YAP Nəsimi rayon təşkilatında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi

20 Yanvar faciəsindən 28 il keçir. Adama elə gəlir ki, bu hadisələr sanki dünən baş verib. O dəhşətli gün hər birimizin yaddaşına əbədi həkk olunub. Hər il bu faciənin ildönümü ərəfəsində respublikamızın hər yerində anım mərasimləri keçirilir, istiqlaliyyət, azadlıq yolunda canlarını qurban verən şəhidlərimizin ruhuna dualar oxunur, ehsan süfrələri açılır.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi ilə birlikdə keçirilən anım mərasimini YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı açdı.

Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra M.İbrahimqızı faciə barəsində ətraflı  məlumat verdi. Bildirdi ki, ötən əsrin son onilliyində dünyada baş verən böyük siyasi dəyişikliklər SSRİ adlanan imperiyadan da yan keçməmişdir. Bu böyük dövlətin əsarətdə saxladığı digər xalqlar kimi, Azərbaycan xalqı da tarixi ədaləti bərpa etmək, müstəqil yaşamaq istəyirdi. Artıq imperiyanın boyunduruğundan təngə gəlmiş xalq azadlıq, istiqlaliyyət uğrunda haqq səsini qaldırmağa, ərazilərimizin Ermənistan dövlətinə bağışlanmasına dözməyərək, ayağa qalxmışdı. Kremli qorxuya salan da elə bu idi. Azərbaycan kimi yağlı tikəni əldən vermək istəməyən sovet hökuməti xalqın istəyinin qarşısını almaq üçün totalitar rejimə məxsus olan yolu seçdi. Bu, Azərbaycan xalqının rəyini nəzərə almayaraq, onu əzib keçmək, başqa respublikalarda da baş qaldırmaqda olan azadlıq, müstəqillik istəklərinə zərbə vurmaq yolu idi. Bu məqsədlə milli münaqişə zəminində böyük nifaq yaradılmasına əl atıldı. Kommunist rejimi "sapı özündən olan baltaların" müraciəti ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun birləşmələri yeritdi və misli görünməmiş qırğın törədildi: “Dinc əhaliyə misli görünməmiş divan tutuldu, əliyalın insanlara  hətta qadağan olunmuş silahlardan atəş açıldı. Günahsız insanların, azadlıq aşiqlərinin qanı axıdıldı. SSRİ imperiyası, sözün həqiqi mənasında, istədiyinə nail olmaq üzrə idi. Azərbaycanın kommunist rəhbərlərinin hərəsi bir tərəfə qaçdı. Dünənə kimi meydanlarda qəhrəmanlıqdan danışan azadlıq hərəkatının önünə düşənlər xarici ölkələrə qaçdılar. Faciənin miqyası və qəddarlığı xalqı təşvişə salmış, çoxlarını qorxutmuşdu. Lakin bu təşviş və qorxu uzun sürmədi”.

M.İbrahimqızı dedi ki, qanlı hadisənin ertəsi günü ulu öndər Heydər Əliyev həyatını riskə ataraq, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi, faciəni törədənləri, şəxsən Mixail Qorbaçovu kəskin tənqid etdi.

Təşkilat sədri bildirdi ki, 1990-cı il yanvarın 21-də Heydər Əliyevin Moskvada etiraz səsini ucaltması xalqımızın mübarizə əzmini artırmış, birliyini və həmrəyliyini möhkəmlətmişdir: “Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi”.

Deputat diqqətə çatdırdı ki, ulu öndərin Vətənimizin azadlığı uğrunda canlarından keçən vətəndaşlarımızın xatirəsinin əbədiləşdirilməsi, 20 Yanvar şəhidlərinin ailələrinin, bu hadisələr zamanı əlil olmuş vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunması istiqamətində əsasını qoyduğu dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu istiqamətdə hər il anım mərasimləri keçirilir, faciə qurbanlarının sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır. Dövlətimizin başçısı tərəfindən  şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım edilməsi barədə müxtəlif fərman və sərəncamlar imzalanıb.

M.İbrahimqızı dedi ki, şəhidlərimizə, Qarabağ əlillərinə göstərilən diqqət və qayğıdan söhbət düşəndə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanizm prinsipləri mütləq qeyd olunmalıdır.

Natiq qeyd etdi ki, Azərbaycan xalqı öz şəhidlərini nəinki unutmamış, əksinə, onların qəhrəmanlıqları yaddaşlara həkk olunmuşdur. Dövlətimiz inkişaf etdikcə, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə olan diqqət və qayğı da artır: “Bu gün Azərbaycan öz inkişafı ilə, dünyada qazandığı nüfuzla düşmənə layiqli cavab verir. Biz 2016-cı ilin Aprel döyüşlərində də bunun şahidi olduq. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Düşmən əsarətində olan ərazilərimiz Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin rəhbərliyi ilə gündən-günə mətinləşən ordumuz tərəfindən azad olunacaq və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq”.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri, YAP ərazi ilk təşkilatının sədri Anar Quliyev, ADU-nun prorektoru, YAP ərazi ilk təşkilatının sədri Sərraf Hüseynov, 20 Yanvar şəhidinin qızı Sevinc Ağayeva və digərləri 20 Yanvar faciəsindən söhbət açaraq, bu günün müstəqillik tariximizə əbədi həkk olunduğunu, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Sonra şəhid ailələrinə sovqatlar verildi, müvafiq yardım edildi.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında