İsmayıllı lövhələri

Regionların inkişaf dinamikası

 

 

 

 

 

 

 

 

 

 



İsmayıllı rayonunun inkişafı məni sevindirir. Mən Prezident kimi İsmayıllı rayonunda dəfələrlə olmuşam. Şadam ki, İsmayıllı sürətli inkişaf dövrünü yaşayır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


“İsmayıllı” toponiminin elə də təmtəraqlı bir elmi izahı yoxdur. Həftəran çökəkliyində başdan-başa bataqlıq və sucaq ərazidə yerləşən İsmayıllı şəhəri vaxtı ilə orada olan Aşağıbaş İsmayıllı və Yuxarıbaş İsmayıllı kəndlərinin tədricən böyüyərək birləşməsi nəticəsində yaranıb. Beləliklə də, İsmayıllı toponimi, əslində, ilkin olaraq “sumeyilli”, “sumayıllı” formasında meydana gəlib və sucaq ərazidə olan yaşayış məntəqəsi mənasını ifadə edib.

 

Dönüb keçmişə baxanda

 

Mən 1969-cu ildə orta məktəbi bitirəndə İsmayıllı hələ şəhər adı almamışdı. Bu, 1974-cü ildə –mən ali məktəbi bitirən ildə baş verdi. Yəni, 44 ilin şəhəri olan İsmayıllının sağında, solunda isə insanlar hələ çox-çox qədim zamanlardan məskən salıblar. Arxeoloqların son tədqiqatlarına əsasən İsmayıllının yaxın çevrəsində əcdadlarımız ən azı 300 min il bundan öncə məskunlaşıblar. Antik və erkən orta əsrlər dövründə isə bu yerlərdə həyat daha da intensivləşib. Rayon ərazisində aşkar olunmuş çoxsaylı arxeoloji abidələr hələ 2000-2500 il öncə burada kifayət qədər inkişaf etmiş şəhər mədəniyyəti elementlərinin mövcudluğundan xəbər verir. Tarixi inkişafın sonrakı dönəmlərində hərbi-siyasi və iqtisadi kataklizmlər nəticəsində həyatın sönmüş olduğu ilkin yaşayış məskənlərinin əvəzində Basqal, Mücü, Lahıc, Tircan, Talıstan, Macaxı kimi yeni iri yaşayış məntəqələri meydana gəlmişdir. Rayon ərazisindəki VII-VIII əsrlərin yadigarları olan Cavanşir qalası, Xanəgah, Qız Qalası, Fit qalası, Niyal qalası, çoxsaylı digər möhtəşəm orta əsr qalaları, dini tikililər və xatirə abidələri ulu babalarımızın qürurundan, hünərindən, onların mənəvi dünyasından xəbər verir. İsmayıllı nadir rayonlardandır ki, onun ərazisində iki tarix və mədəniyyət qoruğu fəaliyyət göstərir. Həmin qoruqların əhatə etdiyi Lahıc və Basqal qəsəbələri Azərbaycanın orta əsr şəhər mədəniyyətinin bu günümüzədək gəlib çatan və yaşamaqda davam edən bariz nümunələridir. Bir sözlə, İsmayıllı ulu öndər Heydər Əliyevin dediyi kimi, “böyük tarixə və böyük ənənələrə malik bir rayondur”.

 

Əsrarəngiz gözəlliklər diyarı

 

İsmayıllını məşhur edən təkcə yerli sakinlərin deyil, elə gələnlərin, gedənlərin də könlünü ovsunlayan bu yerlərin əsrarəngiz təbiətidir. Unudulmaz şairimiz Səməd Vurğun özünün məşhur “Talıstan” poemasında bu yerləri görün, necə vəsf edib:

...Bu yurdun havası, suyu sərindir,

Keçdiyim dərələr göydən dərindir.

Baxdıqca insanın gözü qaralır,

Şair olmayan da xəyala dalır.

Zaman-zaman kükrəyib daşan, belə anlarda sahilində yaşayan insanları vahiməyə salan, əslində isə həyat və enerji mənbəyi olan gursulu çayları, şəfalı bulaqları, məhsuldar çölləri, səfalı yaylaqları, yaşıl yamacları, sıx meşələri, ormanlar içində sürətlə boy atan, böyüyən və günü-gündən daha da abadlaşan, son illər isə sözün əsl mənasında, respublikamızın mühüm istirahət mərkəzlərinə çevrilməkdə olan kəndləri İsmayıllını istər yerli, istərsə də əcnəbi qonaqlar və turistlərin dillər əzbərinə çevirib. Şahdağ milli parkının da, bilənlər bilir, bilməyənlər də qoy bilsinlər ki, əhəmiyyətli bir hissəsi İsmayılı rayonunun ərazisinə düşür. Dövlət qayğısı, insan nəvazişi xariqələr yaradır bu yerlərdə. Min illər boyu yaranan, formalaşan təbii landşaftı sanki günü-gündən daha əlvan və cazibədar olur. Ərazinin lap yaxın keçmişə qədər qayğısızlıq, diqqətsizlik, xüsusən də bəzi tamahgir insanların istehlakçı münasibəti ucbatından məhv olmaq təhlükəsi qarşısında qalan fauna və florası sürətlə törəyib, boy ataraq, yeni növrağını yaşamaqdadır. Bu yerdə yenə də dahi Səməd Vurğunun misraları yada düşür:

Burda ağ suların xoş nəsiləsi

Hər budaq üstündə
                              bir quşun səsi...

Top, tüfəng səsləri batandan bəri

Gəzir qayalarda dağ keçiləri.

Ən çətin vaxtlarında
ulu öndər Heydər Əliyev ismayıllıların yanında olub

İsmayıllı ötən əsrin 70-ci illərinədək özünün iqtisadi göstəricilərinə görə respublika rayonları içərisində sonuncu yerlərdə dururdu. Zəngin potensialı və ənənələri olmasına baxmayaraq, təşkilatçılıq və idarəçiliyin bərbad halda olması ucbatından istər heyvandarlıq, istərsə də bitkiçilik sahəsində nəinki inkişaf hiss olunmurdu, əksinə nəticələr ildən-ilə daha da pisləşməkdə davam edirdi. Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən az sonra bütün rayonlar kimi, İsmayıllıda da, sözün əsl mənasında, sürətli inkişaf və yüksəliş dövrü başlandı. Məhz ulu öndərin xeyir-duası ilə rayon rəhbərliyinə gətirilən olduqca bacarıqlı, işgüzar, tələbkar və qərarlarında son dərəcə prinsipial olan Tamara xanım Hümbətovanın qətiyyəti və təşkilatçılğı sayəsində iki il ərzində İsmayıllı bir çox göstəricilər üzrə respublikada qabaqcıllar sırasına çıxdı. T. Hümbətovanı əvəz edən mərhum Qəşəm Aslanovun rəhbərliyi dövründə ismayıllılar əvvəlki iki il ərzində əldə etmiş olduqları nailiyyətləri daha da artırdılar.

 Təsərrüfatın sürətlə inkişaf etdiyi, rayon mərkəzi və kəndlərin tədricən öz simasını dəyişməyə başladığı bir vaxtda–1981-ci il noyabr ayının 30-da İsmayıllıda güclü zəlzələ baş verdi. Çoxsaylı evlər, ictimai binalar dağıldı, infrastruktur, demək olar ki, tamam sıradan çıxdı. İnsanlar hələ bu dəhşətli fəlakətin şokunda ikən ulu öndər İsmayıllıya gəldi, dağıntı yerləri ilə şəxsən tanış oldu, çıxılmaz durumda olan insanlara, ailələrə ürək-dirək verdi, onların itkilərinin tez bir zamanda aradan qaldırılması məqsədilə müvafiq dövlət orqanlarına tapşırıqlar verdi. Hesab edirəm ki, bu fakt ulu öndər Heydər Əliyevin bir dövlət xadimi kimi, hər zaman xalqının sevincinə, kədərinə də şərik olduğunu təsdiqləyən bariz bir nümunədir.

Təbiidir ki, o zaman məhz Heydər Əliyevin tapşırığı və birbaşa nəzarəti sayəsində İsmayıllı şəhərinin və dağıntıya məruz qalmış digər yaşayış məntəqələrinin yenidən tikilməsi, qurulması istiqamətində çox ciddi addımlar atıldı. Rayon, sözün əsl mənasında, nəhəng bir tikinti meydançasına çevrildi.Ardı-arası kəsilmədən rayon üçün göndərilməkdə olan çox böyük həcmdə tikinti materiallarının və digər yüklərin Müsüslü dəmir yolu stansiyasında vaxtında daşınmasının özü zərbəçi işə çevrilmişdi.

80-ci illərin əvvəllərinədək İsmayıllının yalnız Qaraməryəm istiqamətindən bir əsas giriş-çıxışı vardı. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə o illərdə həyata keçirilən iri layihələr çərçivəsində İsmayıllı-Muğanlı yolu çəkildi, İsmayıllı-Qəbələ yolu əsaslı şəkildə yenidən quruldu, Ağsuçay, Girdimançay, Ax-Ox və Göyçay çayları üzərində müasir körpülər salındı. Bütün bunlar İsmayıllının gələcək illərdə daha sürətli və intensiv inkişafına çox güclü təkan oldu.

 

Prezident İlham Əliyevin diqqət və qayğısı

 

Rayon partiya komitəsində və rayon qəzetində işlədiyim dövrdə birinci katib hər dəfə Bakıya, plenum və dövlət tədbirlərinə İsmayıllı şəhərinin su təchizatı və kanalizasiya probleminə dair arayışla gedərdi. Şəxsən mənim tərəfimdən hazırlanan həmin arayışların qısaca məzmunu belə idi ki, İsmayıllı şəhəri sucaq ərazidə olduğundan burada qurunt suları çox üzdədir. Bu səbəbdən bütün binaların zirzəmilərinə su dolur, bu da antisanitariya və epidemiyaya yol açır. Məlum olduğu kimi, o zaman belə iri tutumlu layihələri beşillik plana daxil etmədən icra etmək qeyri-mümkün idi. Bu iş isə birbaşa Moskvanın nəzarətində idi. Odur ki, birinci katib hər dəfə Bakıya ümidlə getsə də, rayona, necə deyərlər əliboş qayıdardı. Yadımdadır, bu işi yoluna qoymaq üçün hətta qeyri-rəsmi yollara da əl atılırdı. Bu məqsədlə Moskvada, SSRİ Dövlət Plan Komitəsində məsul vəzifədə çalışan bir erməniyə tanışları vasitəsilə dolu zənbillər də yollandı, amma yenə də alınmadı.

Bu gün bir İsmayıllı ziyalısı olaraq çox böyük məmnunluq və fəxarət hissi ilə deməyi özümə borc bilirəm ki, rayonumuzun içməli su və kanalizasiya problemi artıq möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qısa zaman kəsiyində həll olunub. Özü də son illər həllini tapan təkcə İsmayıllı şəhərinin su və kanalizasiya problemi deyil. Rayonun kənd və qəsəbələrində də bu istiqamətdə çox ciddi layihələr həyata keçirilməkdədir. Göyçay çayı üzərində inşa olunmuş “İsmayıllı –1” və “İsmayıllı– 2” su elektrik stansiyaları, rayon mərkəzində fəaliyyətə başlayan velosiped zavodu,tikiş və xalça fabrikləri, “Bədo” Bərpa Mərkəzi Sanatoriya –Kompleksi bu qəbildən olan iri layihələrdir. Ölkə Prezidentinin ötən ilin oktyabrında eyni gündə Lahıcla bağlı imzalamış olduğu üç mühüm sərəncamı xüsusi olaraq qeyd etmək istərdim. Mətbuatdan bəlli olduğu kimi, həmin sərəncamlar Şamaxı rayonunun Dəmirçi kəndindən Lahıca avtomobil yolunun çəkilməsi, Lahıc qəsəbəsinin qazlaşdırılması və qəsəbədə 400 nəfərlik yeni məktəb binasının tikintisi barədədir. Lahıc əhalisi ən azı yüz illərdir ki, bu sahədəki problemlərdən əziyyət çəkirdi. Görün, qeyd olunan Prezident sərəncamlarının icrası nəticəsində Lahıca getmək, orada yaşamaq, təhsil almaq, yerli və əcnəbi turistləri qəbul etmək, onları yerləşdirərək nümunəvi istirahətini təmin etmək necə də asanlaşacaqdır.

Ölkə Prezidenti 2016-cı ildə İsmayıllıya səfərindən dərhal sonra rayon mərkəzindəki 26 hündürmərtəbəli yaşayış binasının təmiri üçün üç milyon manat vəsait ayırdı. Həmin vəsait hesabına o binaların dam örtüyü təzələndi, fasad və giriş qapıları təmir olundu, səkilər salındı, asfalt örtüyü vuruldu, məhəllələrdə yaşıllıqlar salındı. Mərkəzi rayon xəstəxanasının binası da məhz ölkə Prezidentinin xüsusi tapşırığından sonra əsaslı surətdə təmir olunaraq və ən müasir tibbi avadanlıqlarla təchiz edilib sakinlərin istifadəsinə verildi. Bununla da, rayon sakinləri müalicə və diaqnostika məqsədilə ətraf rayonlara getmək məcburiyyətindən qurtulmuş oldu.

Quşencə rayonun ən iri, həm də daha çox problemi olan kəndlərindən biri hesab olunur. M. Qorbaçovun üzümçülük və şərabçılıqla bağlı bədnam qərarınadək Quşencə kəndinin geniş sahələri əhatə edən gözəl üzüm bağları vardı. Özü də onlar yeni salınmış bağlar idi. Kəndin ərazisində iki nəhəng emal müəssisəsi vardı. Həmin zavodlardan birində spirt və şərab, digərində isə meyvə şirələri istehsal olunurdu. Xatırladaq ki, o illərdə İsmayıllı rayonunda 13 min hektardan çox yeni üzüm bağları salınmışdı. Ümumi istehsal gücü təqribən 150 min ton olan yeddi şərab zavodu və iki şirə zavodu fəaliyyət göstərirdi. Üzümçülük və şərabçılıq sahəsi rayona fantastik həddə gəlirlər gətirirdi (indi təsəvvür edin, görün, Qorbaçov özünün üzümçülük və şərabçılıqla bağlı bir sərsəm qərarı ilə təkcə İsmayıllı rayonuna nə qədər ziyan vurub).

Həmin müəssisələri işlədənlər, onların fəaliyyətinə “nəzarət” edənlər, bütövlükdə rayonun yüksək çinli məmurları 80-ci illərin ortalarından etibarən respublikada idarəçiliyin pozulması, özbaşınalıq və hərc-mərcliyin tüğyan etməsindən sui-istifadə edərək, cəmi bir neçə il ərzində üzümçülükdən gələn gəlirlər hesabına o ki var, özlərini tutdular. İlboyu üzüm bağlarında tər tökən, emal müəssisələrinə min tonlarla məhsul verən Quşencə sakinlərinin problemləri isə həll olunmamış qaldı. Təsəvvür edin, 3 min nəfərdən çox sakinin içməli suya olan ümidi kəndin mərkəzindəki yeganə bulaq idi. Quşencənin başından ayağınadək vedrəsini, səhəngini, bidonunu götürən o bulağın üstünə gedərək orada saatlarla növbə gözləyirdi. Nə sovet dövləti, nə də Quşencənin vəzifəli və imkanlı şəxsləri ağbirçək anaları, həyadan yanaqları qıpqırmızı yanan qız-gəlinləri illər uzunu davam edən bu zillətdən qurtarmaq yolunda addım belə atmayıblar. Yenə də bütün savab və minnətdarlıqlar möhtərəm cənab Prezidentimiz İlham Əliyevin ünvanınadır. Məhz ölkə Prezidentinin xüsusi tapşırığı əsasında ötən ildən başlayaraq “Azərsu” Səhmdar Cəmiyyəti tərəfindən Quşencəyə içməli su xətti çəkilməkdədir. Layihənin icrası cari il ərzində başa çatdırılacaqdır.

 

İqtisadi imkanlar artmaqda davam edir

 

2017-ci ildən başlayaraq İsmayıllı rayonunun büdcəsi ilk dəfədir ki, mərkəzdən maliyyələşdirmə deyil, özünümaliyyələşdirmə əsasında formalaşıb. Bildiyimə görə, bu, respublika rayonları içərisində də ilk nümunələrdən biridir. Rayon rəhbərliyinin özündə cəsarət taparaq belə bir addım atması, sözsüz ki, hər şeydən əvvəl, ötən illər ərzində bu istiqamətdə qazanılmış təcrübə və yaradılan iqtisadi potensial əsasında mümkün olub.

Xatırladaq ki, İsmayıllıda sənaye və xidmət sahələrinin sürətli inkişafı ilə paralel aqrar bölmənin göstəriciləri də durmadan artmaqdadır. Respublikanın ən iri taxılçılıq rayonlarından olan İsmayıllıda dalbadal üçüncü ildir ki, 100 min tondan çox taxıl istehsal olunur. Əvvəllər təkcə İvanovka hər hektardan 45-50 sentner məhsul götürürdüsə, indi digər kəndlərdən olan fermerlər də məhsuldarlıq yarışında ön sıralarda gedirlər. Diyallı kəndi ərazisində 4 hektarlıq sahədə giləmeyvə istehsalı məqsədilə salınmış istixana, Kürdmaşı kəndində yaradılan geniş imkanlara malik aqropark, meyvə-tərəvəz məhsullarının çeşidlənməsi və qablaşdırılması müəssisəsi, 3 min tonluq soyuducu anbar, Keyvəndi kəndində istifadəyə verilmiş 1500 başlıq müasir heyvandarlıq kompleksi, ənənəvi, həm də olduqca gəlir gətirən təsərrüfat sahələri olan tütünçülüyün və baramaçılığın bərpası, geniş sahələrdə kartof yetişdirilməsinin sənaye üsuluna keçməsi, arıçılıq təsərrüfatının inkişafı, ayrı-ayrı kəndlərin ərazisində yeni salınmış min hektarlarla üzüm, meyvə, fındıq, qoz bağları da rayonda gəlirin lap yaxın gələcəkdə sürətlə artacağından xəbər verir.

İsmayıllı əvvəlki illərdə olduğu kimi, bu gün də respublika bazarlarına ən çox heyvandarlıq məhsulları göndərən rayonlar sırasındadır. İsmayıllı fermerlərinin istehsal və tədarük etdiyi bal, pendir, quş əti, dərman bitkiləri, meyvə və tərəvəz, neçə-neçə kənd təsərrüfatının digər məhsulları bazarlarda brend mal kimi qarşılanır.

 

Şəhər yenidən tikilir, qurulur

 

Son illərədək İsmayıllı şəhərinin cəmisi bir əsas küçəsi vardı. Rayonda rəhbərlik yenilənəndə hər dəfə o küçədə müəyyən kosmetik təmir aparılırdı. Amma son bir neçə ildə rayon mərkəzinin demək olar ki, bütün küçələri əsaslı şəkildə təmir olunaraq abad hala gətirilib. Məsələn, M. Orucov küçəsi son vaxtlaradək nəinki maşınlar üçün, hətta piyadalar üçün də keçilməz idi. Oradakı bütün evlər, ictimai binalar, hasarlar yenidən tikildi, quruldu, yeni dizaynda tərtib olundu, dam örtükləri təzələndi, yol asfaltlandı, müasir işıqlandırma sistemi quraşdırıldı. Heydər Əliyev prospekti, Nizami Gəncəvi, M.F. Axundov, Ərəstun Mahmudov, Rəşid Mahmudov, Cavad Məmmədov, Cavanşir, Səməd Vurğun, Ü. Hacıbəyov küçələri də başdan-başa abadlaşdırılıb, piyada səkiləri tikilib, işıqlandırma sistemi qaydaya salınıb. Ümumilikdə yaxın keçmişdə nəqliyyatın və piyadaların hərəkəti üçün çətinlik yaradan 92 küçənin 61-i tam olaraq abadlaşdırılıb, asfaltlanıb, ehtiyac olan yerlərdə kiçik körpülər qurulub. Şəhərin Yuxarıbaş adlanan hissəsindəki kvartalların qaz, işıq və su təchizatı ilə bağlı problemləri həmişəlik olaraq qaydaya salınıb.

İsmayıllı bazarı qarşısındakı bataqlıq və yolsuzluq insanları neçə illər idi ki, narahat edirdi. Rayon rəhbərliyinin təşəbbüsü ilə qısa zaman kəsiyində daxili imkanlar hesabına orada yaradılan “Saat meydanı” indi şəhərin abad məkanlarından biri hesab olunur. Q. Aslanov küçəsində tikilmiş 140 yerlik, Təbriz küçəsində əsaslı təmir və yenidənqurmadan sonra 100 yerliyə çatdırılmış uşaq bağçası, Heydər Əliyev prospektində tikilməkdə olan üçulduzlu beşmərtəbəli otel binası da İsmayıllı şəhərinin memarlıq görkəminə yaraşıq verən obyektlərdəndir.

Kəndlərin illərdən bəri yığılıb qalan sosial problemlərinin həlli yolunda da diqqət çəkən işlər görülüb. İsmayıllı–Qaraməryəm magistral yolunun və rayon mərkəzindən Göytəpə, Qalınçaq, Ruşan, İvanovka, Hacıhətəmli və Mollaisaqlı istiqamətində olan daxili yolların yenidən qurulması və asfaltlanması, körpülərin təmiri və yenilərinin tikintisi, Basqal, Diyallı, Tircan, İstisu, Xanəgah, Qurbanəfəndi, Çayqovuşan, Sumağallı və digər yaşayış məntəqələrinin qazlaşdırılması, kəndlərdə çoxsaylı yeni mədəni-məişət obyektlərinin fəaliyyətə başlaması bütövlükdə rayonun sosial mənzərəsində olan yeniliklərin yalnız bir hissəsidir. Müsbət haldır ki, yeni yaranan iqtisadi potensialdan maksimum səmərə ilə istifadə edən ismayıllılar son illər həyata keçirilən bu layihələrin bir çoxunu, o cümlədən genişmiqyaslı abadlıq və quruculuq işlərini bilavasitə rayonun daxili imkanları hesabına görməkdədirlər.

 

“Yol iqtisadiyyatdır, mədəniyyətdir”

 

İsmayıllı son illər respublikanın ən çox turist axını olan rayonlarından birinə çevrilib. Təbiidir ki, turist axınını şərtləndirən amillər var. Bunlardan birincisi İsmayıllının ecazkar təbiətidir. Rayonun zəngin, həm də son dərəcə al-əlvan fauna və florası, ekoloji cəhətdən təmiz ərzaq səbəti insanları daha çox özünə cəlb edir. Rayon ərazisindəki tarixi yerlər, möhtəşəm orta əsr qalaları və nadir təbiət abidələri də həmçinin. Sözsüz ki, müvafiq, həm də münasib infrastukturun mövcudluğu da əsas şərtlərdəndir. Bu cəhətdən İsmayıllının dilbər guşələrində fəaliyyət göstərməkdə olan otellər və istirahət məkanları da hər kəsin ürəyincədir.

Burada kiçik bir haşiyə çıxaraq, onu da demək istərdim ki, lap yaxın keçmişdə payız-qış mövsümündə rayonlarımızda bircə gecə qonaq qalmaq üçün isti bir ictimai məkan tapmaq çətin idi. İndi, maşallah, hansı rayona getsən, çoxsaylı seçim imkanı var. Müasir beşulduz otellərdən tutmuş nisbətən daha əlverişli qiymətlərlə təklif olunan qonaq evlərinədək, nə istəsən var.

Bu sözləri yol infrastrukturu barəsində də demək, bizcə, yerinə düşərdi. İndi Bakıdan Şamaxı–İsmayıllı istiqamətində olan yol olduqca ürəkaçandır. Maşınlar bu yolla rahat-rahat şütüdükcə sürücü və sərnişinlərə bir şey qalır, o da belə rahat yol çəkənlərə dua etmək, atalarına rəhmət oxumaq. Sağ olsun, var olsun çox hörmətli Prezidentimiz cənab İlham Əliyev! Şəxsən Prezidentimizin diqqət və qayğısı sayəsində indi Azərbaycanın bütün rayonlarını paytaxtla birləşdirən müasir yollarımız var. Görün unudulmaz şairimiz Osman Sarıvəlli necə də sərrast deyib: “Düz yollar çəkmək üçün düz əllər gərəkdir”. Ulu öndər Heydər Əliyevin yollarla bağlı dillər əzbəri olan məşhur bir kəlamı var: “Yol iqtisadiyyatdır, mədəniyyətdir”.

Söz mədəniyyətindən düşmüşkən onu da deyim ki, İsmayıllı camaatı hər zaman təhsilə, elmə, ədəbiyyata və mədəniyyətə olan xüsusi sevgi və istedadı ilə fərqlənib. Elə bunun göstəricisidir ki, İsmayıllı çoxsaylı tanınmış ziyalıları olan rayonlardan hesab edilir. Rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovun özünün elm adamı olması son illər rayonda bu sahəyə olan diqqət və marağın daha da artmasına bir növ təkan olub. Görkəmli elm və mədəniyyət xadimlərinin iştirakı ilə keçirilən görüş və tədbirlər, bu qəbildən olan insanların yubileyinin və yaradıcılıq gecələrinin təşkili, İsmayıllının tarixindən, mədəniyyətindən və iqtisadi həyatından bəhs edən yeni kitabların geniş təqdimatı, rayon sakinlərini maraqlandıran elmi konfrans, diskussiya və seminarların keçirilməsi buna sübutdur. Basqalda doğulan məşhur riyaziyyatçı-alim, akademik Maqsud Cavadovun, uzun illər İvanovka kəndində təsərrüfata rəhbərlik etmiş Sosialist Əməyi Qəhrəmanı Nikolay Nikitinin, Əməkdar mədəniyyət işçisi Aşıq Yanvar Bədəlovun, Azərbaycan xalqı tərəfindən çox sevilən və oxunan şair Musa Yaqubun, Basqaldan olan yazıçı–publisist, müəllim Miryavər Hüseynovun 85 illik, Lahıcın xalça ustası Gülgəz Seyfullayevanın, Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun yubileyləri rayon səviyyəsində böyük ehtiramla qeyd olunub. Lap bu yaxınlarda isə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun layihəsi əsasında etnoqraf alimlər tərəfindən işlənən və yenicə çapdan çıxan “Basqal” monoqrafiyasının akademiyamızın görkəmli alimlərinin iştirakı ilə keçirilən təqdimatı olub.

 

Kadrlar çox şeyi həll edirlər

 

Sovet dönəmində “Kadrlar hər şeyi həll edirlər” şüarı çox dəbdə idi. Əlbəttə, bu deyimdə kadrların rolu məsələsi həqiqətən bir qədər şişirdilmişdi. Amma bununla belə kadrların çox şey həll etdiyini də danmaq olmaz. Ən azı ağlımız kəsəndən bəri kiçik kənd məktəbindən tutmuş ölkə rəhbərliyinə qədər hansı vəzifəli şəxslərin necə qurub-yaratdığını da, əksinə, hansı rəhbərlərin necə dağıdaraq viran qoyduğunu da görmüşük. Mənim orta məktəbi bitirməyimdən keçən 50 il ərzində İsmayıllıda 12 rəhbər (ancaq birinci şəxslər nəzərdə tutulur) dəyişib. Onların içərisində bacarıqlısı, işgüzarı, qurub-yaradanı, ədalətli və mərhəmətli olanı da olub, rayonun qayğıları ilə məşğul olmayan, ətrafında qoçu dəstəsi saxlayan, vəzifədən yalnız şəxsi məqsədlər üçün istifadə edən, respublikanın aidiyyatı dövlət qurumları ilə əlaqə qurub məsələ həll etmək qabiliyyəti və istəyi olmayan təsadüfi şəxslər də olub. Aradan illər, on illər ötsə də, İsmayıllı camaatının qəlbində həmin şəxslərlə bağlı çoxsaylı xatirələr qalmaqdadır. Sadəcə xatirələr fərqlidir. Kimini bacarıqlı, işgüzar və qurucu, kimini də etibar olunmuş vəzifədən şəxsi mənafeyi üçün istifadə edən təsadüfi kadr kimi.

“Xalqın gözü tərəzidir”,– deyiblər. Başqa sözlə, insanlar hər zaman yaxşı ilə pisə fərq qoyublar. Mən yuxarıda İsmayıllının keçmiş rəhbərlərindən  Tamara Hümbətova və Qəşəm Aslanovun ümumi şəkildə olsa da, yaxşı işlərini xatırlatdım. Amma heç nə ilə yadda qalmayan, yaxud da başdan-başa mənfi obraz kimi xatırlanan rəhbərlərimiz də olub. Hərəkətləri və hərəkətsizlikləri ilə rayonda idarəçiliyə və iqtisadiyyatın inkişafına ağır zərbə vuran, qohum və yaxın adamlarının özbaşınalıq etdiyi, necə deyərlər, at oynadan rəhbərlər də olub. Acı təəssüf hissi ilə deməliyəm ki, yerində olmayan təsadüfi və səriştəsiz rayon rəhbərlərinin işdə yol verdikləri səhvlər və sui-istifadə halları üzündən İsmayıllı zaman-zaman çox itkilərə məruz qalıb. Bu sıradan Nizami Ələkbərov İsmayıllının sonuncu icra başçısı oldu. Məhz onun rəhbər olduğu dövrdə rayonda yaranmış qeyri-sağlam mənəvi-psixoloji mühit yerli əhali tərəfindən etirazlara səbəb oldu. Baş verənlər ondan xəbər verirdi ki, nə Ələkbərov, nə onu himayə edənlər, nə də icra başçısının özünün himayə etdiyi insanlar Prezident İlham Əliyevin yüksək çinli məmurlara xitabən söyləmiş olduğu “məmur xalqın xidmətçisi olmalıdır” sözlərinin məna yükünü sona qədər dərk edə bilməmişdilər. Təbiidir ki, bütün bunların nəticəsi olaraq ölkə Prezidenti tərəfindən həmin kadrlar barədə lazımi ölçülər götürüldü. Əfsuslar olsun ki, hər zaman pusquda durub fürsət gözləyən pozucu qüvvələr o zaman məmur-vətəndaş münasibətlərində yaranmış vəziyyətdən sui-istifadə edərək rayonda sabitliyi pozmağa cəhd etdilər. Lakin ölkə rəhbərliyinin operativ və qətiyyətli müdaxiləsi rayon ictimaiyyətinin Azərbaycan dövlətinə və şəxsən dövlət başçısına olan sonsuz inamı və məhəbbəti sayəsində vəziyyət tezliklə normal məcraya qaytarıldı.

İsmayıllıda az qala hər kəsin özünü və nəslini yaxşı tanıtdığı, hörmət etdiyi iqtisadçı alim, professor Mirdamət Sadıqovun ölkə Prezidentinin 14 fevral 2013-cü il tarixli sərəncamı ilə icra hakimiyyətinin başçısı təyin olunması bütövlükdə rayon ictimaiyyətinin ürəyindən xəbər verən bir təyinat oldu. O gündən bəri icra başçısının qapısı hər kəsin üzünə açıqdır. Camaatın psixologiyasını və rayonun potensialını yetərincə yaxşı bilməyinə baxmayaraq, o, demək olar ki, hər bir məsələ ilə bağlı ağsaqqallarla, gənclərlə, mütəxəssislərlə məsləhətləşməyi, onların da fikrini və mövqeyini öyrənməyi lazım bilir. Bu, icra başçısı kimi onun iş üslubunu səciyyələndirən başlıca məqamlardan bəlkə də birincisidir.Çox zaman evdən işə, işdən də evə piyada gəzə-gəzə, yolda rastlaşdığı insanlarla hal-əhval edə-edə, aidiyyatı qrumlara və vəzifəli şəxslərə verilmiş tapşırıqların necə icra olunduğunu gözucu da olsa nəzərdən keçirə-keçirə getməyə üstünlük verir. Deyir ki, bu, onun həm sağlamlığı üçün, həm insanları daha yaxından tanıması üçün, həm də rayon əhalisinin əhval-ruhiyyəsini, qayğı və problemlərini öyrənərək, gündəlik işi daha səmərəli qurması üçün lazımdır. İcra başçısının ölkə Prezidentinin vəzifəli şəxslər qarşısında qoyduğu tələblərə uyğun olaraq sərgilədiyi belə sadə, həm də ziyalı davranışının nəticəsidir ki, İsmayıllı bu gün həm də vətəndaş-dövlət münasibətlərinin son dərəcə səmimi, mehriban və işgüar məcrada inkişaf etməkdə olduğu rayona çevrilib. Sözsüz ki, son illər ismayıllıların bütün sahələrdə əldə etmiş olduğu uğurların mayasında həm də rayonda hökm sürən belə bir xoş mənəvi-siyasi ab-hava durur. İnanırıq ki, rayonda səfərbərlik, mütəşəkkillik, həmrəylik mühiti yaratmış olan bu xoş mühit ismayıllıların qarşıdakı illərdə də yeni-yeni uğurlar əldə edəcəyinə zəmin olacaqdır.

Qafar CƏBİYEV,
Azərbaycan Respublikasının Əməkdar jurnalisti,
tarix elmləri doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında