Azadlıq mücadiləmiz hər bir azərbaycanlı üçün qürur mənbəyidir

20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda silsilə mərasimlərlə qeyd edilib. Tədbirlər planına uyğun  olaraq, əvvəlcə rayonun bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi ilə bağlı abadlıq və təmizlik işləri aparılıb. 

Suraxanıda fəaliyyət göstərən sənaye, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində
 “20 Yanvar faciəsi Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir” mövzusunda xatirə tədbirləri təşkil olunub, tam orta məktəblərdə isə rəsm, inşa yazı müsabiqələri keçirilib.

Yaşayış məntəqələrindəki şəhid məzarları və onların xatirəsinə ucaldılan abidələr rayon ictimaiyyəti tərəfindən ziyarət olunub. 

Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına mədəniyyət sarayında Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyətinin və  YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə ümumrayon xatirə tədbiri keçirilib. Mərasimdə rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, Suraxanıdan Milli Məclisə seçilmiş deputatlar, hüquq-mühafizə orqanlarının, sənaye, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri, ictimai təşkilatların nümayəndələri və qonaqlar iştirak ediblər. 

Tədbir 20 Yanvar faciəsində və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev mərasimdə çıxış edərək, bu faciənin Azərbaycanın tarixinə qanla yazıldığını, xalqımızın azadlıq mübarizəsində şərəfli bir səhifə olduğunu söyləyib, faciədən əvvəl baş vermiş hadisələri təhlil edib. Vurğulayıb ki, qanlı hadisənin ertəsi günü xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək mətbuat konfransı keçirib və bu vəhşiliyi qətiyyətlə pisləyib, qətliamın başvermə səbəblərini açıqlayıb, təşkilatçıların, günahkarların adlarını cəsarətlə dünyaya bəyan edib. Məhz ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.

R.Hacıyev daha sonra sovet imperiyasına rəhbərlik edən şəxslərin Azərbaycan xalqına qarşı məkrli siyasəti, xalqımızın düçar olduğu faciənin ağır nəticələri barədə məlumat verib. Qeyd edib ki, həmin gecə xalqımızın azadlığını hər şeydən uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Bu hadisə tariximizin qəhrəmanlıq səhifəsidir, qanlı hadisədən 28 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni heç vaxt unutmayacaq.

1990-cı il yanvarın 19-dan 20-nə ötən gecə keçmiş sovet dövlətinin hərb maşınının xalqımıza qarşı həyata keçirdiyi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq xatırlanır. Milli azadlıq hərəkatı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Mərasimdə YAP rayon təşkilatının sədri Vüqar Seyidov, “Qadın və inkişaf” mərkəzinin direktoru, 20 Yanvar şəhidinin həyat yoldaşı Şövkət Xanməmmədova, Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltan çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəli hadisələrin   müstəqillik mübarizəmizin dönüş nöqtəsi olduğunu bildiriblər.

Sonra Bakı Uşaq Teatrı kollektivinin hazırladığı  azadlıq və qəhrəmanlıq məfkurəsini özündə təcəssüm etdirən “Vətən” adlı tamaşa göstərilib.

Tədbirdən sonra 20 Yanvar Cəmiyyətinin Suraxanı rayon şöbəsinin üzvlərinə ərzaq yardımı göstərilib.

V.BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında