Azərbaycan Respublikası bu gün öz inkişafının yeni mərhələsindədir. İldən-ilə yeni uğurlar qazanan, iqtisadiyyatı davamlı inkişaf edən ölkəmiz artıq regionda lider dövlətə çevrilmişdir.
Torpaqlarımızın 20 faizdən çoxunun erməni işğalçılarının əsarəti altında olmasına baxmayaraq, Azərbaycanda quruculuq işlərinin tempi ildən-ilə artır, bir milyondan çox qaçqın və məcburi köçkünün həyat şəraiti, sosial vəziyyəti davamlı olaraq yaxşılaşdırılır. Torpaqlarımızın işğaldan azad olunmasını səbirsizliklə gözləyirik və inanırıq ki, ölkə Prezidenti İlham Əliyevin apardığı siyasət yaxın zamanlarda torpaqlarımızın azad olunmasını təmin edəcək. Cənab Prezident Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "2011-ci ildə ordu xərcləri, müdafiə xərcləri 3 milyard dollardan çox olacaqdır... Əminəm ki, Azərbaycanın güclü ordusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz sözünü deməlidir və vaxt gələndə deyəcək".
Torpaqlarımız azad olunandan sonra isə Azərbaycanın bu əraziləri bərpa etmək, məcburi köçkünləri öz yurdlarına qaytarmaq, onların rahat həyat şəraitini təmin etmək üçün kifayət qədər imkanı vardır. Azərbaycan Respublikasında Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik bu işləri yerinə yetirməyə hazırdır.
Qeyd edək ki, beynəlxalq təcrübəyə əsasən, münaqişə baş verən regionlarda bərpa və yenidənqurma işləri beynəlxalq qurumlar tərəfindən yalnız tərəflər arasında sülh sazişi imzalandıqdan sonra maliyyələşdirilir. Azərbaycanda isə işğaldan zərər çəkmiş ərazilərimizin bərpası böyük sülh sazişi olmadan belə BMT və Avropa Birliyi kimi nüfuzlu beynəlxalq təşkilatlar, Dünya Bankı və İslam İnkişaf Bankı kimi böyük maliyyə institutları və müxtəlif saylı donor ölkələr tərəfindən maliyyələşdirilməyə başlanmışdır. Artıq Bərpa Agentliyi "Bərpa Proqramı" işləyib hazırlamışdır. Bu proqramın bir qisminin reallaşması istiqamətində xeyli iş görülmüş, Ağdam, Tərtər, Füzuli, Goranboy, Xanlar, Ağcabədi, Gədəbəy, Qazax, Tovuz, Ağstafa rayonlarında, Naxçıvan MR-in azad olunan ərazilərində əsaslı bərpa işləri həyata keçirilmişdir.
Bərpa Agentliyi sonrakı illərdə ölkəmizdə gedən quruculuq işlərinə dəstək verərək, yeni məktəblərin tikintisində, bir sıra mədəniyyət, təhsil obyektlərinin bərpasında və yenidən qurulmasında, təbii fəlakətlərin qarşısını almaq üçün görülən işlərin reallaşmasında yaxından iştirak etmişdir. Agentlik ötən il də bu işləri davam etdirmişdir. Direktor Əli Məmmədov 2010-cu ildə agentliyin həyata keçirdiyi tədbirlərdən danışaraq bildirdi ki, rəhbərlik etdiyi təşkilat ötən ildə də bir sıra obyektlərin tikintisini, bərpa işlərini davam etdirmişdir. Belə ki, Yardımlı rayonunun Horavar, Honuba, Osnakəran və Ləzir kəndlərində qəzalı vəziyyətdə olan məktəblərin ərazisində yeni məktəb binaları inşa edilmişdir. Müasir tipli bu məktəblərdə gözəl sinif otaqları, müəllimlər otağı, fənn kabinetləri, laboratoriyalar, kitabxana, bufet, idman zalı, holl və s. vardır ki, bu da tədrisin keyfiyyətli aparılmasına imkan verəcək. Məktəblər bütün avadanlıqlarla təchiz olunmuşdur.
Eyni zamanda, məktəblərin ərazisində qazanxana və transformator yarımstansiyası üçün ayrıca otaqlar da tikilmişdir. Bundan başqa Osnakəran, Horavar və Honuba kənd orta məktəblərinin ərazisində 100 kubmetrlik su anbarı, Ləzir kənd ibtidai məktəbinin ərazisində isə iki ədəd 25 kubmetrlik su anbarı, 4 gözlü sanitar qovşağı inşa edilmişdir. Məktəblərin bütün əraziləri hasarlanmış, həyətyanı sahələrində abadlıq işləri aparılmışdır. Yol, səki və meydançalar salınmış, girişlərdə metal darvazalar quraşdırılmışdır.
Əli müəllim Quba rayonunda soyqırım qurbanlarının Qudyalçay çayının daşqın və su sellərindən mühafizəsi üçün aparılan sahilbərkitmə işlərindən də danışdı. O bildirdi ki, agentlik burada 790 metr uzunluğunda sahilbərkitmə qurğuları tikmişdir. Qurğuların tikintisi iki mərhələdə aparılmışdır. Belə ki, yaz-yay aylarında Qudyalçaydan keçən suyun kütləvi məzarlığa göstərə biləcəyi mənfi təsirlərinin qarşısını almaq və əsas sahilbərkitmə qurğularının tikintisini təhlükəsiz aparmaq məqsədilə 800 metr uzunluğunda Qudyalçay məcrasının kanallaşdırılması və uzunluğu 200 metr olan müvəqqəti torpaq bəndin tikilməsi I mərhələdə həyata keçirilmişdir.
II mərhələdə isə ümumi uzunluğu 790 metr, hündürlüyü 5 metr olan beton sahilbərkitmə divarları quraşdırılmışdır. Kütləvi məzarlıq ərazisi ilə çayın dib yüksəklikləri fərqinin 10-12 m olduğu nəzərə alınaraq bu ərazidə sahil yamacının aşınmasının, baş verə biləcək erroziya proseslərinin qarşısının alınması məqsədilə tökmə torpaq dambadan ibarət mühafizə tədbiri yerinə yetirilmişdir. Damba üzərinə 30 santimetr qalınlığında münbit torpaq verilmiş, yaşıllaşdırma və abadlaşdırma işləri aparılmışdır.
Ərazidə 50 kubmetr həcmində beton su hovuzu tikilmiş, yaşıllıqların suvarılması üçün suvarma su sistemi quraşdırılmışdır.
Ötən il agentliyin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının binasında apardığı təmir işlərindən də danışan direktor dedi ki, burada dam örtüyü əsaslı surətdə təmir olunmuş, yeni novalçalar və su axıdan borular quraşdırılmışdır. I və II mərtəbələrin dəhlizlərində köhnə mərmər və parket döşəmələr sökülərək yeni yüksək keyfiyyətli mərmərlə əvəz olunmuşdur. III mərtəbənin dəhlizlərinə isə parket vurulmuşdur. Hər üç mərtəbədə foyelərin döşəmələri və pilləkənlər yüksək keyfiyyətli mərmərlə üzlənmişdir. Bütün sanitar qovşaqları əsaslı surətdə təmir olunmuş, divarlar kafellə, döşəmə isə metlaxla üzlənmiş və müasir avadanlıqlarla təchiz edilmişdir. Emalatxanalarda və dərs otaqlarında taxta döşəmələr, rektorluq yerləşən hissədəki otaqlarda və dəhlizdə parket döşəmələr quraşdırılmışdır. Bütün divarlar yenidən rənglənmişdir. Daxili və xarici işıqlanma müasir tələblərə uyğun aparılmışdır. Su, istilik və kanalizasiya xətləri dəyişdirilmişdir. Həyətyanı sahə abadlaşdırılmış, ağaclar əkilmiş, yollar və səkilər asfaltlanmışdır.{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.