsədlə “Azərtütün” MMC-də əvvəlki illərdə istifadəyə verilmiş 60 ədəd odun sobasıyla tütün qurutmaxanası, 5000 kvadratmetr sahəsi olan anbar binası, 7320 kvadratmetr sahəsi olan müasir texnologiyaya əsaslanan şitillik təsərrüfatları tütün istehsalını artırmağa imkan verir.

Rayon rəhbəri qeyd etdi ki, ötən il fermerlər arasında bu sahənin ixrac potensiallı olması barədə geniş maarifləndirmə tədbirləri aparılıb və rayonda proqnozlaşdırılan 700 hektar əvəzinə 743 hektar sahədə tütün əkilərək 891 ton (+363 ton) quru tütün istehsal olunub. İl ərzində Zaqataladan tütün ixrac ediməsi nəticəsində respublikaya 12 milyon dollar və ya 19 milyon 931 min manat vəsait daxil olub ki, bu da əvvəlki illə müqayisədə 67 faiz çoxdur.

Təkrar olsa da, qeyd etməliyik ki, Allah bu diyarı yaradanda torpağın hər qarışına ayrıca bir bərəkət, ruzi yazıb. Elə ona görədir ki, fındıqdan, xurmadan, baramadan, tütündən danışsaq da , torpaqla bağlı olan gəlir mənbələrini sayıb qurtara bilmirik. Məsələn, öyrəndik ki, rayonda üzümçülük və şərabçılıqla bağlı tədbirlərin dəstəklənməsi məqsədi ilə ötən il əlavə 2 hektar sahədə üzüm bağları salınıb. 2017-ci ildə talvar üzümü də daxil olmaqla, 850 ton üzüm istehsal olunub.

Təbii ki, Zaqatalanın bitkiçiliyi barədə danışarkən, çayçılığı da mütləq qeyd etməliyik. Məsələn, deməliyik ki, rayonda mövcud 60 hektar çay plantasiyasında “Zaqatala Çay” MMC tərəfindən aqrotexniki qulluq tədbirləri aparılaraq, çay plantasiyalarının bərpası istiqamətində işlər davam etdirilir. Ötən il rayonda 54,5 ton yaşıl çay yarpağı tədarük edilib.

Qəzetimizin yaydakı saylarında da qeyd etdiyimiz kimi, keçən il Zaqatalada 21 ton barama istehsalı proqnozlaşdırılırdı. Bu məqsədlə rayon üçün ayrılmış olan 420 qutu barama qurdu toxumu mütəxəssis nəzarəti altında bilavasitə rayonun özündə  inkubasiya edilərək əldə olunan barama qurdunun 178 nəfər kümçü ailəsi ilə müqavilə bağlanılmaqla paylanılması təmin edilmişdi. Nəticədə rayonun kümçüləri tərəfindən “Şəki İpək” ASC-yə bir ildə 21,4 ton barama təhvil verilib.

Biz yazının əvvəlində Zaqatalada həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərindən, sonra isə  rayon fermerlərinin və aqrar sahədə çalışan mütəxəssislərin qazandığı uğurlardan danışdıq. Məlum oldu ki, hər iki istiqamətdə böyük nailiyyətlər əldə edilib. Yəni kənd təsərrüfatı sahəsində də, tikinti-quruculuq, abadlıq sahələrində də işlər paralel aparıldığı kimi, uğurlar da paralel şəkildə qeyd edilir.

Bir sözlə, bu gün Zaqatalada elə bir sahə yoxdur ki, o barədə danışarkən, sadalanmalı faktlar arasında seçim etmək zərurəti yaranmasın. Hansı məsələyə münasibət bildirmək istəsən, deyiləsi söz çoxdur. Deyiləsi söz tapa bilməyəcəyimiz bircə məsələ varsa, o da Zaqatalanın təbii gözəlliyidir. Məsələn, bu, Böyük çillənin sonuna doğru gedən qış günlərində Zaqatalada elə bir təbii gözəlliklə üzləşirsən ki, sadəcə , deyiləsi sözün olmur. Çünki bu gözəlliyi hansı epitetlə ifadə etmək istəsən, yenə də fikrini tam dilə gətirə bilməyəcəksən. Yaxşısı budur ki, hörmətli oxucunun özü bu gözəlliklərə şahid olsun.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında