Unudulmayacaq hüzn və şərəf günü

Azərbaycan xalqının hüzn və şərəf günü olan 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı Xətai rayonunda da silsilə tədbirlər keçirilmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarinda xalqımızın qəhrəman övladlarının əziz xatirəsi yad edilmiş, mədəniyyət evlərində və kitabxanalarda faciəyə aid fotosərgilər, məktəblərdə 20 Yanvar mövzusunda ədəbi-bədii gecələr və disputlar təşkil olunmuşdur.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin 20 Yanvar səhifəsini yazanlar və bu zaman şəhid olmuş insanların ailə üzvləri ilə görüş isə, həmişəki kimi, yenə də Xətai Rayon İcra Hakimiyyətində keçirildi.

Tədbiri açan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə, milli tariximizin şanlı qəhrəmanlıq səhifələrindən biri kimi yad edilir. Məhz 20 Yanvardan başlayaraq, Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyünə və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi. Hakimiyyətin mənbəyi sayılan və öz hüquqları uğrunda düşüncəsi, fikri, sözü, həmrəyliyi ilə mübarizəyə qalxmış bir xalq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya cəlladlarının əmri ilə zirehli texnika, silahlı ordu tərəfindən amansızlıqla atəşə tutulmuş, yüzlərlə günahsız insan qətlə yetirilmiş, yaralanmış və əlil olmuşdur.

Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan ümummilli lider Heydər Əliyev imperiyanın paytaxtında təqib və təziyq altında olmasına baxmayaraq, ailə üzvlərilə birlikdə Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş, yüzlərlə xarici mətbuat nümayəndəsi qarşısında bəyanatla çıxış edərək imperiya cəlladlarını sərt ittiham etmişdir.

Toplantıda iştirak edən şəhid ailələrinə başsağlığı verən R.Məmmədov qeyd etdi ki, 1993-cü ildən üzü bəri 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində dövlətimiz tərəfindən mütəmadi tədbirlər görülmüş və bu gün də görülməkdədir. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyur. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir, şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov 1990-cı ildə imperiya ordusunun Bakıda törətdiyi 20 Yanvar cinayətini XX əsrdə totalitarizmin ən qanlı və amansız dövlət terrorları adlandıraraq bildirdi ki, bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli bir qətl idi.

Haqlı olaraq yazırlar ki, o müdhiş günlərdə Heydər Əliyevin – qüdrətli liderin Azərbaycandan kənarda olması hadisələrdə xalqın günahsız övladlarının qanının axıdılmasına gətirib çıxartdı. Bu, zamanın ən böyük həqiqəti kimi dərk olundu. Amma Vətəndən uzaqda olmasına baxmayaraq, xalqının səsinə ilk səs verən də elə Heydər Əliyev oldu.

H.Mirələmov sonda qeyd etdi ki, xalqımız 28 ildir ki, bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda, onlarla qürur duyur. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. Mən qətiyyətlə deyirəm ki, 20 Yanvar şəhidləri azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

Tədbirdə çıxış edən Xətai rayonundakı 20 Yanvar cəmiyyətinin sədri Şakir Azadəliyev və başqaları dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunmalarından razılıqlarını bildirdilər.

Razim Məmmədov tədbirdə iştirak edənlərin qayğıları və problemləri ilə yaxından maraqlandı.

Sonda tədbirdə iştirak edən 10 şəhid ailəsinə və 17 əlilə yerindəcə maddi yardım göstərildi.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında